Qərb Qarabağ münaqişəsinin həllinə əngəl törədir
Ermənistan xarici dəstəyini itirdikdən sonra Qafqazda Azərbaycanla tək üz-üzə qalacaq
Ötən gün Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxış edən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusilə toxunub. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan siyasətinin prioriteti olduğunu bəyan edən Prezident təəssüflə qeyd edib ki, 2014-cü ildə Ermənistan imitasiya taktikasına üstünlük verib və münaqişənin həlli ilə bağlı heç bir konstruktiv addım atmayıb.
Ötən il bir neçə dəfə Ermənistanın açıq təxribatlara əl atdığını deyən dövlət başçısı bu cəhdlərin qarşısının ordumuz tərəfindən uğurla alındığını, düşmənin böyük itki verdiyini bildirib. Prezident açıq şəkildə vurğulayıb ki, Ermənistanın sülh istəmədiyi nə bizim, nə də vasitəçilər üçün sirr deyil: "Ermənistan istəyir ki, bu münaqişə öz həllini tapmasın və işğal edilmiş torpaqlardan çıxmasın. Baxmayaraq ki, Minsk Qrupuna həmsədrlik edən ölkələrin dövlət başçıları dəfələrlə deyiblər ki, status-kvo qəbuledilməzdir. Ancaq bu, sadəcə olaraq sözlərdir və bu sözlərin arxasında heç bir ciddi siyasət dayanmır. Əgər status-kvo qəbuledilməzdirsə, onda mütləq tədbir görülməlidir. İşğalçı dövlətə təzyiq göstərilməlidir. Ermənistan məcbur edilməlidir ki, işğal olunmuş torpaqlardan çıxsın”.
"Münaqişənin dondurulmuş vəziyyətdə qalmasında maraqlı olan qüvvələr var”
Müşavirədə çıxış edən Prezident İlham Əliyev beynəlxalq təşkilatları riyakarlıqda və tərəfli mövqe nümayiş etdirməkdə ittiham edib: "Bir bəyanat verilir, ancaq onun arxasında iş görülmür. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 20 ildən çoxdur ki, icra edilmir. Nə üçün başqa yerlərdə qəbul edilmiş qətnamələr dərhal icra edilir, bizə gəldikdə icra edilmir?! Bu, ədalətsizlikdir və ikili standartdır”. Prezident İlham Əliyev qeyd edib ki, bu problemin həll olunmaması təkcə Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə izah edilə bilməz. Görünür, dünyada elə qüvvələr var ki, münaqişənin həll olunmasında maraqlı deyillər: "Münaqişənin dondurulmuş vəziyyətdə qalmasında maraqlı olan qüvvələr var. Onlar bundan Azərbaycana təzyiq vasitəsi kimi istifadə edirlər”. Dövlət rəhbəri Ermənistanın təxribatlarına da layiqli cavab verildiyini vurğulayıb: "Keçən il yay aylarında və ilin sonunda bir neçə dəfə təxribatlara əl atıldı. Hər dəfə də Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək onu yerinə oturtdu. Yay aylarında 50-dən çox işğalçı məhv edildi. Noyabr ayında da ermənilərin təxribatı cavabsız qalmadı. Bütün bu təxribatların nəticəsində baş verən hadisələrə görə Ermənistan rəhbərliyi məsuliyyət daşıyır”. Bununla yanaşı, Prezident bəyan edib ki, danışıqlar prosesində heç bir irəliləyiş olmasa da, 2014-cü il Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox böyük işlər görülüb: "Həm siyasi sahədə, həm regional çərçivədə və həm də hərbi sahədə biz ermənilərə elə dərs verdik ki, indiyə qədər özlərinə gələ bilmirlər. Onlar təşvişdədirlər, isterikadadırlar. İndi bizi müxtəlif beynəlxalq tədbirlərdə ittiham etməyə çalışırlar. Həqiqət bundan ibarətdir ki, bizim torpaqlarımızın işğal altında qalması sadəcə olaraq Ermənistanın işi deyil. Ermənistan aciz durumda olan, gücsüz, dilənçi bir ölkədir. Əlbəttə, əgər onun müxtəlif paytaxtlarda böyük havadarları olmasaydı, Dağlıq Qarabağ münaqişəsi çoxdan ədalətli şəkildə öz həllini tapa bilərdi”.
"ATƏT-in Minsk Qrupunda təmsil olunan həmsədrlər biri-biri ilə daban-dabana zidd siyasət aparan dövlətlərdir”
Prezidentin çıxışına münasibət bildirən millət vəkili Elman Məmmədov deyib ki, cənab İlham Əliyev həmişə olduğu kimi, bu müşavirədə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox dəqiq və sərrast fikirlər səsləndirdi. Deputatın sözlərinə görə, Ermənistanın Azərbaycan torpaqlarını işğal
etməyə və uzun illər işğal altında saxlamağa gücü çatmaz. Demək, bu dövləti saxlayan, yaşadan, ona havadarlıq edən qüvvələr var: "Bu qüvvələr tarixin bütün dövrlərində mövcud olub. Bu gün bizim torpaqlarımızın işğal olunmasında danılmaz xidmətləri olan həmin dövlətlərdir. Ermənistan siyasət aləmində söz sahibi deyil. Onlara havadarlıq edən dövlətlər Ermənistanın sözçüsü rolunda çıxış edirlər”. E.Məmmədov bildirib ki, 20 ildən artıqdır vasitəçilik mandatı verilmiş ATƏT-in Minsk Qrupunda təmsil olunan həmsədrlər biri-biri ilə daban-dabana zidd siyasət aparan dövlətlərdir: "Necə ola bilər ki, bir-biri ilə yola getməyən, siyasətləri bir-biri ilə zidd olan dövlətlər Dağlıq Qarabağ məsələsi ilə bağlı ortaq fikrə gəlib, münaqişənin həll olunmasına kömək etsinlər? Bu, qeyri-mümkündür. Bizim ən böyük bəlamız da elə budur. Bunlar meydandan çıxmırlar ki, Azərbaycan ilə Ermənistan üz-üzə öz məsələlərini həll etsin. Təbii ki, gündən-günə güclənən Azərbaycan və gündən-günə zəifləyən Ermənistan üz-üzə qalanda aydındır ki, məsələ nə cür həll olunacaq. Ancaq çox təəssüf ki, bu işğalçı, cinayətkar dövlətə havadarlıq edənlər buna imkan vermirlər. Cənab Prezident çox düzgün qeyd etdi ki, biz bu meydanda öz mübarizəmizi təkbaşına aparmışıq, mübarizəmizi uğurla sona qədər aparacağıq və torpaqlarımızı işğaldan azad edəcəyik”.
"Qərbdəki müəyyən dairələr strateji məqsədlərini həyata keçirmək üçün Ermənistanın işğalçılıq siyasətini müdafiə edirlər”
Millət vəkili, AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru Musa Qasımlı Prezident İlham Əliyevin müşavirədə söylədiklərinin gerçəkliyi əks etdirdiyini bildirib. Millət vəkilinin sözlərinə görə, Ermənistanın təkbaşına Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf rayonları işğal etməsi üçün zəruri olan gücü olmayıb və indi də yoxdur: "Dövlətin gücünü müəyyənləşdirən meyarlar baxımından Ermənistanı Azərbaycan ilə həm 80-ci illərin sonları - 90-cı illərdə, həm də indi müqayisə etmək mümkün deyil. Bir dövlətin digər bir ölkənin ərazisini işğal etməyə qadir olan ordu yaratmaq üçün insan ehtiyatı, maliyyə, iqtisadi gücü, hərbi-sənaye kompleksi, digər resursları və s. olmalıdır. Bunlar isə Ermənistanda yoxdur. Düşmən ölkə Azərbaycanla müqayisə edilə bilməz”. M.Qasımlı onu da vurğulayıb ki, Qərbdəki müəyyən dairələr konkret strateji məqsədlərini həyata keçirmək üçün Ermənistanın Azərbaycana qarşı təcavüzünü müəyyən pərdələr altında müdafiə edirlər: "SSRİ-nin dağılması prosesində Mərkəzi hakimiyyət hər iki respublikanı öz təsiri altında saxlamaq və müstəqil dövlət kimi formalaşmalarına imkan verməmək üçün Ermənistanın təcavüzünə açıq şəkildə yardım etdi. Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin bu gün dinc yolla həll edilməməsinin səbəblərindən biri də, məhz müxtəlif dövlətlərin regionda maraqlarının toqquşmasıdır”.
"Hadisələrin inkişafı onu göstərir ki, bir müddət sonra Ermənistan xaricdən aldığı dəstəklərdən məhrum olacaq”
"Yeni Azərbaycan” qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu bildirib ki, Ermənistan dövləti status-kvonun dəyişməməsində maraqlıdır. Buna görə də Azərbaycanın 20 faiz torpaqlarını işğalı altında saxlayır: "Ancaq buna baxmayaraq, 2014-cü ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün dövlətimiz çox böyük işlər görüb. Cənab Prezident müşavirədə qeyd etdi ki, "biz ermənilərə elə dərs verdik ki, onlar indiyədək özlərinə gələ bilmirlər, təşvişdə və isterikadadırlar”. Hesab edirəm, 2014-cü il Ermənistan-Azərbaycan münasibətlərini xarakterizə etmək üçün və Dağlıq Qarabağ münaqişəsi haqqında təsəvvür əldə etmək üçün bu, ən obyektiv və yaxşı fikirdir. Əlbəttə, burada qeyd olunduğu kimi vasitəçi ölkələrin, yəni ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin fəaliyyətsizliyi və Ermənistanın qeyri-konstruktiv mövqeyi Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına əngəl törədir. Bu isə işğalçı ölkənin ekspansionist mövqeyindən irəli gəlir”. H.Babaoğlunun fikrincə, 2014-cü ildə yadda qalan iki əsas hadisə Azərbaycanın iqtisadi və hərbi gücünü Ermənistana göstərməsi oldu: "Birincisi, iyul ayının sonu, avqust ayının əvvəllərində təmas xəttində ermənilərin atəşkəs rejimini pozması və Azərbaycan ordusunun onlara layiqli cavab verməsi ilə yadda qaldı. İkincisi, dekabr ayının 12-də yenidən Azərbaycanın təmas xəttində ölkəmizin mövqelərinə hücum edən helikopterin Silahlı Qüvvələrimiz tərəfindən vurulması idi. Azərbaycan hərbi sahədə bütün parametrlər üzrə, istər havada, istərsə də quruda Ermənistandan qat-qat güclü olduğunu göstərdi. Heç şübhəsiz ki, işğalçı ölkə də bunu çox yaxşı bilir. Bu mənada hərbi, siyasi və iqtisadi reallığı Ermənistan tərəfi nə qədər tez dərk edib Azərbaycanın işğal etdiyi əraziləri azad etsə, bir o qədər onlar üçün yaxşı olacaq. İşğalçı ölkənin danışıqları imitasiya etməsi, danışıqlar masası arxasında oturub real vəziyyəti dərk etməməsinin səbəblərindən biri də dünyada mövcud olan ikili standartlar, erməni lobbisindən, eləcə də digər xarici subyektlərdən rəsmi İrəvana gələn dəstəkdir. Amma hadisələrin inkişafı onu göstərir ki, bir müddət sonra Ermənistan xaricdən aldığı bu tipli dəstəkləri də əldə edə bilməyəcək. Nəhayət, Cənubi Qafqaz siyasi coğrafiyasında Azərbaycanla tək üz-üzə qaldığını dərk edəcək”.
İsmayıl