Dərmanların qiymətinin dolların məzənnəsinə uyğun hesablanmasının üstünlükləri var
“Amma bir şərtlə ki, aidiyyəti dövlət qurumları dərman satışına ciddi nəzarət edərək süni qiymət artımının qarşısını alsınlar”
Xarici valyuta ilə bağlı problemlərlə əlaqədar dərman şirkətlərinin Azərbaycan hökumətinə müraciət etməsi məsələsi öz həllini tapıb. Səhiyyə nazirinin müavini Elsevər Ağayev artıq Mərkəzi Banka bununla bağlı müvafiq tapşırıqlar verildiyini deyib. Onun sözlərinə görə, yeni qəbul ediləcək sənədlə qaydalarda müəyyən dəyişikliklər olacaq:
"Dərmanların qeydiyyatı və qiymətlərin tənzimlənməsi qaydalarında düzəlişlər ediləcək. Hazırda Mərkəzi Bankın həmin günə olan məzənnəsi əsas götürülür. Amma burada dəyişiklik nəzərdə tutulur. Həmin gün üçün bazarda valyutanın (dolların) real qiyməti əsas götürüləcək”. Qeyd edək ki, bir müddət öncə Elsevər Ağayev jurnalistlərə açıqlamasında bildirib ki, valyuta ilə bağlı problemlərin dərman qıtlığına yol açacağına dair məsələ hər kəsi narahat edir. Dərman şirkətləri baş nazirin müavini Əli Əhmədova müraciət edib. Bu müraciət Səhiyyə Nazirliyinə də göndərilib.
Sözügedən dəyişiklikləri şərh edən İqtisadi Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov ilk növbədə dərman vasitələrinin qiymətinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı Tarif Şurasının qərarını xatırladıb. Onun sözlərinə görə, dərmanların qiymətinin kəskin bahalaşmasının qarşısını almaq üçün dərmanların qiymətinin mövcud bazar qiymətinə uyğun olaraq tənzimlənməsi çox vacibdir: "Çünki dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsi çox ciddi problemlərə yol aça bilər. Əgər dərmanların qiyməti kəskin bahalaşarsa, bu, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə və xərclərinin artmasına gətirib çıxaracaq. Yox əgər qiymətlər aşağı düşəcəksə, o zaman da sahibkarlar dərman gətirib satmaqda maraqlı olmayacaqlar. Ona görə də dərmanların qiymətinin dolların gündəlik bazar məzənnəsinə uyğun hesablanmasını doğru addım hesab edirəm. Amma bir şərtlə ki, aidiyyəti dövlət qurumları dərman satışına ciddi nəzarət edərək süni qiymət artımının qarşısını alsınlar. Bütün hallarda dərmanların qiymətinin vətəndaşlar üçün əlçatan olmasına ehtiyac var”.
Digər iqtisadçı-ekspert Qalib Toğrul isə deyib ki, strateji məhsulların, daşınma xərcləri, dövlətin tənzimlədiyi tariflərdə yüksək qiymət artımı olmasın deyə mütləq bu cür addımlar atılmalıdır: "İlk baxışdan çoxuna ağır xəbər təsiri bağışlasa da, bu əslində istehlakçılar üçün düşünülmüş qərar sayıla bilər. Qonşu ölkələrin təcrübəsində də analoji tədbirlər görülməsi halları var”.
Məlum dəyişikliklərin qiymət artımının qarşısını almaq üçün bir vasitə olduğunu vurğulayan ekspertin sözlərinə görə, Səhiyyə Nazirliyi dərmanların sertifikatlaşdırılması, qeydiyyatı və idxalla bağlı lisenzilayların verilməsində dövlət tənzimləyici funksiyaları həyata keçirir və bu qərardan sonra dərmanların qeydiyyatı ilə bağlı qaydalarda müəyyən dəyişikliklər olmalı, yeni prinsiplərə uyğunlaşdırılmalıdır: "Üstünlük ondan ibarətdir ki, bu dərmanlarda əsassız qiymət artımının qarşısını alacaq. Dərman vasitələrinin qiymətinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı Tarif Şurasının qərarı var. Hazırda 9850 dərman preparatının qiyməti tənzimlənir. Qaydalar qəbul olunandan sonra bu dərmanların qiymətində də dəyişiklik olacaq və artıq dolların məzənnəsinə uyğun olacaq. Dərmanların qeydiyyatı idxaldan əvvəl aparılır və bu o deməkdir ki, dərmanlar idxal olunduğu vaxtın kursuna uyğun qiymətləndiriləcək və dollar sonradan qalxarsa, qiymətlər stabil qalacaq. Bu əslində əsassız qiymət artımını aradan qaldıracaq. Burada Mərkəzi Bankın rolu isə məzənnənin dəqiq və real vaxta uyğun hesablanmasıdır. Sui-istifadə halları da ola bilər. Buna görə də vətəndaşlar aktiv olmalıdır”.
Q.Toğrulun dediyinə görə, ölkədə dərmanların qiymətinin dolların məzənnəsinə uyğun hesablanmasının bir üstünlüyü də ondan ibarətdir ki, dərman qıtlığı ilə bağlı problem olmayacaq: "Mövcud qaydaya görə, dərman vasitələrinə vahid qiymət qoyulduqda şirkət sonradan artıma gedə bilmirdi və ümumiyyətlə, dərmanı gətirməkdən imtina edirdi. Bu qayda isə imkan verir ki, dərman şirkəti heç bir məhdudiyyət olmadan dərmanı gətirə bilsin”.
Şəymən