"Qarabağdan ağıllı istifadə etsəydik, indi bizim idi” - Millət vəkili






"Sosial şəbəkələrdə Azərbaycana qarşı çağırışlar ifadə olunursa, mütləq mövqe ortaya qoyulmalıdır”.

Bunu "Sherg.az”a "Facebook”da peyda olan özünü "Azərbaycanşünas” kimi təqdim edən Aşot Movsisyan adlı erməni haqqında danışarkən millət vəkili Fazil Mustafa deyib. 

O bildirib ki, həmin erməni Azərbaycanın təbliği, ermənilərin etdiyi ədalətsizlikdən məlumat verilirsə, sosial şəbəkədə yayılmasının ziyanı yoxdur:

"Seçim etmək lazımdır. İnsanlar şüursuz deyillər. Sosial şəbəkədə qarşımıza erməni çıxıb, azərbaycanlıların haqlı olduğunu deyirsə, belə etirafı kim bəyənməz?

Yox, əgər türklərə, Azərbaycana qarşı düşmənçiliyin davam etdirilməsindən söhbət gedirsə, təbii ki, sərt mövqe sərgiləməliyik. Ümumiyyətlə, əks-təbliğatları qadağan etmək əlimizdə deyil və insanların bir məsələyə münasibətini qadağalarla müəyyən etmək çox çətin məsələdir. Marağımıza uyğun olan sözü erməni, rus, ingilis, yaxud başqa millətin nümayəndəsi deyirsə, niyə bundan imtina edək?

Amma marağımıza zidd fikirlər varsa, onun dəstəklənməsi, təbliğatı aparılırsa, üzərinə getmək lazımdır. Sosial şəbəkədə yazılan hansısa yazını susdurmaq imkanına malik deyilik. Amma ayrı-ayrı şəxslər dövlətimizə, bayrağımıza qarşı hücuma keçirsə, həm ictimai, həm də hüquqi müstəvidə mübarizə aparmaq lazımdır. Bu baxımdan məsələni dramatikləşdirməyin tərəfdarı deyiləm”.

Deputatın sözlərinə görə, Azərbaycanın lehinə səsləndirilən fikirlər ermənilərin hiyləsi olsa belə, bunu öz lehimizə istifadə edə bilərik:

"Hətta dövlət səviyyəsində ölkədə 30 min erməni olduğu açıqlanır. Bu, bizim üçün lazım olan addımlardan biridir. İmtina etmək imkanımız yoxdur. Biz ya hədsiz inkarçıyıq, ya da bilib-bilmədən kor-koranə ibadət edənlərdənik. Amma dünya reallığı belə deyil, nədən ağıllı istifadə edə bilirsənsə o sənindir. Hətta torpaqdan belə. Qarabağdan ağıllı istifadə etsəydik, indi o bizim idi”.

Qeyd edək ki, son günlərdə feysbuk sosial şəbəkəsində özünü "Azərbaycanşünas” kimi təqdim edən Aşot Movsisyan adlı bir erməni peyda olub. Azərbaycan dilində statuslar yazan, açıqlamalar verən bu məxluq ilk görünüşdə "xalq diplomatiyasından”, "bəşəri dəyərlərdən” yazan, "haqq-ədalət” uğrunda mübarizə aparan biri kimi görünsə də, əslində sətiraltı, bəzən isə sətirüstü mənalarda birbaşa Ermənistanın maraqlarını müdafiə etməklə məşğuldur.

Aysel Aslan