“Qəzetlər şey bükmək üçün, telekanallar çalıb-çalıb oynamaq üçün deyil”
Arif Quliyev: “Medianın faydalı işinin həcmi ilk növbədə ona rəhbərlik edən şəxsin vətənsevərliyindən, yüksək intellektə və dünyagörüşünə sahib olmasından asılıdır”
Mətbuat günü - peşə bayramı ərəfəsində jurnalistlər hansı ovqatla yaşayır, onları nə düşündürür, nə rahatsız edir?
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Akademik Yusif Məmmədəliyev adına mükafatın laureatı, tanınmış jurnalist Arif Quliyev sualımızı cavablandırarkən bunları söylədi:
- Mətbuat günü yaxınlaşdıqca, düşüncələrimizin sırasında belə bir sual da yer alır: Kütləvi informasiya vasitələri nə üçün yaradılır, onların əsl məqsədi, vəzifəsi nədir? Cavablar müxtəlif ola bilər. Amma elə hesab edirəm ki, hər bir informasiya vasitəsi, kimə, hansı ictimai-siyasi zümrəyə mənsub olmasından asılı olmayaraq, ölkəmizin, dövlətimizin maraqlarını hər şeydən uca tutmalı, insanların maariflənməsi, rifahının yaxşılaşması, firəvan yaşaması və bəşəriyyətin tərəqqisi üçün çalışmalıdır.
Bu baxımdan təəssüf ki, kütləvi informasiya vasitələrimizin çoxunun faydalı iş əmsalı aşağıdır. Mediamız potensial imkanlarından yetərincə yararlanmır. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var. Media qurumlarında bir çox hallarda yüksək ixtisaslı peşəkar jurnalistlər deyil, ali ixtisas təhsili olmayanlar da çalışırlar. Kütləvi informasiya vasitələrinin çoxu hələ də sovet dönəmindən qalma stereotiplərdən yaxa qurtara bilmirlər. Səbəblərdən biri isə odur ki, media ilə dövlət, hökumət qurumları arasında qarşılıqlı faydalı əməkdaşlıq və etimad zəifdir. Medianın nüfuzu isə onun cəmiyyətdə formalaşdırdığı ictimai rəyin rolundan asılıdır.
-Zəmanə də dəyişib, meyarlar da ... Media üçün ideal bir "etalon” da tapmaq çətindir.
- Mübaliğəsiz demək olar ki, təməli 1875-ci ildə qoyulan "Əkinçi” qəzeti bugünkü kütləvi informasiya vasitələrinə örnək ola bilər. Bu gün tək-tək qəzet tapılar ki, "Əkinçi”nin səhifələrində yer alan informasiyalar qədər enerjiyə və istehlak dəyərinə malik yazılar dərc etsin. Sözsüz ki, Həsən bəy Zərdabi informasiyaları enerji yükünə görə qruplaşdırmayıb. Amma o, öz qəzetində vətənpərvər bir insan olaraq xalq üçün faydalı, gərəkli, əhəmiyyətli, mühüm informasiyalar dərc edib, təbii ki, onlar da yüksək əmtəə keyfiyyətinə malik olublar. Sözsüz ki, medianın faydalı işinin həcmi ilk növbədə ona rəhbərlik edən şəxsin vətənsevərliyindən, yüksək intellektə və dünyagörüşünə sahib olmasından asılıdır.
Qəzetlər şey bükmək üçün, televiziya kanalları çalıb - oynamaq üçün deyil. Xalqın dərdi-səri, çözülməli problemləri var. Vicdanı olan kəs öz xalqının taleyinə biganə qalmamalıdır.
Bilirsiniz ki, idarə, təşkilat, qurum adları aydın, anlaşılan olmalıdır. Onun fəaliyyətinin mahiyyəti adında əksini tapmalıdır. Amma "Kütləvi İnformasiya Vasitələri”ndə biz bunu görmürük. "Kütləvi İnformasiya Vasitəsi” vikipediyalarda informasiyaları kütləyə çatdıran vasitə kimi şərh olunur. Elədirsə, bəs onda niyə "Hamının İnformasiya Vasitəsi” demirik?!
Bunu diqqətə çatdırmaqda məqsədim odur ki, adın bu şəkildə dəyişdirilməsi məzmuna da təsir edə bilər. Çünki "Hamınin İnformasiya Vasitəsi” adlandırılsa, onun vəzifəsi, funksiyası adında daha aydın, daha dəqiq ehtiva olunar. Belə olanda informasiya vasitələrində yer alan informasiyaların hamı üçün qiymətli, dəyərli olma ehtimalı da artar.
- Əvvəllər çoxumuz senzuranı pisləyirdik. Hətta belə hesab edənlər də vardı ki , senzura şedevrlərin yaranmasını əngəlləyir. Senzurasızlıq necədir? Məmnunluq hissi yaradırmı?
- Mən deyərdim ki, senzuranın olmaması media mənsublarının məsuliyyətini birə-beş artırıb. Bununla belə ermənilərlə sonuncu döyüş zamanı hərbi senzuranın olmaması məni çox həyəcanlandırdı. Ona görə ki, jurnalistlərin heç də hamısı dövlət sirri və hərbi sirr haqqında qanunlardan xəbərdar deyillər.
Mən bilmirəm media rəhbərlərinə həbçilər tərəfindən təlimlər keçilir, yoxsa yox. Keçilmiş olsa belə "Dövlət sirri haqqında” və "Hərbi sirr haqqında” qanunların icrasına nəzarət gücləndirilməlidir.
Senzura söz, mətbuat azadlığının qənimi olsa da, onun bəzi müsbət cəhətləri də vardı. Sovet dönəmində senzura təkcə hərbi və dövlət sirlərini qorumurdu. Vahimə yaradan informasiyaların qarşısını da alırdı. Bu idarənin əməkdaşları qeyri-etik, təhqiramiz sözlərin səslənməsinə, yazılmasına da yol vermirdilər. İndi vəziyyət dəyişib. Kiminsə barəsində dəqiqləşdirilməmiş informasiya da vermək olar, yalan məlumat da. Amma yalan çıxan xəbəri, məlumatı təkzib etməklə iş bitmir. Əgər kütəvi informasiya vasitəsində kiminsə barəsində yanlış informasiya yer alıbsa və ya kiminsə haqqı, hüququ pozulubsa, təkzib verilməsi və ya zərərçəkəndən üzr istənilməsi zamanı zərərçəkənin haqqı tam təmin olunmur. Ona görə ki, informasiya ətalətə malik olduğundan və istehlakçılarının sayı həndəsi silsilə ilə artdığından həmin informasiyanın təkzibi heç vaxt onun bütün istehlakçılarına yetişmir. İkincisi, hadisə barədə informasiyanı qəbul edən şəxslərin heç də hamısı aldıqları ilkin məlumatı yeniləmək həvəsində olmurlar. Verilən ilk informasiya yalan, iftira da olsa yaddaşlarda müəyyən iz qoyur və insanlar həmin informasiyanın yaratdığı düşüncədən çox zaman xilas ola bilmirlər.
Bunu ermənilərin bizə qarşı apardığı informasiya müharibəsinə də şamil etmək olar. İnformasiya məkanında erməni təxribatının qarşısını almağın ən yaxşı yolu isə informasiyanın önlənməsidir.
- Deyirsiniz ki, hər dəfə ictimai-siyasi vəziyyətin dəyişməsi kütləvi informasiya vasitələrinin qarşısında yeni vəzifələr qoyur. Nəyi nəzərdə tutursunuz?
- Bilirsiniz ki, kütləvi informasiya vasitələri çoxfunksiyalı bir orqandır. Sovet dönəmində onların işi təbliğat və təşviqat aparmaq idisə (baxmayaraq ki, proletariatın rəhbəri qəzetlərin təşkilatçı olmasını da diqqətə çatdırırdı), hazırda informasiya vasitələri mövcud sosial, ictimai-siyasi durumdan asılı olaraq bir neçə vəzifəni yerinə yetirirlər. Müharibə şəraitində isə onların üzərinə daha bir yük düşür. Hər bir kütləvi informasiya vasitəsi düşmənin informasiya zərbələrinin qarşısını almaqla yanaşı, ona sarsıdıcı əks zərbələr endirməlidir. Düşmənin yalanlarına qarşı Azərbaycan həqiqətlərini qoymalı, işğalçının bütün mənfur xislətini açıb onu dünya ictimaiyyətinə tanıtmalıdır.
Düşmənlərimiz abır-həya gözləmədən (bu faşist təbliğat üsulunun əlamətlərindən biridir), yalan və iftiralardan yararlanaraq torpaqlarımızı işğal etdikləri halda bizi işğalçı adlandırır, gah özlərini güclü göstərməyə çalışır, xof yaratmaq istəyir, gah da yazıq, məzlum görkəmi alaraq dünya ictimaiyyətindən yardım umur.
Son döyüşdə qalib gəlsək də, düşmənin ölkəmizə qarşı apardığı informasiya savaşında özümüzü qalib hesab edə bilmərik. Bunun bir səbəbi odur ki, vətənsevər insanlarımız kütləvi informasiya vasitələrində apardıqları informasiya mücadiləsini öz təşəbbüsləri ilə və pərakəndə şəkildə aparırlar. Onların fəaliyyəti vahid bir mərkəzdən istiqamətləndirilmir. İkincisi, informasiya müharibəsinə qoşulmaq istəyənlərə təlim keçilmir, informasiya yaymağın, informasiya müharibəsi və psixoloji müharibə aparmağın yolları öyrədilmir.
Onu da deyim ki, Azərbaycan həqiqətləri və ermənilərin işğalçılıq siyasəti ilə bağlı informasiyaların hədəfi bütün dünyanın sadə insanları olmalıdır. Ona görə ki, erməni məsələsi dünya siyasətçilərinin əlində öz məqsədlərinə çatmaq üçün bir alətə çevrilmişdir. Onlara həqiqət lazım deyil.
Sadə ermənilər bilməlidirlər ki, Dağlıq Qarabağın müstəqilliyi üçün onları qızışdırıb ortaya salan, mənasız müharibəyə sürükləyən erməni siyasətbazlarının əksəriyyəti hazırda var-dövlət, sərvət sahibidirlər, eyş-işrət içərisində yaşayırlar. Həmin mafioz "liderlərin” bir çoxu isə erməni xalqını talan edib fürsət düşən kimi xarici ölkələrə üz tuturlar. Sadəlövh erməni xalqı isə bir tikə çörəyə möhtacdır. Erməni xalqını başa salmaq lazımdır ki, onlar mafiyanın əlində oyuncağa çevriliblər (Bunu tanınmış erməni əsilli ziyalılar, o cümlədən Ş. Aznaur da etiraf edib). Bu işi görmək də jurnalistlərimizin üzərinə düşür.
- Təkcə jurnalistlərinmi? Görün nə qədər politoloqlarımız, siyasətçilərimiz, tarixçilərimiz var... Hələ elmi tədqiqat mərkəzlərimizi, universitetlərimizi demirəm...
- Çox təəssüf ki, elmi mərkəzlərimiz, institutlarımız dünyanın elektron ensiklopediyası sayılan vikipediyalar üzərində (xarici dillərdə) zəif işləyir, sosial şəbəkələrdə intensiv çıxış etmir, kütləvi informasiya vasitələri isə potensial imkanlarından kifayət qədər yararlanmırlar. Elektron və onlayn medialarımızda, əksər televiziya və radio kanallarımızda, qəzet və jurnallarımızda xarici dillərdə informasiyalar yayılmır. Doğrudur, bu yöndə iş gedir. Ölkəmizin maraqlarından çıxış edən, xarici dillərdə yayılan kütləvi informasiya vasitələrinin sayı günbəgün artmaqdadır. Bununla belə, nəzərə almaq lazımdır ki, erməni təbliğat maşını kifayət qədər güclüdür və onlar əsrlərdən bəri kilsələrdə - pavlikian sektalarında yetişdirilirlər.
Əmin olun ki, ermənilər heç vaxt danışıqlar yolu ilə torpaqlarımızı işğaldan azad etməyəcəklər. Əksinə, onlar ölkəmizin iqtisadi və hərbi gücünü zəiflətmək, vətəndaşlarımızın dövlətimizə və dövlət başçımıza qarşı etimadsızlıq göstərməsi və separatizmin qızışdırılması üçün əllərindən gələn hər şeyi edir və edəcəklər.
Erməni yalanları dünyanı başına alıb. Biz isə işğala məruz qaldığımız halda bu danılmaz həqiqəti dünyaya yetərincə çatdıra bilməmişik. Əgər erməniləri dünyaya olduqları kimi tanıtdıra bilsəydik, onlarla vuruşub qan tökməyə ehtiyac da qalmazdı.
Ölkənin müdafiəsinə qalxmaq hamının borcudur. Bu işdən kənarda qalmaq fərariliyə bərabərdir. Döyüşçü düşmənlə yalnız müharibədə vuruşursa, ölkəsi düşmənin təcavüzünə məruz qalan jurnalist hər saat, hər gün özünü cəbhədə, səngərdə hiss etməlidir.
- Çox sağ olun, təşəkkür edirəm. Qarşıdan gələn bayramınız mübarək olsun.
-Siz də sağ olun.
Müsahibəni apardı: Sevil Qulubəyova