Qaraçuxur məscidi qisasın qurbanı olub




İlham İsmayıl: "Olabilsinki, PKK-çılarhəminməscidə toplananadamlarınsimasındaİŞİD-innümayəndələrinigörürlər”

AzərRəşidoğlu: "PKKterrorçularınınbuhadisə ilə bağlı olması xəbəribirqədərşişirdilib”

FazilMustafa: "QaraçuxurməscidiniyandıranşəxsinPKK-çı olması təəccüblü deyil”

Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları ötən həftə Qaraçuxur məscidini yandırmağa cəhd edən Namiq Nəsibov və Elnur Ələkbərovu həbs edib. İstintaq N.Nəsibovun PKK terrorçu təşkilatının nəzarətində olan Kobaniyə gedərək döyüşlərdə iştirak etdiyini müəyyənləşdirib.

Kobanidən Azərbaycana qayıdan N.Nəsibov E.Ələkbərovla birlikdə PKK-nın qeyri-rəsmi qolunu, "Yekbun” təşkilatını yaradıblar. PKK üzvlərinin öz əməllərini xaricdən aldıqları sifariş əsasında, yoxsa özlərinin planlaşdırdıqları dəqiq məlum deyil. Mümkündür ki, bu hadisəni törətməkdə əsas məqsəd Azərbaycanda onsuz da həssas olan məzhəblərarası münasibətləri daha da gərginləşdirmək, qarşıdurma həddinə çatdırmaq olub. İndiki halda hüquq-mühafizə orqanlarının hadisəni törədənləri ifşa etməsi müsbət hadisə olsa da, istənilən halda bu hadisələr bir daha Azərbaycanda terror təhlükəsinin, xüsusən də dini zəmində gərginliyin yüksək olduğunu göstərir.

"Məscidin yandırılması İŞİD-in Kobaniyə hücumunun qisasıdır”

Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, MTN-in sabiq polkovniki İlham İsmayıl deyib ki, Qaraçuxur məscidinin yandırılması İŞİD-in Kobaniyə hücumunun qisası ola bilər: "Son vaxtlar Qaraçuxur məscidi daha çox radikalların toplaşdığı yerə çevrilib. Ola bilsin ki, PKK-çılar həmin məscidə toplanan adamların simasında İŞİD-in nümayəndələrini görürlər. Fikrimcə, hadisəni dini yox, məhz milli təəssübkeşlikdən törədiblər. Ona görə də bu cür adamları nəzarətsiz buraxmaq olmaz. Suriyaya istər döyüş, istərsə də ideoloji hazırlığa gedib qayıdan adam Azərbaycan üçün potensial terrorçudur”.

Azərbaycanın olimpiadaya hazırlaşdığını xatırladan ekspertin sözlərinə görə, islamçılar arasında Avropanın Azərbaycana geniş miqyasda ayaq açmasını istəməyən qüvvələr perspektivdə terror törədə bilərlər: "Eurovision” ərəfəsində kiçik miqyaslı hədələrin, qorxular olması da bununla əlaqəli idi. Ona görə də hesab edirəm ki, Azərbaycanda terror hədəsi artan xətt üzrə inkişaf edə bilər. Yəqin ki, hökumət, dövlət bunu nəzərə alır”.

"Hadisə müəmmalarla doludur”

"Tolerant” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Azər Rəşidoğlu məscidin yandırılması olayının müəmmalarla dolu olduğunu hesab edir. Onun fikrincə, əgər bu konkret terror hadisəsi olsaydı, insanların çox olduğu bir zamanda həyata keçirilərdi: "Burada anlaşılmayan məqamlar çoxdur. Hadisə araşdırıldığı üçün konkret fikir söyləmək istəməzdim. Məncə, PKK terrorçularının bu hadisə ilə bağlı olması xəbəri bir qədər şişirdilib. Ehtimal ki, yaxın zamanlarda sələfi, xəvaric, digər təkfirçilərə qarşı ciddi əməliyyatlar həyata keçirilə bilər. Bu baxımdan sözügedən hadisə radikalları sakitləşdirməyə hesablanmış addım kimi də qəbul oluna bilər”. A.Rəşidoğlunun fikrincə, ölkədə terror təhlükəsini artıran amillər Azərbaycanın Rusiya və digər qonşu ölkələrin qıcığına səbəb olan addımlar atmasıdır: "Azərbaycanda terror təhlükəsi həmişə mövcud olub və bu gün daha realdır. Azərbaycan Rusiya və digər qonşu ölkələrin qıcığına səbəb olan addımlar atır. Bu amillər terror təhlükəsini artırır. Terror aktları baş verərsə, ölkədə xaos yaşana bilər”.

"PKK üçün müqəddəs dəyər anlayışı yoxdur”

Millət vəkili Fazil Mustafa da öz "feysbuk” profilində məsələyə münasibətini bildirib. Deputatın sözlərinə görə, Azərbaycanda PKK-nı rəsmi qaydada terrorçu təşkilat kimi tanımaq və onun mümkün strukturlarına qarşı mübarizə aparmaq fürsəti yaranıb: "Qaraçuxur məscidini yandıran şəxsin PKK-çı olması təəccüblü deyil. Çünki bu terror təşkilatı üçün müqəddəs sayılan bir şey yoxdur. Guya kürd xalqının maraqlarını təmsil etdiyini iddia edən bu qurumun militanları Türkiyədə kürd uşaqlarının oxuduqları məktəbi yandırırlar ki, bu uşaqlar savadsız böyüsünlər və PKK üçün əsgər olsunlar. Yəni onların öz xalqının gələcəyinə yanaşma tərzi budur. Təəccüblüsü odur ki, bir neçə dəfə həmin şəxsin PKK simvollarını sosial şəbəkədə təbliğ etməsi, müxtəlif çağırışlar səsləndirməsi bugünədək müvafiq qurumların diqqətindən yayına bilib. Biz elə adamlara qarşı mübarizə aparmalıyıq. Amma bu addımı Türkiyənin xətrinə etdiyimizi düşünməməliyik. Çünki Türkiyə hökuməti ilə PKK lideri Öcalan arasında əvvəlki vaxtlardan fərqli xeyli mehriban münasibətlər mövcuddur. Biz bunu öz təhlükəsizliyimizin təminatı üçün etməliyik. Bu gün məscidi yandıranların sabah hansı addımlar atacağını proqnozlaşdırmaq çətin deyil”.