"QTA-nın "Tonqal"dakı zəhərlənməyə dair açıqlaması ilə razı deyiləm" - EKSPERT

"Restoranlarda zəhərlənmə halları yaşandıqda onun dəqiq səbəbləri aşkar edilməsə, belə olayların çox şahidi olacağıq”
Bunu "Sherg.az”a "Tonqal” restoranındakı zəhərlənmənin səbəbləri barəsində danışarkən Azad İstehlakçılar Birliyinin(AİB) sədri Eyyub Hüseynov bildirib.
Onun sözlərində görə, AİB-in ATV televizyası ilə birgə həyata keçirdiyi layihədən sonra restoranların mətbəxlərində müəyyən işlər aparıldı:
"Layihə zamanı aşkar olundu ki, şəhərin ən qabaqcıl, prestijli restoranlarının mətbəxi acınacaqlı vəziyyətdədir. Müştərilər mətbəxdə baş verənlərdən xəbərsizdir. Məsələn, şəhərin mərkəzində yerləşən restoranlardan birinin mətbəxi bərbad gündə idi. Həmçinin orada köhnə yeməklərin qızdırılıb, yenidən müştəriyə verilməsi halları aşkarlandı.
Bundan başqa "Konfort” restoranının da mətbəği çox pis vəziyyətdə idi. Sahibkar dörd gün ərzində onun mətbəxini dəyişdi. Hazırda ölkədə yeganə restorandır ki, zaldakı müştərilər monitorlar vasitəsi ilə mətbəxdəki prosesləri izləyə bilir. Biz çalışırıq ki, istehlakçının mətbəxlə bağlı informasiya almaq hüququnu təmin edək.
"Tonqal” restoranındakı zəhərlənməyə gəldikdə, restoran rəhbərliyi və Qida Təhlükəsizliyi Agentliyinin (QTA) verdiyi açıqlama ilə razı deyiləm. 20 ildir istehlakçı hüququnu qoruyuram. Heç vaxt görməmişəm ki, Azərbaycan həkimi fabrik və zavodlarda hazırlanmış qida məhsulunun zəhərlənmə vasitəsi kimi adını çəksin.
Ona görə çəkmir ki, Səhiyyə Nazirliyi bütün məhsullara gigenik sertifikat verir. Bundan əlavə restoranda zəhərlənmənin bir ailəyə aid olması təəccüblüdür və qeyri-məntiqidir. Zəhərlənmə zamanı əlaqədar qurumlar olayın başlanığıcı kimi sahibi məlum olmayan istehlak vasitlərini və ya restoranın özünün hazırlamadığı qidaları göstərir. Hər zaman bu fənd işlədilir. Düşünürəm ki, zəhərlənmə ilə bağlı "Tonqal” restoranında ətraflı araşdırma aparılmalıdır. Dəqiq olaraq buna səbəb olan məhsul müəyyənləşməlidir".
Qeyd edək ki, avqustun 11-də Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev prospekti 82 ünvanında yerləşən "Tonqal” restoranında baş vermiş kütləvi zəhərlənmə hadisəsi ilə bağlı daxil olmuş məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyində dərhal operativ işçi qrupu yaradılıb. Hadisənin baş verdiyi restoranda, zəhərlənən şəxslərin yerləşdirildiyi Klinik Tibbi Mərkəzdə və 2 saylı Uşaq Kliniki Xəstəxanasında qida təhlükəsizliyi araşdırmalarına başlanılıb.Məlum olub ki, zəhərlənən 13 nəfərdən 11-i aparılan müayinə və müalicələrdən sonra evə buraxılmış, 2 nəfər azyaşlının müalicəsi isə 2 saylı Uşaq Kliniki Xəstəxanasında davam etdirilir. Hazırda onların vəziyyəti qənaətbəxşdir.
Kənan Eynuroğlu