Son illər bu ölkə təkcə Azərbaycanla deyil, digər türk dövlətləri ilə də münasibətləri kəskinləşdirib
Qırğızıstan İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində Dağlıq Qarabağ münaqişəsilə bağlı qətnaməyə qoşulmayıb. Bu barədə Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov məlumat verib.
N.Məmmədov bildirib ki, Sammitdə qəbul edilən qətnamədə əsas məsələ ölkələri narahat edən müəyyən məsələlərin beynəlxalq hüquq və prinsipləri əsasında həlli olub: "Bununla bağlı üzv dövlətlər səs verdilər. Təəssüf ki, Qırğızıstan tərəfi nəyəsə görə bunun siyasi məsələ olduğunu əsas gətirərək qətnaməyə qoşulmadı. Bu, bizi təəccübləndirdi. Onların addımı başadüşülən deyil. Biz həmişə Qırğızıstanla əməkdaşlıq edirik və yenə edəcəyik.
Müəyyən məsələlərdə yardımlarımız da olub. Bu qətnamədə qeyri-adi heç nə yox idi. Qətnamədə ölkələrin ərazi bütövlüyü, suverenliyi və münaqişələrin beynəlxalq prinsiplər əsasında həlli məsələsi qoyulub. İndiki dövrdə dövlət başçıları müdrik və uzaqgörən olmalıdır. Dünyada müdrik dövlət başçısı problemi var. İndiki mürəkkəb şəraitdə heç bir dövlət müəyyən problemlərdən sığortalana bilməz”.
Xatırladaq ki, Qırğızıstanın qətnaməyə qoşulmaqdan imtina etməsi bir türk respublikasının Azərbaycana deyil, türk dünyasına düşmən kəsilmiş işğalçı Ermənistana dəstək verməsi kimi qəbul edilir. Artıq Azərbaycanın Xarici İşlər Nazirliyi Qırğızıstanın hərəkətinə reaksiya verib. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Qırğızıstanın mövqeyi başadüşülən deyil: "Zirvə toplantısının bəyanatında üzv dövlətlər tərəfindən açıq şəkildə bildirilir ki, münaqişələrin mövcudluğu iqtisadi inkişafı və əməkdaşlığı əngəlləyir. Bundan əlavə, bəyanatda inkişaf, sülh və təhlükəsizliyin regionda davamlı çiçəklənmə və sabitliklə birbaşa bağlı olduğu qeyd olunur. Bu, BMT-nin Davamlı İnkişaf Konsepsiyasının təməlini təşkil edir. Ona görə də Qırğızıstanın mövqeyi qətiyyən başadüşülən deyil. Bu mövqe ilə Qırğızıstanın kimin dəyirmanına su tökməsi ciddi sual doğurur”.
Təəccüb doğuran mövqe ilə bağlı "Şərq”ə danışan politoloq İlqar Vəlizadə deyib ki, Qırğızıstan tərəfindən atılan addım düşünülmüş yox, rəhbərliyin səriştəsiz siyasətindən irəli gəlir:
"Qırğızıstanda tez-tez hökumət dəyişikliyi olur. Bu fonda müxtəlif insanlar hakimiyyətə gəlirlər və onların əksəriyyəti ölkələrinin maraqlarını, aparılan siyasətin mahiyyətini dərk etmirlər. Nəzərə almaq lazımdır ki, bu Sammitdə Qırğızıstan Prezidenti yox, 6 ay öncə hakimiyyətə gələn Baş nazir iştirak edib. Sözsüz ki, Baş nazir Prezidentlə məsləhətləşib. Amma çox güman ki, o, özü belə bir təşəbbüs göstərib. Ümumiyyətlə, son illər ərzində Qırğızıstan təkcə Azərbaycanla deyil, eyni zamanda Türkiyə və digər türk dövlətləri ilə də münasibətləri soyuq savaş həddinə çatdırıb. Bu yaxınlarda Qırğızıstan Prezidenti Qazaxıstanı hakimiyyət dəyişikliyində və ölümlərdə ittiham edib. Bundan sonra Qazaxıstan Qırğızıstana nota verib.
Eyni zamanda terrorçu Fətullah Gülən məsələsindən dolayı Türkiyə ilə Qırğızıstan arasında gərginlik yaşanıb. Bilirsiz ki, rəsmi Ankara xahiş etmişdi ki, orada fəaliyyət göstərən Gülən məktəbləri ləğv edilsin. Ancaq Qırğızıstan bu xahişi rədd etdi. Bütün bunlar Qırğızıstan rəhbərliyinin apardığı siyasətin mahiyyətini ortaya qoyur. Türk respublikaları və qonşu dövlətlərlə əlaqələrin bərbad hala salınmasında birbaşa ölkə Prezidenti məsuliyyət daşıyır. Ümid edirik ki, rəhbərlik proseslərdən müsbət nəticə çıxaracaq və öz mövqeyini dəyişəcək”.
İsmayıl