Vüsal Məmmədov: “Cəmiyyətdə polisin müsbət imicinin formalaşması son dərəcə vacibdir”
“Regional media qrup”ları DİN-in uğurlu addımıdır
Hafiz Heydərov: “Bu, media ilə əlaqələrin daha sıx, operativ, dəqiq qurulmasına böyük kömək edəcək”
Vüsal Məmmədov: “Cəmiyyətdə polisin müsbət imicinin formalaşması son dərəcə vacibdir”
Vüsal Məmmədov: “Cəmiyyətdə polisin müsbət imicinin formalaşması son dərəcə vacibdir”
Murad Əliyev: "Həmin mətbuat xidməti işinə jurnalistlərin cəlb edilməsi, daha peşəkar işin ərsəyə gəlməsinə səbəb olacaq”
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupların fəaliyyətə başlaması mediada böyük razılıqla qarşılanıb. DİN media ilə sıx təmasda olan, necə deyərlər, jurnalistləri incitməyən dövlət orqanlarından biridir. İndiyədək jurnalistlər DİN-in mətbuat xidmətinin fəaliyyətindən narazılıq etməyib. Amma iş regionlara gəlincə, burada, bəli, problemlər yaşanır. Bəzən hansısa bölgədə baş vermiş hadisə barədə yerindən məlumat almaq mümkün olmur. İstiqamət mərkəz - DİN mətbuat xidməti göstərilir. Bu isə jurnalistlərin işini ləngidir, operativliyə xələl gətirir. Həmkarlarımız da bu fikirdədir ki, regional qrupların yaradılması ilə ləngimə aradan qalxacaq, media bölgələrdən daha çevik, operativ məlumatlar əldə edə biləcəklər.
6 regional qrup medianın böyük köməkçisi olacaq
Əvvəlcə, regional qruplar haqqında. Bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadənin açıqlaması var. Rəis müavini bildirir ki, cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində ərazi polis orqanları tərəfindən həyata keçirilən tədbirlərin nəticələri, eləcə də cinayət hadisələri barədə KİV nümayəndələrini və ictimaiyyəti daha ətraflı və operativ şəkildə məlumatlandırmaq, polis-media münasibətlərinin daha da yaxınlaşdırılması məqsədilə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizin 6 bölgəsində - Gəncə, Şirvan, Quba, Lənkəran, Şəki və Bərdə şəhər və rayonlarında mətbuat xidmətinə bilavasitə tabe olan regional qruplar yaradıb.
Daxili İşlər Nazirliyi öncə kütləvi informasiya vasitələrində xidmətə qəbulla əlaqədar müsabiqənin keçirilməsi barədə elanlar verib. Şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşən qəbul zamanı dövlət ali təhsil müəssisələrini məhz jurnalist ixtisası üzrə bitirmiş, media qurumlarında işləmək təcrübəsi olan, yaşı 30-dan yuxarı olmayan və həqiqi hərbi xidmət müddətini başa vurmuş şəxslərə üstünlük verilib. Seçimin sonunda iştirakçılar arasından daha hazırlıqlı olan 6 nəfər "polis leytenantı” xüsusi rütbələri verilməklə həmin vəzifələrə təyin olunub.
Polis leytenantları Eşqin Qasımov Gəncə, Toğrul Nəsirli Şirvan, Nizam Həmidov Quba, Məhəmməd Rzayev Lənkəran, Mahir Məsimov Şəki, Aslan Qiyaslı isə Bərdə şəhəri daxil olmaqla adları çəkilən bölgələrdə artıq xidmətə başlayıblar”.
Bəs DİN mətbuat xidmətinin regional qruplarının yaradılması hüquq-mühafizə orqanları ilə media əlaqələrinin daha sıx qurulmasında hansı rolu oynaya biləcək? Həmkarlarımız müsbət nəticələr əldə ediləcəyinə inanırmı?
Mövzu ilə bağlı media təmsilçilərinin fikirlərini öyrəndik.
Görəsən, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edən jurnalistlər, həmçinin elektron KİV-lər DİN-in bu addımını necə dəyərləndirir?
"Regionlardan məlumat almaq çox çətin idi”
APA informasiya agentliyinin əməkdaşı Hafiz Heydərov DİN-də KİV nümayəndələrini və ictimaiyyəti daha ətraflı və operativ məlumatlandırmaq məqsədilə 6 bölgədə regional qruplar yaradılmasını təqdirəlayiq hal kimi dəyərləndirir:
- Bu, çox müsbət hadisədir. Ümid edirəm ki, yeni təyinatlar özünü doğruldacaq. Ən azından bu qurumlara təyin olunmuş şəxslər bizim içərimizdən çıxmış jurnalistlərdir, onlar mətbuatla işləməyi daha yaxşı bilirlər və ümid edirəm ki, bu işin öhdəsindən layiqincə gələcəklər.
H.Heydərov qeyd etdi ki, DİN mətbuat xidmətinin regional qruplarının yaradılması operativliyin təminində də müsbət rol oynaya bilər:
- Əlbəttə ki, o qruplar lazımi şəkildə fəaliyyət göstərsələr, xəbərlərin operativ çatdırılmasında böyük üstünlük əldə edilmiş olacaq. Biz jurnalistlər bölgələrdən məlumatların alınması, təsdiqlənməsində çox əziyyət çəkirik. Dəfələrlə olub ki, nazirliyə sorğu ilə müraciət etməyi məsləhət görüblər, bu da ən azı 1 gün vaxtımızı alır, xəbər də operativliyini itirir. İndiki zamanda vaxt itkisi, həm də informasiya itkisi və oxucu itkisi deməkdir. Ona görə də operativlik, xəbərin tez və dəqiq çatdırılması müasir xəbərçiliyin ən əsas şərtidir. Bunun da təmin edilməsi rəsmi strukturlarda, müəssisə və təşkilatlarda fəaliyyət göstərən mətbuat xidmətlərindən asılıdır. Daxili İşlər Nazirliyinin mətbuat xidməti, ictimaiyyətlə əlaqələr şöbəsi mətbuatın ən yaxın dostlarından biridir. Hər hansı hadisə ilə bağlı DİN-dən məlumat almaq, hansısa informasiyanı dəqiqləşdirmək bizim üçün çətin olmur. Amma söhbət regionlarla bağlıdırsa, burada artıq çətinliklərlə üzləşirik. Daha doğrusu, bugünədək üzləşirdik. Bir halda ki, artıq regional qruplar yaradılıb, ümid edirik, bu, media ilə əlaqələrin daha sıx, operativ, dəqiq qurulmasına böyük kömək edəcək. Şəxsən mən jurnalistlik fəaliyyətimdə regionlarda baş vermiş hər hansı hadisə barədə məlumat almaq istədikdə, çətinliklə üzləşmişəm. Özüm bölgə müxbiri işləmişəm deyə, bu sahədəki çətinliklərə yaxından bələdəm. Bölgələrdə informasiya əldə etmək çox çətindir. Lazım olmayan, heç bir lüzum görünməyən yerdə problem yaranır. Mərkəzlə əlaqə saxlamalı olursan. Məsələn, rayon xəstəxanalarına mətbuata açıqlama vermək qadağası qoyulub. İnformasiyanı tanıdığımız, bələd olduğumuz adamlardan dəqiqləşdirməyə çalışırıq. Bu da bəzən səhvlərə yol açılmasına səbəb olur. Sonra da məcbur olub informasiyanı dəqiqləşdirilmiş formada yenidən işləyirik. Amma məsələn, Respublika Prokurorluğu bu sahədə xeyli irəli gedib. Hər bir rayon prokurorluğunun mətbuata məsul işçisi var. Onların vasitəsilə informasiya əldə etmək, xəbəri dəqiqləşdirmək xeyli asandır. Polis sistemində isə mətbuat xidmətinin regional qrupları bir ilkdir. Çox sevindiricidir ki, DİN mətbuat xidmətinin də regional qrupları yaradıldı. Bundan sonra işimizin asanlaşacağına inanıram.
H.Heydərov regional qruplara rəhbərlik edəcək şəxslərin jurnalist olmalarının da böyük üstünlüyü olduğunu dedi:
- Jurnalist jurnalisti daha yaxşı başa düşər və jurnalistə nə lazım olduğunu da biləcək. Yeni vəzifəyə təyinat alanları şəxsən tanımasam da, imzaları ilə tanışam. Bilirəm ki, öz içimizdən çıxanlardır. Əlbəttə, bunun da işimizin birgə təşkilində, əməkdaşlıqda böyük köməyi olacaq. Məhz jurnalistlərin mətbuat xidməti üzrə regional qruplara rəhbərlik etmələri, informasiyanın peşəkar hazırlanmasında da əhəmiyyətlidir. Peşəkarlar xəbərin hazırlanması və ötürülməsi mexanizmini çox gözəl bilir. Mən artıq DİN-dən regional qrupların əlaqə telefonlarını da almışam. Bundan sonra regionlarla bağlı məhz onlarla işbirliyində olacağam. İnanıram ki, bu, işlədiyim informasiya agentliyinin işinə də çox müsbət təsir edəcək.
Media ilə əlaqələr effektiv qurulmalıdır
Azvision.az informasiya portalının rəhbəri Vüsal Məmmədov da DİN mətbuat xidmətinin regional qruplarının yaradılmasını müsbət hal hesab edir:
- Mətbuat xidmətinin regional qruplarının yaradılması əlbəttə, müsbət haldır. DİN cəmiyyətə açıq bir qurum olmalıdır. Cəmiyyətdə polisin müsbət imicinin formalaşması son dərəcə vacibdir. Vətəndaş öz polisinə inanmalı, güvənməli, onu sevməlidir. Bunun əsas yollarından biri də polisin ictimaiyyətlə əlaqələrinin düzgün qurulmasıdır. Burada da əsas vəzifə media ilə əlaqələri düzgün qurmaq, media ilə əməkdaşlığa hər zaman açıq olmaqdır. Bu əlaqələr nə qədər möhkəm və yaxşı qurularsa, işin effektivliyi və polisin imici də o qədər yüksək olacaq. İnanıram ki, regional qrupların yaranması və bu qruplara da məhz jurnalistlərin cəlb edilməsi mediaya polisin bölgələrdəki fəaliyyəti haqqında asanlıqla informasiya əldə etmək imkanı verəcək. Nəticədə media daha çox informasiya əldə edə biləcək. Bu isə son dərəcə vacibdir. Çünki cinayətlər təkcə paytaxtda baş vermir. Bölgələrdə yaşayan vətəndaşlarımız da bilməlidir ki, təhlükəsizlikləri hansı səviyyədə qorunur.
Şayiələrin qarşısı alınacaq
Report.az informasiya agentliyinin baş redaktoru Murad Əliyev də regional qrupların yaranmasını alqışlayır:
- Hesab edirəm ki, Daxili İşlər Nazirliyinin regionlardakı idarələrində regional mətbuat xidmətinin yaradılması günün tələblərinə cavab verən addımdır. İlk növbədə, bu əməkdaşların fəaliyyətə başlaması polis orqanlarının fəaliyyətinin mətbuatda daha çevik şəkildə işıqlandırılmasına səbəb olacaq. Həmin mətbuat xidməti işinə jurnalistlərin cəlb edilməsi isə KİV-polis əlaqələrinin daha sıx xarakter alması, daha peşəkar işin ərsəyə gəlməsinə səbəb olacaq.
Qeyd edim ki, "Report” informasiya agentliyinin hazırda 10-dək regionda xüsusi müxbirləri fəaliyyət göstərir. Bu səbəbdən rayonlarda xəbər istehsalı prosesində olan problemlərdən yaxşı xəbərimiz var. Səbəblərdən biri ondan ibarətdir ki, rayon polis idarələrinin məsul əməkdaşları əksər sorğuları DİN mətbuat xidmətinə yönəldirdi, xəbər vermək səlahiyyətinin olmadığını bildirirdi. Bu isə xəbərin operativliyinin qaçmasına səbəb olurdu. Nəzərə almaq lazımdır ki, polisin fəaliyyəti cəmiyyətin bütün təbəqələrinin diqqəti mərkəzindədir və Daxili İşlər Nazirliyinə digər dövlət qurumlarından fərqli olaraq həm paytaxtdakı, həm regionlardakı hadisələrlə bağlı gündəlik olaraq onlarla sorğu ilə müraciət olunur.
Regional mətbuat xidmətlərinin yaradılması ilə bu problemin həll olacağını düşünürəm.
Eyni zamanda ümid edirik ki, regional mətbuat xidmətlərinə rayonda baş verən hadisələrlə əlaqədar mətbuat işçilərini məlumatla təmin etməkdə geniş səlahiyyət veriləcək. Əks təqdirdə yenə bütün yük DİN mətbuat xidmətinin üzərinə düşəcək.
Şübhəsiz ki, xəbərin dəqiqliyini, ciddiliyini qoruyub saxlayan redaksiyalar təsdiqlənməmiş xəbər yaymırlar. Biz də "Report” agentliyində bu prinsipləri əsas götürürük. Lakin bir sıra saytlar peyda olur ki, heç bir dəqiqləşdirmə aparmadan, şayiə əsasında hər hansı kriminal xarakterli xəbəri dərc edirlər. Bu hal əsasən regionlarla bağlı baş verir. Düşünürəm ki, regional mətbuat xidmətlərinin yaranması bunun da qarşısını alacaq.
Məlahət Rzayeva