Qarabağlı xanəndələr Ağadadaş Ağayevin açıqlamasını sərt qarşıladılar

Təkcə Üzeyir bəyin adını çəkmək yetərlidir...






"Muğamda Qarabağ yolu var, ancaq Qarabağ məktəbi yoxdur və olmayıb” deyən xalq artisti Ağadadaş Ağayevin açıqlaması ciddi etirazla qarşılanıb. Qarabağlı xanəndələr bu fikrin yanlış olduğunu qeyd edərək Ağadadaş Ağayevə cavab veriblər. Xalq artisti Nəzakət Teymurova A.Ağayevin sözlərinə etiraz edib: "Üzeyirin doğulduğu torpaq elə məktəbdi də. Ordan kimlər çıxmayıb ki? Seyid Şuşinski, Xan Şuşinski... Elə hazırda Seyid Şuşinskinin yolu ali məktəblərdə dərs cədvəlində istifadə olunur. Bu bəs deyil? Ağadadaş Ağayevin bunu necə dediyini anlaya bilmirəm.

Amma fakt fakt olaraq qalır. Bunu onun özü ilə dəqiqləşdirin, görün niyə belə deyib? Qarabağ ifaçılarının diskləri bütöv xarici ölkələrə yayılıb. Ağadadaş bəy maarifləndirici adamdır, o, sözü birdən-birə deyə bilməz. Nəyə əsaslanıb, belə deyib? Etirazım onadır ki, illərdir Qarabağ məktəbi var, bunun sübuta ehtiyacı yoxdur. Elə deyirsə, onun bildiyi o qədərdir. Mən nə deyim? Fikir, söz azadlığı var. Amma bir az tarixə nəzər salsa, görərsiniz ki, bu belədir”.

N.Teymurova bildirib ki, Qarabağda muğam məktəbləri olub: "Qarabağda məktəb olub. Qarabağdan niyə çox ifaçılar çıxır? Uzağa getməyim, özümdən danışım. Mənim hələ anamın səsi olub. Elə səslər var ki, onlar bir boğaz oxuyan kimi bilirsən ki, bu, Qarabağ məktəbinin yetirməsidir. Məktəb isə Seyid əminin yoludur. Bakılısı, şəkilisi, qarabağlısı da eyni oxuyur. Yəni bu belədir”.

Xalq artisti Arif Babayev də Ağadadaş Ağayevin qalmaqallı açıqlamasına sərt münasibət sərgiləyib: "Ağadadaşa böyük hörmətim var. Bilmirəm niyə belə həssas məsələyə bu qədər yanlış yanaşmaq istəyib. Onun bu fikri təbii ki, etirazla qarşılanmalıydı. Çünki muğamın beşiyi Qarabağdı. Qarabağ xanəndələri muğamın yaranmasında hər biri iz qoyub. Üzeyir Hacıbəylinin adını çəkmək yetərlidir ki, Qarabağ muğam məktəbi barədə fikir formalaşsın. Ağadadaş çox böyük bir səhvə yol verib ki, belə bir açıqlama verib. Qarabağ muğam məktəbi var, o məktəbin böyük tarixi var, bu gün də Qarabağ muğam məktəbindən bəhrələnirlər. Bu həqiqəti danmaq olmaz. 

Üzeyir Hacıbəylinin yaradıcılığı bütünlükdə Konservatoriyadır. Mən Ağadadaşı bu günlər görmürəm ki, bu barədə bir böyük kimi ona nəsihət verib, məsləhətimi çatdırım. Əminəm ki, o da dediyi sözdən peşmandı. Bəlkə də düşünmədən, ani olaraq belə bir açıqlama verib. Amma səhv deyib. Qarabağ muğam məktəbinin Cabbar, Xan, Seyid Şuşinski kimi xanəndələri olub. Onların hər biri muğam məktəbidir. Bilirsiz, hər zaman Qarabağ, Bakı, Şirvan muğam məktəbləri ilə bağlı müzakirələr olub. 

Amma bir dəyişməz tarix var ki, Qarabağ muğamın beşiyidir. Necə ki, İtaliyanı musiqinin beşiyi sayırlar, Qarabağ da muğamımızın aynasıdı, beşiyidi. Ağadadaş Ağayev böyük səhvə yol verib. Mənə elə gəlir ki, o, bu səhvini düzəltmək istəyər. Bəlkə də fikrini düzgün ifadə edə bilməyib. Yox əgər düşünürüksə, Qarabağ muğam məktəbi yoxdu, bu, kökündən yanlışdır. Bunu qəbul edə bilmərik. Ən azı Qarabağ muğam məktəbinin yetirmələri var ki, onların əməyinə, muğam sənətinə haqsızlıq olar”.

Əməkdar artist, Milli Konservatoriyanın dosenti, Qarabağ muğam məktəbinin yetirməsi Təyyar Bayramov da "Şərq”ə açıqlamasında Xalq artistinin bu fikrinə münasibət bildirdi: 

"Ağadadaş Ağayevə hörmətlə yanaşıram. Böyüyümüzdü. Amma bu fikrə subyektiv münasibətim ola bilər. "Qarabağ muğam məktəbi yoxdur” fikri ilə razılaşa bilmərəm. Çünki Qarabağ məktəbi tarixən olub. Bu gün Azərbaycan muğam məktəbinin formalaşmasında, inkişafında Qarabağ muğam məktəbinin böyük rolu, izi olub. Yəni Qarabağ muğam məktəbi Azərbaycan muğam məktəbinin təməlini təşkil edir. Bu gün Milli Konservatoriyada tədris olunan proqram var ki, bu proqramın hazırlanmasında bir çox böyük sənətkarların əməyi olub. Təbii ki, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin müstəsna xidməti olub ki, muğam dərsliyi hazırlanıb. Əvvəl çoxşaxəli muğam sistemi olub ki, təkrarçılıq aradan qaldırılıb və dərslik vəsaiti olaraq daha təkmilləşmiş şəkildə muğam dərsliyi hazırlanıb. 

Mən Azərbaycanı bölgələrə bölməyin qətiyyən əleyhinəyəm. Azərbaycan klassik muğam məktəbi var. Təbii ki, bu məktəb özündə Qarabağ, Bakı, Şirvan muğam məktəblərini birləşdirir. Muğamın bir kökü var. Amma Qarabağ muğam məktəbinin öz çalarları, rəngi, üslubu, digər bölgələrin də özünəməxsus çalarları var. Bir real tarixi də qəbul etmək lazımdır ki, Qarabağ muğam məktəbinin beşiyi sayılır. Muğam məktəbinin təməli Şuşada qoyulub. 

Bu gün bütünlükdə Azərbaycanın muğam məktəbi paytaxtda birləşərək dünyaya səs sala bilib. Amma Qarabağ muğam məktəbinin elə sənətkarları var ki, onların Azərbaycan muğamının formalaşmasında, sistemləşməsində, bu günə gəlib çatmasında müstəsna xidmətləri var. Üzeyir Hacıbəylinin simasında bir çox Qarabağ muğam məktəbinin tanınmış simaları var ki, onların muğamımıza olan töhfələrini qeyd etmək vacibdi. Cabbar Qaryağdı, Seyid Şuşinskidən üzü bu günümüzə qədər Qarabağ muğam məktəbində izini qoyan xanəndələrimiz var ki, onların hər biri ayrılıqda bir məktəbdi. 

Bu gün Arif Babayevin, Mənsum İbrahimovun Azərbaycan muğamına verdiyi töhfələr danılmazdı. Hər biri bir məktəbdi. 

Qarabağ muğam məktəbinin hər bir ifaçısı tərzi, üslubu ilə seçilir. Şirvan muğam məktəbinin də ifaçıları öz çalarları ilə fərqlənir. Bu baxımdan hər biri ayrıca bir məktəbdi. Mən bilmirəm Ağadadaş müəllim niyə belə bir açıqlama verib. Amma Azərbaycan klassik muğam məktəbi bu gün Milli Konservatoriyada sistemli şəkildə birləşərək Azərbaycan muğam məktəbini təqdim edir. Amma bu o demək deyil ki, Qarabağ muğam məktəbi yoxdur. Bu, yanlış bir yanaşmadır. Qarabağ muğam məktəbi var, bu həqiqəti danmaq haqsızlıqdı, bu məktəbin öz üslubu, çalarları digərlərindən dərhal fərqlənir. 

Qarabağ muğam məktəbinin ustad xanəndələri Cabbar Qaryağdı, Seyid Şuşinskinin əməyini danmaq olmaz. Onların hər biri ayrılıqda bir məktəb olub. 

Şirvan muğam məktəbinin nə qədər böyük sənətkarları var. Alim Qasımov kimi böyük sənətkarımız var ki, dünyaya muğam ifası ilə səs sala bilib. Hər bir bölgənin özünəməxsus ifaçıları var. Məktəb odur ki, hər birinin bir yolu, izi, mövqeyi olur. Konservatoriyada dərs zamanı da ifaçının avazından hansı məktəbin yetirməsi olduğunu duymaq mümkündür. Oxuyan kimi bilirsən ki, Şirvan muğam məktəbinin, ya Qarabağ, Bakı muğam məktəbinin üslubu var. İfa tərzi, üslub özünü göstərir. Mən bir də qeyd edirəm ki, bölgələrə bölmədən Azərbaycan muğam məktəbini təmsil edirik. Onu da xüsusilə qeyd edək ki, Azərbaycan muğam sənətinin sistematik şəklə salınması, nota köçürülməsi, dərslik vəsaiti olaraq hazırlanmasında Üzeyir Hacıbəylinin müstəsna rolu var”.

Tahirə