Rəqəmlər özü danışır
Ermənistan 1992-ci ildən Amerikadan 2 milyarddan artıq yardım alıb
Amerika Birləşmiş Ştatları gələn il Azərbaycana ayıracağı yardımlara ciddi korrektələr edib. Belə ki, ABŞ-ın Azərbaycana bu il 13,44 milyon dollar ayırmağı planlaşdırılır. Bunun 5.76 milyon dolları demokratiya, insan haqlarının müdafiəsi və daha yaxşı idarəetmə layihələrinə, 4.28 milyon dolları iqtisadi inkişafla bağlı sahələrə, 3.4 milyon dolları isə sülh və təhlükəsizliklə bağlı layihələrə nəzərdə tutulub.
Bu isə o mənaya gəlir ki, Amerika ötən illə müqayisədə Azərbaycana yardımların 4 milyon manata yaxın azaldılmasını planlaşdırıb. Ən böyük azalma da demokratiya və insan haqlarının müdafiəsi sahəsində layihələrin maliyyələşdirilməsi bölümündədir. ABŞ-ın Ermənistana ayırdığı yardımın miqdarı isə 25.74 milyon dollardır. Onlardan demokratiya, insan haqlarının müdafiəsinə 8.42, iqtisadi inkişafa 8.3, sülh və təhlükəsizliyə 7.29, təhsil və sosial xidmətlər 1.73 milyon dollar ayrılması nəzərdə tutulub.
Gürcüstana ayrılan maliyyə isə dəfələrlə çoxdur. ABŞ Gürcüstana ümumilikdə 75,07 milyon dollar ayıracaq ki, onun da 21.11 milyonu demokratiya, insan haqlarının müdafiəsinə yönələcək. İqtisadi inkişafa 13.81, sülh və təhlükəsizliyə 36.85, təhsil və sosial xidmətlərə 1.3, ətraf mühitin müdafiəsinə 2 milyon dollar ayrılacaq.
Əlbəttə, ABŞ-ın yardımlarında Azərbaycana azalmanın müşahidə olunması bir sıra suallar doğurur. Amma ABŞ-ın belə bir qərar qəbul etməsində də təsadüfi heç nə yoxdur. Çünki yardımlarda Gürcüstanın önəminin qabardılması da təsadüfi deyil. Çünki məhz bu dövlət hazırda regionda ABŞ-ın maraqlarının bir nömrəli müdafiəçisi qismində çıxış edir.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc da ABŞ-ın Azərbaycana ayırdığı maliyyə vəsaitini ayırmasını birmənalı qarşılamayıb. Millət vəkilinin sözlərinə görə, ABŞ-ın Ermənistana Azərbaycandan çox vəsait ayırmağı planlaşdırması bir növ Konqresin erməni təcavüzünü stimullaşdırması anlamına gəlir: "Bir neçə gün öncə ABŞ Konqresində "Ukraynanın azadlığına dəstək” adlı bir sənəd qəbul olunub. Başlıca istiqamətlərini isə maliyyə yardımları təşkil edib. Təbii ki, biz Amerika xalqının vergiləri hesabına formalaşmış büdcədən dövlətin hansı fonda vəsaitlər yönləndirməsinə qarışmaq fikrində deyilik. Bu onların səlahiyyətindədir. Əslində, hazırkı dönəmdə bizim davamız Amerikadan pul istəmək və daha çox maliyyə vəsaitlərinə layiq görülmək deyil. Əgər ABŞ doğrudan da düşünürsə ki, Azərbaycan region ölkələri sırasında özünün resursları, maddi imkanları və iqtisadi potensialı ilə üstündür, bunu anlamaq olar. Amma çox təəssüf ki, 10 illər ərzində Amerikanın Cənubi Qafqaz ölkələrinə maliyyə yardımı göstərməsində çox ciddi qeyri-bərabərsizliklər olub. Bu da əsasən siyasi maraqlar və geopolitik niyyətlərlə əlaqəlidir. Bunun əksini heç kəs iddia edə bilməz. Çünki rəqəmlər özü danışır və bizim dediklərimizi də sübut edir. Ermənistan 1992-ci ildən bu yana Amerikadan 2 milyarddan artıq yardım alıb. Qondarma respublika üçün edilən yardımlar isə 185 milyon dollardır. Həmin vəsaitlərin gerçək azadlığa, demokratiyaya, vətəndaş cəmiyyətlərinə nə qədər "xidmət” etdiyi isə göz önündədir. Hamı bilir ki, bu illər ərzində Ermənistan daha da geriyə gedib, eyni zamanda öz təcavüzkarlıq siyasətini daha da kəskinləşdirib. Həmin vəsaitlərdən sülh prosesi və təhlükəsizlik siyasətinə hansısa müsbət amildə fayda olmayıb”.
Z.Oruc deyib ki, Azərbaycan Birləşmiş Dövlətlərinin istənilən dövlətə, istədiyi maliyyə vəsaiti ayırmaq haqqını tanıyır, lakin biz bu məsələdə vəsaitlərin birmənalı şəkildə sülhə, əmin-amanlığa, bölgədəki stabilliyə xidmət etmədiyini də qeyd etməkdəyik: "Amerika bu dövr ərzində Ermənistana ayırdığı vəsaitləri dayandırsa idi, Ermənistan sülhə daha tez gələrdi. ABŞ bir yandan Donetsk rəhbərinin Hindistana getməsinə görə Rusiyanı günahlandırır, ona qarşı bütün ölkələri sanksiyalar etməyə çağırır, qarşılığında isə Bako Saakyan Konqres üzvləri ilə görüşə dəvət olunur”.
Azərbaycana ayrılan vəsaitin 5 milyonunun demokratiya, insan haqlarının müdafiəsi və daha yaxşı idarəetmə layihələrinə yönəldiləcəyini vurğulayan millət vəkilinin sözlərinə görə, bu məbləğ də əksər hallarda hakimiyyət əleyhdarlarının maliyyələşməsi kimi bir durum yaradır ki, bu da iki ölkə arasındakı münasibətlərə fayda vermir, hətta bəzən də ziyan vurur.
ABŞ-ın birdən-birə Gürcüstana bu qədər maliyyə vəsaiti ayırmasına gəldikdə isə millət vəkili deyib ki, Amerikanın Gürcüstanla bağlı müəyyən planları ola bilər: "Amerika özünün yardım siyasətində əsas müttəfiqi olan dövləti necə himayə etdiyini göstərir. Bir şeyi də nəzərə alaq ki, sözügedən məbləğ son deyil. Amerikanın başqa xarakterli layihələri hesabına Gürcüstanın hərbi sahəsinə və təhlükəsizliyinə dəstək göstərilir. Məhz bu səbəbdən də bir sıra dairələr Gürcüstanı ABŞ-ın 52-ci ştatı hesab edirlər. Məsələ bu vəsaitlə inqilabın başlanmasında və yeni qüvvələrin hakimiyyətə gətirilməsində deyil. Əslində Gürcüstana bu qədər vəsaitin artırılması Azərbaycanın da maraqlarına uyğundur. Çünki güclü Gürcüstan regional təhlükəsizliyə və Azərbaycanla əlaqələrə yaxşı təsir edə bilər. Amma iş ondadır ki, dövlətlər arasında qoyulan bu fərqlər bizə onu ifadə edir ki, meyar heç də azadlıqlar və demokratiya məsələsi deyil, sırf dövlət mənafeləridir. Ayrı-ayrı lobbiçi dairələrdə lazımi qurumlarda bunun kampaniyasını aparmaqdadırlar. Hər maliyyə ilinin əvvəlində konqres də bu siyasəti təsdiq edir. Bir daha demək istəyirəm ki, Azərbaycan özünün imkanları və resursları baxımından heç bir ölkədən xüsusi maliyyə yardımı tələb etmir, amma onu ummağa ixtiyarı var ki, ölkələr arasında normal bərabərlik işarəsi qoyulsun. Həmçinin də vəsaitlər təyinatı üzrə yönləndirilsin. Kim zəmanət verir ki, bu gün Ermənistana ayrılan 25.74 milyon dolları silaha və hərbi texnikaya yönəltməyəcək?”.
Şəymən