Razılığa gəldilər: Gürcüstan və Rusiya arasında birbaşa aviareyslər işə salınır

Georgi Marqvelaşvili Vladimir Putinə şərt qoydu
 Gürcüstan və  Rusiyanın aviasiya qüvvələri 2015-ci ilin 31 yanvarına kimi 18 aviareysin həyata keçirilməsi üzrə razılığa gəliblər. Bu barədə dünən Rusiya XİN xəbər yayıb.
Tərəflər eləcə də 2015-ci ilin yanvarında bu və digər məsələlərin son həllinə çatmaq üçün iki ölkənin aviasiya qüvvələrinin danışıqlarını davam etmək razılığına gəliblər.
Xatırladaq ki, Gürcüstan və Rusiya arasında mütəmadi hava hərəkəti 2008-ci ilin avqustundan kəsilib. Bu ilin sentyabr ayında çarter ryslərdən mütəmadi reyslərə keçid elan olacağı elan edilmişdi.
Dünən həmçinin maraqlı bir xəbər də yayıldı. Gürcüstan prezidenti Georgi Marqvelaşvili Rusiya prezidenti Vladimir Putinlə görüşə hazır olduğunu söyləyib. Musavat.com-un gürcü KİV-ə istinadən verdiyi xəbərə görə, lakin Marqvelaşvili görüşün reallaşması üçün bir şərt qoyub - əgər söhbət Gürcüstanın ərazi bütövlüyünün bərpasından gedəcəksə.
Bu barədə onun xarici siyasət məsələləri üzrə məsləhətçisi Tenqiz Pxaladze açıqlama verib. "Prezident hər kəslə görüşməyə hazırdır əgər söhbət ərazi bütövlüyünün bərpa olunmasından gedəcəksə” – deyib məsləhətçi.
Kremlin bu bəyanata hansı reaksiya verdiyi bəlli deyil.