Əhməd Qəşəmoğlu: "İnsanların çoxu pensiya yaşından daha çox gəlirli iş tapmaq haqqında fikirləşir"
Qocalığa qarşı bir arxayınlıq var
Gənclər təqaüd haqqında düşünmürlər
Əhməd Qəşəmoğlu: "İnsanların çoxu pensiya yaşından daha çox gəlirli iş tapmaq haqqında fikirləşir"
Əhməd Qəşəmoğlu: "İnsanların çoxu pensiya yaşından daha çox gəlirli iş tapmaq haqqında fikirləşir"
Aqşin Yenisey:"Bizim kimi cəmiyyətlərdə qocalıq dövlətdən, cəmiyyətdən çox,
övladların boynuna qoyulan yükdür"
"Pensiyaya çıxsam canım qurtarardı". Bu söz yəqin ki, hər birinizə tanışdır. Gündəlik həyatımızda qarşılaşdığımız insanlar, yaxınlarımızın dilindən tez-tez eşidirik. Qısası, Azərbaycanda yaşı 60-a yaxınlaşan hər bir işçinin dilindən bu sözü eşidirik. Səbəbsiz də deyil, illərin yorğunluğu var onların çiyinlərində. Kimisi 18, kimisi 20, kimisi də 25 yaşından atılıb həyatın keşməkeşli yollarına. Uzun müddət müxtəlif idarələrdə, dövlət qurumlarında, lap elə redaksiyalarda çalışıb. Amma artıq yaş öz sözünü deyir. Haqlı olaraq, illərlə dövlət üçün sərf etdiyi əməyin, xərclədiyi gəncliyinin bəhrəsini görmək istəyir. 120-150 manatla buna necə nail olacaqsa…
Ən yaxşısını gənclərimiz edir. Ümumiyyətlə, pensiya haqqında düşünmür. Bu gün 40 yaşın altında olan kimə yaxınlaşıb təqaüd yaşı üçün nə kimi tədbirlər gördüyünü soruşsan, "Pensiya yaşına çata biləcəm ki?" cavabını alacaqsan. Macarıstanda isə mənzərə tamam başqadır, 40 yaşında pensiyaya çıxmaq barədə fikirləşirlər. Bu isə sosial tədqiqatçıları qane etmir. Onların fikrincə, macar xalqı hələ 25 yaşa çatana qədər qocalığı üçün pul yığmağa başlamalıdır.
Macarıstanın "OTP Nyugdjpnztr" pensiya fondunun apardığı tədqiqat nəticəsində məlum olub ki, gənc macarlar pensiyaya çıxmaq üçün pul toplamağın zəruri olmasını başa düşürlər, lakin ən azı 40 yaşa çatana qədər müvafiq hərəkətlər etmirlər. Tədqiqatda 1000 respondent iştirak edib. Məlum olub ki, gənc macarların təqribən yarısının (47 faizinin) fikrincə, onlar hələ 25 yaşa çatana qədər pul yığmağa başlamalıdırlar. Bununla bərabər, "Vilggazdasg" qəzetinin yazdığına görə, "OTP Nyugdjpnztr" fonduna qoşulanların əksəriyyətinin yaşı 40-a yaxındır.
Respondentlərin 70 faizi bildirib ki, onlar pensiyaya çıxandan sonra maliyyə vəziyyətlərinin sabit olması üçün ideal halda 18 yaşdan 35 yaşa qədər qənaət etməyə başlamalıdırlar. Doğrudur, bu respondentlər müvafiq qaydada hərəkət etmirlər, buna baxmayaraq, tədqiqat göstərir ki, mentalitetdə müsbət irəliləyiş başlanıb. 1980-ci illərdə və 1990-cı illərin əvvəlində doğulmuş gənc macarların fikrincə, onlar 25 yaşa çatana qədər qənaət etməyə başlamalıdırlar. Belə respondentlərin sayı Macarıstanın ümumi aktiv əhalisinin verdiyi cavablarla müqayisədə təqribən 20 faiz çoxdur.
Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, bizdə 90-cı illərdə baş verən proseslərlə bağlı xeyli qarışıqlıq oldu deyə, pensiya ilə bağlı təsəvvürlər də qarışdı. İnsanların çoxu pensiya yaşına qədər yaşayacağına belə ümid etmirdi: "İnsanların başı çörək pulu qazanmağa o qədər qarışmışdı ki, pensiya barədə düşünmək yadına düşmürdü. Düzdür, son illər insanlarımız arasında bu barədə söz-söhbətlər gedir, ancaq birmənalı olaraq insanlarımızın pensiya yaşı, təqaüdçü olduğu illərdə nələr edə biləcəyi barəsində düşündüyünü deyə bilmərəm. Bir məsələ var ki, ayrı-ayrı insanlar iş axtaranda əməkhaqqı ödəmələrinə diqqət yetirirlər ki, təqaüdə çıxanda normal vəsait ala bilsinlər. Gənclər yox, nisbətən yaşlı insanlar bu barədə müəyyən qədər diqqətli olmağa çalışır. İnsanların çoxu pensiya yaşından daha çox gəlirli iş tapmaq haqqında fikirləşir. Ümumiyyətlə, Azərbaycan kimi ölkələrdə vətəndaşlar sabahdan daha çox bu günü barədə düşünür. Hansı işdə işləsəm, qocalanda yaxşı pensiya alaram demir, əsas odur əməkhaqqı yüksək olsun. Sosial ödəməsi o qədər də vacib deyil. Macarıstanda oturuşmuş bir sistem var, onlar bilirlər ki, harada işləsələr daha yaxşı pensiya alacaqlar".
Şair Aqşin Yenisey isə bu yaxınlarda yaponlar haqqında bir yazı oxuduğunu deyib:
"Macarlardan fərqli olaraq yaponlar təqaüdə gec çıxmaq istədiklərini bildirirdilər o yazıda. Səbəb kimi də Yaponiyada orta yaş həddinin 80-i keçdiyini göstərirdilər. Adamlar 60-70 yaşında təqaüdə çıxıb 20 il çayxana sərgərdanı olmaq istəmirlər. Təqaüd yaşından gileylənən insanlar, adətən, səhiyyənin pis vəziyyətdə olduğu, orta yaş həddinin 60-lar arasında bitdiyi ölkələrin sakinləridir. Çünki orta yaş həddinin aşağı olması, xəstəliklərdən ölmək riski onlara qocalıqlarına ömür çatmayacağını diktə edir. Bu, sırf sosial bir məsələdir, xalqın milli psixologiyası ilə az bağlıdır. Bizdə də yaxşı vəzifədə işləyən, xəstələnərsə xaricdə müalicə olunmaq lüksu olan adamlar ölənəcən işləyirlər. Sosiallaşmamış, daha çox adət-ənənə üzərində formalaşan bizim kimi cəmiyyətlərdə qocalıq dövlətdən, cəmiyyətdən çox, övladların boynuna qoyulan yükdür. Ona görə qocalığa qarşı bir arxayınlıq var. Bu arxayınlığın nəticəsidir ki, bizdə gənc atalar və analar öz qocalıqlarına tədarük görməkdənsə, cəmiyyətin və dövlətin vətəndaş yetişdirmək funksiyasını öz üzərlərinə götürüb həmin məbləği övladlarının gələcəyinə yatırırlar. Və bunu sonra tələb edəcəklər. Çünki onlar bilirlər ki, fransız, alman, italyan valideynlərdən fərqli olaraq onlar uşaqlarını dövlət və cəmiyyət üçün deyil, özləri, öz qocalıqları üçün böyüdüblər, heç vaxt da tək və öz təqaüdləri ilə yaşamayacaqlar".
Şəymən