Qurtuluşu xəbər verən milli mətbuat...

Bakının azad olunması xəbərini ilk dəfə “Azərbaycan" qəzeti yayıb



(əvvəli ötən sayımızda)

Bakının azad olunması xəbərini ilk dəfə "Azərbaycan" qəzeti yayıb. 1918-ci ilin sentyabrında "Azərbaycan" qəzeti Yelizavetpol qubernatorunun mətbəəsində nəşr olunurdu. Bu barədə tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı "Qafqaz İslam Ordusu Cümhuriyyət dövrü mətbuatında" əsərində yazır:

- Bakının azad olunması xəbərini sentyabrın 15-də Gəncədə Yelizavetpol qubernatorunun mətbəəsində çap olunan "Azərbaycan" qəzeti xəbər verdi. Dörd səhifədən ibarət olan bu qəzetin iki səhifəsi Azərbaycan türkcəsində, iki səhifəsi isə rus dilində buraxılırdı. Qəzetin Gəncədə cəmi dörd nömrəsi çap olunmuşdu ki, axırıncı, yəni dördüncü nömrəsinin üç səhifəsi rus dilində, bir səhifəsi isə Azərbaycan türkcəsində idi. "Azərbaycan"ın ilk sayında Bakının azad olunması, Qafqaz İslam Ordusunun qardaş köməyi barəsində yazılar, informasiyalar kifayət qədər maraq doğurur. Bu haqda xəbərlərdə deyilirdi ki, Azərbaycan Cümhuriyyəti hökuməti adına Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa həzrətləri tərəfindən belə bir teleqram gəlmişdi: "Bismillahir-rəhmanir-rəhim. Bakı şəhəri 15:09, saat 9-a işləmiş igid ordu hissələrimiz tərəfindən zəbt olundu. Qafqaz İslam Ordusu komandanı Feriq Nuru". Qəzetin ilk sayında "Bakının süqutu" başlığı altında xeyli sayda təbrik teleqramları dərc olunmuşdu: "Bakının süqutu münasibətilə Azərbaycan Cümhuriyyəti rəyasətinə təbrik teleqramları göndərilmişdir: 

"Qafqaz İslam Ordusu komandanı səadətli Nuru Paşa həzrətlərinə. Təhti komandanızda olan cəsur türk əsgərləriniz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşməndən xilas edildiyi münasibətilə millətin zati ali hümiyyət pərvərənələrinizi dünyanın ən nəcib əsgəri olan türk oğullarına minnətdar olduğunu ərz etməklə iftixar edirəm, efendim. Heyəti vükəla rəisi Fətəli xan". Milli hökumətin baş nazirinin digər bir təbrik teleqramı Şərq orduları qrup komandanı Xəlil Paşaya ünvanlanıb: "Bakının, Azərbaycanın istiqbalının səadətini təmin edəcək və türk aləminin ikinci bir İstanbulu olmağa layiq bir mərkəzin türkün cəngavər, namuslu övladlarının qəhrəmancasına hücumları sayəsində düşmənlərdən xilası münasibətilə zati ali hümiyyət pərvərənələrini ən səmimi bir surətdə təbrik edirəm". Qəzetin elə bu sayında belə bir məlumat da öz əksini tapmışdır:

 "Bu gün saat 1 radələrində redaksiyaya teleqram dəxi alınmışdı. Gəncədə Azərbaycan Cümhuriyyəti əliyyəsinə. Azərbaycan Cümhuriyyətinin paytaxtı olan Bakı şəhərini ziyarət etmək üzrə heyəti vükəlasının yarın Bakıya təşriflərinə müntəzirəm, əfəndim. Yavəran həzrət şəhriyardan Feriq Nuru". Ordunun Bakını azad edib Azərbaycanı "başsız bədən" olmaqdan qurtarandan sonra Nuru Paşanın sayğı ilə Azərbaycan Cümhuriyyəti rəhbərini paytaxta dəvət etməsi onu göstərir ki, artıq yersiz mübahisələr aradan qaldırılmış, komandanlıqla siyasi rəhbərlik arasında münasibətlər normallaşmışdı. Bakı azad edildikdən sonra Osmanlı-Azərbaycan münasibətlərinə toxunan T.Svyatoçovski yazır: "Osmanlı generalı artıq Azərbaycanın daxili işlərinə qarışmaqda son dərəcə ehtiyatlı hərəkət edirdi, hərbi məsələlər istisna olunarsa, bütün qalan işlərin yerli hakimiyyət tərəfindən həyata keçirilməsini gözləyirdi". Qafqaz İslam Ordusu komandanlığının əvvəlki mövqeyinin dəyişməsi müstəqil dövlət idarəçiliyini bərqərar etmək istiqamətində Azərbaycan hökumətinin atdığı prinsipial addımlarla bağlı idi. Bakının azad edilməsi barədə məlumatı Ənvər Paşa İstanbulda olan Azərbaycan nümayəndələrinə çatdırdı: "Əmin bəy, Bakı alındı".

"Azərbaycan"ın ikinci sayında M.Ə.Rəsulzadənin baş nazir Fətəli Xan Xoyskiyə ünvanladığı təbrik teleqramı dərc olunmuşdu: "Paytaxtımızın istidadından dolayı təht-idarə alilərində bulunan hökumətimizi səmimi təbrik ilə Bakının yeni türk ellərinin ixtilası üçün sarsılmaz bir qələyi mətin olması ümidi ilə bütün arkadaşlarımızla öpüşürüz. Azərbaycan heyət mürəxəsəsi naminə Məhəmməd Əmin Rəsulzadə".

"Azərbaycan" qəzetinin sentyabr ayının 15-də çıxan ilk sayında "Bakının süqutu" rubrikası altında dərc edilən məlumatda 30 min ingilis, rus və erməninin əsir götürüldüyü bildirilirdi. Digər bir məlumatda isə Bakının alınması zamanı 8000 ingilis əsgərinin əsir alındığı əksini tapırdı.
"Verilən məlumatlara görə, Mərkəzi Donanma və türk komandanlığı arasında hərbi əsirlərin dəyişdirilməsinə dair müqavilə imzalanıb. Mərkəzi Donanma Nargin adasında saxlanılan türk-alman-avstriyalı hərbçilərdən ibarət 2 min məhbusun azad olunmasına dair öhdəlik götürüb ("Azərbaycan" qəzeti, 19 seniyabr 1918. № 4). "Türk komandanlığı Bakı ətrafında əsir götürülmüş hərbçilərin, eləcə də məhbusların azad olunmasına razılıq verib" . Bu xəbər "Astarxan Şurasının xəbərləri" qəzetinə istinadən ''Azərbaycan" qəzeti 24 sentyabr tarixli sayında da dərc etdirib.
Sentyabrın 17-də Bakıya daxil olan Azərbaycan hökuməti yaranmış qarşıdurmanın milli qırğın səviyyəsinə qalxmasına imkan vermədi. Sonralar Azərbaycan hökumətinin parlament qarşısında verdiyi hesabatda baş nazir Fətəli Xan Xoyski deyirdi: "Doğrudur, şəhər alınarkən bəzi müəssəfi hadisələr vağe olmuşdu, hökumət bunu gizlətmiyor və gizlətməyi layiq bilmiyor. Doğrudur, çox adam əziyyət çəkmişdir, fəqət mümkün idimi ki, hökumət bunların qarşısını tamamilə ala idi? Zənnimcə, insaf gözü ilə baxanlar etiraf edirlər ki, dünyada heç bir hökumət bunun qarşısını ala bilməzdi, burada müsəlmanlar qırılmışdı, hüquqları ayaqlar altında tapdanmış, şəhər üç ay dava etdikdən sonra alınmış, nəticədə acıqlı camaat - əlbət ki, hökumət acıqlı deyildir və əsgər şəhərə girərkən hadisənin önünü almaq mümkün idimi?" ("Azərbaycan" qəzeti, 18 sentyabr 1918-ci il. "Gəncə. 19 sentyabr" məqaləsi. Səh.2).

Azərbaycanın istiqlaliyyətini istəməyən, bu ölkəni öz iqtisadi-siyasi maraqları içərisində görmək istəyənlərdən fərqli olaraq qardaş Türkiyə sevincimizə şərik çıxırdı. Şəhərdə bayram əhval-ruhiyyəsi yaşanırdı. Baş nazir Fətəli Xan Xoyski deyirdi: "Bizim də həyatda yaşamağa hüququmuz vardı. Heç bir zirehli maşın, hidroplan, aeroplan, məftilli çəpər, mina və sair texniki qurğu, heç bir ingilis, heç bir qüvvə və onların havadarları tarixin təbii axarına mane ola bilmədilər. Bakının 50 minlik qoşun və texnika ilə birlikdə kiçik bir qüvvənin həmləsi qarşısında sükutu başqasının fəlakəti üzərində öz xoşbəxtliyini qurmaq istəyənlərə ibrət dərsi olmalıdır" ("Azərbaycan" qəzeti).

Dirçələn milli mətbuat

Paytaxtın geri alınmasından sonra Gəncədə olan Qafqaz İslam Ordusu qərargahı şəhərin azad olunması ilə bağlı Bakıya köçmüşdü. Mətbəəsi 31 martda dağıdılan "Açıq söz" qəzeti öz fəaliyyətini bərpa etdi. Qəzetin 20 sentyabr tarixli sayında Abdulla Şaiqin "Niyə belə gecikdin" şeiri Qafqaz İslam Ordusunun azadlıq yürüşünün tərənnümü idi. Azərbaycan paytaxtının türk əsgərinin köməyi ilə azad edilməsi Azərbaycan türkləri üçün sonsuz bir sevinc gətirmişdi. Ordu komandanlığı sentyabrın 16-da bu təntənəli tarixi qeyd etmək, hərbi hissələrin paradını, rəsmi keçidini keçirmək qərarına gəldi. Şəhərin tamamilə düşməndən azad olunan günü Nuru Paşa Mürsəl Paşaya belə bir teleqram göndərmişdi: "Xəlil Paşa həzrətləri ilə sabah Puta stansiyasından hərəkət edərək günortadan əvvəl, saat 10-da Bakıya daxil olacağam. Rəsmi keçidi buna görə Bakının şimal stansiyası civarında, münasib yerdə keçirməyi rica edirəm".

Azərbaycan hökumətinin Bakıya köçməsi ilə baş nazir Fətəli Xan Xoyski hökumət bəyannaməsini müxtəlif qəzetlərdə dərc etdirirdi: 

"Paytaxta, yeni Bakıya köçmüş Azərbaycan hökuməti şəhərdə və ətrafda yaşayan bütün əhaliyə din və millət fərqi qoymadan əmr edir: "heç bir millətə pis münasibət bəslənməyəcək, caniləri, soyğunçuları, qatilləri və camaatın asayişini pozanları hökumət ağır cəzaya, edama belə düçar edəcəkdir. Əhali bunu bilməlidir ki, cinayətlə, soyğun və qarətlə məşğul olanları harada görsələr, lazımi orqanlara xəbər versinlər. Türk və Azərbaycan hökumətinin şan və şərəfinə yaraşmaz ki, onun paytaxtında günahsız adamların haqq və hüququna təcavüz olunsun".

Nuru Paşa öz xatirəsində bir çox məsələlər kimi mətbuatın vəziyyətinə də toxunmuşdu: 

"Bakıda "Azərbaycan" namında bir türkcə (rəsmi hökumət qəzetəsi) bir də rusca qəzet nəşr edilirdi. Bu qəzetlər mövqe komandanlığından bir senzor heyəti tərəfindən müraqiə edilirdi" ("Borba" qəzeti). Əsasən hərbi məzmunlu yazılarda senzorun kəsmiş olduğu hissələr, ağ yerlər "Azərbaycan" qəzetinin az sayda nüsxələrində açıq-aydın görünür ki, bu da Azərbaycan Cümhuriyyətini ideoloji təxribatlardan qorumaq mahiyyəti daşıyırdı. Qafqaz İslam Ordusunun komandanı əhali ilə ünsiyyəti artırır, onların problemləri ilə yaxından tanış olurdu. Hətta Nuru Paşanın qəbul saatları ilə bağlı qəzetlərdə elanlar dərc edilirdi: "Bütün hamıya ərz edirəm ki, Azərbaycan ordusunun baş komandanı əlahəzrət cənabları ilə şəxsi görüş üçün bütün vətəndaşlar ziyarətə bir gün qalmış baş komandanın baş adyutantına yaxınlaşaraq qəbula yazılsınlar. Ziyarətçilər gün ərzində saat 10:00-dan 12:00-a qədər qəbul oluna bilərlər" ("Azərbaycan" qəzeti ).

Bütün bu tədbirlərlə yanaşı, Nuru Paşa ətraf rayonlara səfər edir, xalqla birbaşa təmas qururdu. Onun növbəti səfərlərindən biri oktyabr ayının 5-də Qubaya oldu. Bu barədə "Azərbaycan" qəzeti yazırdı: "Ruhanilər başda olmaqla bir neçə min əhali Paşa cənablarını qarşılamışlar. Şəhər xalçalarla bəzənib, damlarda bayraqları küləklər oxşayır. Küçələrə xalçalar, gəbələr döşənib. Salavat səsləri və "min yaşa, paşam" alqışları eşidilir, ta uzaqlara gedir. Avtomobillər irəliləyirlər. İki tərəfdə adamlar dayanıb. Quba qayimməqamı Əmir Xan Xoyski paşaları qarşılayıb ruhanilərlə birlikdə salamlayır. Ənvər Paşa, Nuru Paşa və Mürsəl Paşaya həsr olunmuş nəğmələr oxunur. 

Məktəblilər "Yaşasın paşamız!", "Yaşasın ordumuz!" deyə oxuyurlar". Qubada xalqın xilaskar kimi qarşıladığı Nuru Paşa öz çıxışında 19 yaşdan 24 yaşınadək olanların hərbi xidmət keçməsinin vacibliyindən danışır. Azərbaycanın istiqlala qovuşması üçün böyük fədakarlıqlar göstərmiş, Bakı azad olduqdan sonra Bakui ləqəbini götürmüş Mürsəl Paşa qəzetlərin verdiyi məlumata görə, şəhər xəstəxanalarına gedib yaralı əsgərlərə baş çəkmiş, onlara tütün, təsbeh paylamış, hallarını yoxlamışdı. Bütün bu addımlar insanlarda orduya qarşı inam, sevgi yaradır, insanlar rahat dolanır, asudə fəaliyyət göstərirdilər. 

Türk əsgəri ilə Azərbaycan oğullarının çiyin-çiyinə verib Azərbaycanın istiqlalını qorumağını, müstəqil milli ordumuzun formalaşmağını istəməyən qüvvələr isə şayiələr yayır, Osmanlı ordusunun tezliklə geri çəkiləcəyi barəsində danışırdılar. Bu cür məlumatların yayılmasının qarşısını almaq üçün Nuru Paşa qəzetlərdə çıxış etməli olmuşdur. "Mənə çatan məlumatlara görə, bəd niyyətli insanlar Azərbaycandakı Osmanlı hökumətinin qoşunlarının geriyə - Türkiyəyə qaytarılmasına dair şayiələr yayırlar. Osmanlı dövlətinin hazırda Azərbaycan ərazisində olan bir qrup əsgərə ehtiyacı yoxdur. Hərbi hissələrin yeniləri ilə əvəzlənməsi, xidmət yerlərinin dəyişdirilməsi heç də qoşunların geri çəkilməsi demək deyil. Tanrıya şükür ki, Azərbaycan hər cür düşmən niyyətlərinə duruş gətirmək üçün kifayət qədər güçlüdür və gələcəkdə də bu cür olacaqdır"( "Azərbaycan" qəzeti, 6 noyabr (24 oktyabr) 1918-ci il № 28).

Dövri mətbuatın bu şəkildə incələnməsi milli ziyalılarımızın istiqlala, müstəqilliyə necə böyük dəyər verdiyinin göstəricisi idi. Həqiqətən də milli mətbuatımız üzərinə düşən vətəndaşlıq vəzifəsini layiqincə yerinə yetirmişdi.

Məlahət Rzayeva

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb