Qızmar günəş altında...

Havanın temperaturu 34-35 dərəcəni “döyür” artıq
Daş karxanasında, yollarda günəmuzd çalışdırılan insanlar var, evinə çörək pulu aparmaqdan ötrü günün qızmarında işləyirlər. Onlar hara, kimə şikayət etsinlər?



Bu adda filmimiz var. 1957-ci ildə çəkilib. Filmin qəhrəmanı də, elə hazırkı fəhlələrimiz kimi, qızmar günəş altında çalışan fədakar insanlarımızdı. Dağlarda çeşmə axtarır. Günümüzün fədakar fəhlələri də günün istisində gah magistral yol çəkilişində, gah asfalt salınmasında, gah da kanalizasiya, qaz, su borularının çəkilməsində, necə deyərlər, təpələrinə gün döyə-döyə işləyirlər. Tikintidə çalışanların əzablı işindənsə danışmasaq yaxşıdır.

Neçə gündür paytaxtda havalar xeyli isinib. Havanın temperaturu 34-35 dərəcəni "döyür” artıq. Dünən günün isti vaxtında Xırdalan qəsəbəsində fəhlələr kanalizasiya xətlərinin çəkilişində çalışırdı. Hava kifayət qədər isti idi, iyun günəşinin yandırıcılığı hiss olunurdu. Amma buna rəğmən fəhlələr çalışmaqda idi.

Nə işdisə, fəhlələrin isti havalarda çalışdırılmasının önü kəsilmir.

Hər dəfə, yay sezonu başlayanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi, həmçinin Həmkarlar İttifaqları Konfederasiyası işəgötürənlərə xəbərdarlıq edir. Bildirilir ki, Əmək Məcəlləsinə əsasən, havanın temperaturu +41 dərəcədən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalı və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməlidir. Fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən edilməli, işçilərə verilmiş bütün fasilələr iş vaxtına daxil edilməklə, aylıq tarif maaşına hesablanmalıdır.
Bütün işəgötürənlərdən qanunvericiliyin tələblərinin yerinə yetirilməsi tələb edilir. Və qeyd olunur ki, qanunvericiliyin tələbinə əməl olunmamasına görə işəgötürənlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb ediləcəklər.

Amma yenə də dəyirman və çax-çax məsələsi təkrarlanır.

Doğrudur, deyə bilərsiz ki, hələ yayın qızmarı deyil, temperatur 40 dərəcəyə çatmayıb. Yerində irad olar. Amma biz də qabaqdan gəlmişlik edirik ki, bəlkə fəhlələr tez ayılsınlar, işəgötürlənlər də, özəl şirkətlər də, fəhləni çox işdədib, az pul verənlərin də qanun bəlkə yadına düşsün.
Guya ki, temperatur 40-42 dərəcəyə çatanda hardasa iş dayanır ki?!

Və gərək elə temperatur 42 dərəcəyə çatsın ki, fəhləni kölgəyə göndərsinlər?! Havanın temperaturu kölgədə 33-34 dərəcə təyin edilirsə, deməli açıq havada günəş şüaları ilə birbaşa təmasda - asfaltın üstündə azı 38-39 dərəcə var. Bu göstərici fəhlələrin səhhətində problem yaranmasına yetir artıq.
Günvurmadan əhvalın dəyişməsi, hətta ölüm hadisələrinin də yay mövsümü ərzində nə qədər şahidi oluruq. Bəs işəgötürənlər qaydalara niyə əməl etmir?

Avropada "böyük fasilə” təcrübəsi

Neftçilərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı "Şərq”ə açıqlamasında qanunların fəhlənin lehinə olduğunu dedi:

- Əmək Məcəlləsinə görə havanın temperaturu 41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması məqsədilə qanunvericiliyin tələblərinə riayət edilməli, açıq havadakı iş yerlərində, süni yolla soyudulması mümkün olmayan yerlərdə işlər dayandırılmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 2-ci əlavədə ilin soyuq vaxtında açıq havada və ya isidilməyən örtülü binalarda, habelə isti havalarda işin dayandırılması və işçilərə fasilələrin verilməsi şərtləri göstərilir. Şərtlər bundan ibarətdir: 41 dərəcə isti olduğu halda açıq havada və sərinlədici qurğular olmayan qapalı yerlərdə iş dayandırılmalıdır. İlin soyuq vaxtında isə örtülü, lakin isidilməyən binalarda temperatur selsi ilə müsbət 14 dərəcədən aşağı olduqda, işçilərə fasilələr verilir və ya iş dayandırılır.
İşlərin dayandırılması, sərinlənmək və ya isinmək üçün fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə Həmkarlar İttifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir.

Vətəndaşlar 41 dərəcə isti olduğu halda açıq havada əməyə cəlb olunurlarsa, onlar ərazidə olan müfəttişliyə müraciət etməlidirlər.

Qanun işçinin tərəfindədir. Amma tikintidə, daş karxanasında, yollarda günəmuzd çalışdırılan insanlar var, evinə çörək pulu aparmaqdan ötrü günün qızmarında işləyirlər. Onlar hara, kimə şikayət etsinlər? Fəhlənin istəyi budur ki, iş gününü birtəhər başa vursun, axşam evinə pul aparsın. Sahibkarlar da, firmalar, şirkətlər, hətta bəzi dövlət müəssisələri də fəhlənin ehtiyac sahibi olmasından sui-istifadə edir. Qanuna görə, iş şəraiti kəskinləşirsə, işləmək şərtləri ağırlaşırsa, fəhlənin əməkhaqqı artmalı, kompensasiya ödənməlidir. Amma kimdir bu qaydalara əməl edən?!

M.Qəhrəmanlı bildirdi ki, Avropa ölkələrində hava şəraiti ilə əlaqədar iş rejiminin dəyişdirilməsi praktikası var. Məsələn, Yunanıstan, Bolqarıstan, Rumıniya, İtaliya, İspaniyada, hətta bəzi ərəb ölkələrində və iqlimi isti olan digər dövlətlərdə insanların sağlamlığını qorumaq üçün yay aylarında gündəlik iş qrafiki, iş rejimi dəyişdirilir. Yayda həmin ölkələrdə iş saatı səhər saat 07.00-da başlayır, gündüz saat 11.00-dan 17.00-dək böyük fasilə verilir, fasilədən sonra isə iş rejimi axşam saat 22.00-dək davam edir. Azərbaycanda temperatur göstəricisi 38 dərəcəni ötəndə həmin iş rejimini tətbiq etmək olar. Çünki 38 dərəcə temperatur açıq havada 40-42 dərəcə deməkdir.

Sağlam adam da xəstələnər

Həkimlər də əhalini günün "pik” saatlarında günəş şüaları ilə birbaşa təmasdan çəkinməyə çağırır. Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla "Şərq”ə açıqlamasında günün isti saatlarında açıq havada çalışmağın insan orqanizmi üçün zərərli olduğunu, həyati risk daşıdığını dedi:
- Həmişə əhaliyə məsləhət görürük ki, yay mövsümündə evdən çıxmaq, iş ardınca harasa getmək kimi bir məcburiyyət yoxdursa, gündüz saat 11:00 radələrindən axşam 17:00-dək günəş şüaları altında olmaqdan çəkinsinlər. İşə gedəndə isə sərin vaxtda evdən çıxıb gün əyiləndə dönmək lazımdır. Amma bəzən bu qrafikə riayət etmək mümkün olmur və belədə də günvurma hadisələri qaçılmaz hal alır. Eyni hal açıq havada çalışanlara da aiddir. Gərək sahibkarlar fəhlənin isti havada gün altında işləməsinə razı olmasın. Çünki bu, fəhlənin həyatını təhlükəyə atır. Sağlam adam da qızmar günəş altında 30-40 dəqiqə qalarsa, günvurma qeydə alına bilər ki, nəticədə həmin şəxsdə ürəkbulanma, qızdırma, qusma müşahidə ediləcək. İstivurma və günvurma halları xüsusi iqlim şaraitində, yəni havanın temperaturu müsbət 37 dərəcədən yüksək olduğu hallarda baş verir.

İsti havada sinir sistemində baş verən dəyişiklik nəticəsində insanlarda tez yorulma, başağrısı, halsızlıq, zəiflik, iştahsızlıq, əhvalın pozulması, yuxululuq, qan təzyiqinin qalxıb-enməsi, bayılmalar müşahidə olunur. Rütubətli isti günlərdə atmosfer havasında oksigenin faizi aşağı düşür ki, bu zaman nəfəs alma çətinləşir. Kəskin istidə işləyənlərdə də güclü tərləmə baş verir. Bu zaman orqanizmdə su, duz mübadiləsi pozulur. Tərləyən insanda orqanizm üçün vacib olan mikroelementləri itirir. Onların yeri maye qəbulu ilə doldurulmalıdır. İsti havalarda mütləq bol su, maye qəbul edilməlidir ki, bədən susuzluqdan əziyyət çəkməsin. Açıq havada çalışanlar, havanın temperaturu yüksəkdirsə, mütləq kölgəliyə çəkilməli, günün əyilməsini gözləməlidirlər. Bundan əlavə, isti havada açıq şəraitdə çalışanlara günəş şüasından qoruyan xüsusi geyimlər verilməlidir. Fəhlələr bol maye, su ilə təmin edilməlidir.

Məlahət Rzayeva