Ölkədə 1500 məscid imam və axundsuz qalıb
“Problem qeydiyyatla bağlıdır, bu QMİ nümayəndələri ilə görüşümüzdə də təsdiqini tapdı”
Bakı İslam Universitetinin rektoru, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Sabir Həsənli ölkədəki 2100-ə yaxın məsciddən təxminən 1500-nün imam və axundsuz qaldığını deyib: "Bu da müəyyən xoşagəlməz halların meydana gəlməsinə səbəb olur. Dini ixtisas cəhətdən axsayan adamlar bəzən həmin məscidlərdə imamlıq, yaxud axundluq etməyə başlayır. Bu da islama ziddir. 1500 məscidimiz boşdursa, xaricdə oxuyub gələnlər və sairlər məscidlərə sərbəst şəkildə yiyələnirlər. Çünki məscid Allah evidir və işləməlidir, bağlı qala bilməz”.
QMİ-nin sədr müavini bildirib ki, belə halların qarşısının alınması üçün İslam Universitetinə ayrılan plan yerlərinin sayı artırılmalı və diplomu da tanınmalıdır. H.S.Həsənli qeyd edib ki, plan yerlərinin artırılması istənilsə də, buna müsbət cavab hələ də verilmir. Halbuki mövcud vəziyyət dini təhsil alanlara böyük ehtiyac olduğunu göstərir.
Məsələyə münasibət bildirən ilahiyyatçı Hacı Atif İsmayılov "Şərq”ə açıqlamasında qeyd etdi ki, məscidlərin imam-axundsuz qalmasının əsas səbəbi qeydiyyatla bağlıdır:
- Bu problem bizim QMİ nümayəndələri ilə görüşümüzdə də təsdiqini tapdı. Əsas səbəb məscidlərdəki dini icmaların rəsmi dövlət qeydiyyatının olmamasıdır. Qanuna əsasən ən azı 50 nəfərdən ibarət icma təşkil olunmalı, icmanın sədri seçilməli, bununla bağlı yerli orqanlara müraciət edilməli və yerli orqanların təsdiqi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim olunmalıdır. Bundan sonra artıq Dövlət Komitəsi qeydiyyatı rəsmiləşdirməli və icma da Nizamnamə çərçivəsində fəaliyyət göstərməlidir. Məsələn, Bakının Alatava adlanan ərazisində ibadət yeri yoxdur. Amma icma təşkil olunmur deyə, ibadət yeri də fəaliyyət göstərmir. Bu məsələdə insanlarımızın, əhalinin aktivliyi əsasdır. Dini icmaların təşkili əhalidən fəallıq tələb edir. Yəni, bu məsələdə nə Dövlət Komitəsinin, nə də Qafqaz Müsəlmanları İdarəsini qınaya bilərik. İcmanın sədrliyə təqdim etdiyi şəxsin QMİ tərəfindən təsdiqlənməsində problem olmur. Sadəcə, həmin şəxsin attestasiyadan keçməsi lazımdır. Yetər ki, təqdimat olsun. Gerisi asandır.
H.A.İsmayılov hesab edir ki, dini icmaların formalaşması prosesi yerli orqanların nəzarəti altında aparılmalıdır:
- Bu, daha yaxşıdır. Çünki yerli orqanlar ərazidə yaşayanları tanıyır, əraziyə bələddirlər. Yerli orqanlar və əhali fəallıq nümayiş etdirsə, məsələ ciddiləşər.
H.A.İsmayılov da boş qalmış məscidlərdən müəyyən qüvvələrin istifadə etməyə çalışdığını bildirdi:
- Bu boşluqdan yararlanmağa çalışanlar olur. Bəzi məscidlər var ki, kiminsə investisiyası ilə tikilib. Bir qisim məscidlərin təmirə ehtiyacı var. Demək olmaz ki, məscidlər, ibadət yerləri nəzarətsizdir. Bütün hallarda yerli orqanlar, hüquq-mühafizə orqanları nəzarət edir. Amma icmanın formalaşması və rəsmi qeydiyyat mütləq olmalıdır.
H.A.İsmayılov hesab edir ki, xaricdə dini təhsil almış şəxslərdən bütövlükdə imtina edilməməlidir, çünki onların arasında Vətəninə, dövlətinə bağlı xeyli sayda insan var:
- Əlbəttə, dini icma sədri və ya imam, axund seçilərkən şəxsin harada, hansı şəraitdə təhsil alması ciddi araşdırılmalıdır. Amma deyə bilərəm ki, xarici ölkələrdə din təhsili almış şəxslər arasında müasir dünyagörüşlü, intellektli, savadlı, dini biliklərə həqiqi yiyələnmiş insanlar kifayət qədərdir. Əlbəttə, yaxşı olardı ki, belə insanlar dini icma sədri, məscidin imamı və ya axundu təyin edilsin.
Məlahət Rzayeva