Rəsmi Tiflis Avaqyana büst qoyulmasına aydınlıq gətirməlidir

Gürcüstan belə bir şəxsə heykəl qoyulmasının Bakıda narazılıq yaradacağını düşünməli idi
Avaqyan kimi terrorçuya yox, Qarabağ döyüşündə şücaət göstərən qəhrəmanlardan birinə, ya da Milli Qəhrəmanımız Mübariz İbrahimovun büstü qoyulmalıdır


Yanvarın 20-də Gürcüstanın Axalkalaki şəhərində Azərbaycan torpaqlarının işğalında iştirak etmiş Mixail Avaqyana büstün qoyulması rəsmi Bakının sərt etirazına səbəb olub. Bununla əlaqədar, Azərbaycan XİN-in təlimatı əsasında Gürcüstandakı səfirimiz tərəfindən qonşu ölkə XİN-də dərhal görüş keçirilib və ölkəmizin etirazı qarşı tərəfin diqqətinə çatdırılıb. Eyni zamanda, Gürcüstanın ölkəmizdəki səfiri XİN-ə çağırılaraq məsələ ilə bağlı tədbirlərin görülməsi tələb edilib.
Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələr, tranzit neft və qaz daşımaları, dəmiryol daşımaları Gürcüstanın dövlət büdcəsinin 42 faizini təmin edir. Onlar isə qarşılığında dövlətçiliyinin bugünədək var olması üçün hər cür dəstək verən Azərbaycanın reaksiyasını heçə sayaraq, əli azərbaycanlıların qanına batmış "Kobra" ləqəbli erməni döyüşçüyə büst qoyub.

Qonşu ölkənin bu addımı haqlı olaraq dövlət rəsmiləri, millət vəkilləri, ictimaiyyət üzvləri, politoloqlarda ciddi etiraz və təəssüf doğurub.

Gürcüstanın bu addımının Azərbaycan üçün xoşagəlməz olduğunu vurğulayan Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri, "Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu hər iki dövlətin strateji tərəfdaş olduğunu deyib. 

Onun sözlərinə görə, Gürcüstanda Azərbaycanın böyük layihələri, investisiyaları var: "Gürcüstanın ən çətin vaxtlarında Azərbaycan hökuməti onun yanında olub, bir çox problemlərinin həll edilməsində bilavasitə iştirak edib. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili dəfələrlə deyib ki, Azərbaycanın dəstəyi olmasaydı, Gürcüstan heç vaxt öz müstəqilliyini qoruyub, ayaqda qala bilməzdi. Gürcüstan bizim beynəlxalq layihələrdən yararlanmasına rəğmən bizə qoyduqları hörmət budur. Büstün qoyulmasından Gürcüstan hakimiyyətinin xəbərsiz olmasını zənn etmirəm. Ola bilsin ki, əhəmiyyət verməyiblər. Azərbaycanda qətliam törədən bir şəxsə heykəl qoyulmasının Azərbaycan tərəfində narazılıq yaradacağını düşünməyiblər. 

Əgər belədirsə, onda Gürcüstan hökuməti Azərbaycanın müraciətinə reaksiya verməlidir. Ya o büst götürülməlidir, ya da adekvat addım atmalıdır. Hesab edirəm ki, azərbaycanlıların kompakt yaşadığı ərazilərin birində Qarabağ döyüşündə şücaət göstərən qəhrəmanlardan birinə, ya da Milli Qəhrəmanımız Mübariz İbrahimovun büstü qoyulmalıdır”.
Politoloq Qabil Hüseynli Gürcüstanın bu addımını bir etibarsızlıq nümunəsi kimi dəyərləndirib. Azərbaycanın imkanları hesabına gürcülərin ciddi siyasi fəlakətdən xilas olduqlarını vurğulayan politoloq deyib ki, günü bu gün də onlar bizim hesabımıza şad-xürrəm yaşayırlar: "Ruslar Abxaziya və Cənubi Osetiyanı işğal edib az qala Tbilisiyə doğru addımladığı zaman qazsız, işıqsız qalan Gürcüstanın bütün təminatını Azərbaycan öz üzərinə götürdü. Bundan əlavə digər sahələrdəki çatışmazlıqlarla bağlı humanitar yardımlar göndərdi. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bütün beynəlxalq layihələrə Gürcüstan da qoşulub. Bu da onun büdcə gəlirlərinin xeyli hissəsini tamamlayır. Bunun qarşılığında Gürcüstanın Azərbaycanla strateji əlaqələrini pisləşdirməyə doğru getməsi, əli azərbaycanlıların qanına batan bir terrorçuya ölkəsində büst qoyması və ya buna razılıq verməsi ancaq təəssüf doğurur. Çox güman ki, bu, onların içərisindəki ermənipərəst dönüklərin yeritdiyi siyasətin bir hissəsidir”.

Ümumiyyətlə, gürcülərin zaman-zaman bu kimi dönüklüklər etdiyini vurğulayan politoloq deyib ki, burada İvanaşvilinin personası görünür: "Azərbaycan torpaqlarının işğalında xüsusi rolu olan, Azərbaycan xalqının qanına əli bulaşmış şəxsin heykəli Gürcüstanda ucaldılırsa, bu, tərəfdaşlıq prinsiplərinə tamamilə ziddir və Azərbaycan hökuməti də bunu ilkin olaraq etiraz notası ilə cavablandırıb. Düşünürəm ki, Azərbaycan hökuməti bu büstün götürülməsinə nail ola biləcək”.
Qeyd edək ki, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov işçi qrupun üzvləri adından Gürcüstan parlamentinin Azərbaycan Milli Məclisi ilə Dostluq qrupunun rəhbəri Zviad Dzidziquriyə müraciət edib.

Müraciətdə Gürcüstan və Azərbaycan xalqları arasındakı tarixi dostluq və mehriban qonşuluq münasibətlərinin hər zaman özünün nümunəviliyi ilə diqqət çəkməsi Z.Dzidziqurinin nəzərinə çatdırılıb: "Parlamentlərimiz səviyyəsindəki qarşılıqlı işbirliyi hər iki xalqın ortaq maraq və mənafelərinin qorunmasına yönələn müstəsna təminatdır. Bu təminat zaman-zaman yaşanmış anlaşılmazlıqların və incikliklərin tez bir zamanda aradan qaldırılmasında da mühüm mənəvi dividentdir.

 Məlum olduğu kimi, 2019-cu il yanvarın 20-də Gürcüstanın Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf ərazilərinin işğalında, bu ərazilərdə azərbaycanlılara qarşı qətllərin törədilməsində birbaşa iştirak etmiş Mixail Avaqyanın büstü qoyulub. Bu hadisə ölkəmizin ictimai rəyində kifayət qədər mənfi rezonans doğurub. Biz istəməzdik ki, əli Azərbaycan xalqının qanına batmış bir cani qəhrəmanlıq simvolu kimi əbədiləşsin. Nəzərə alınmalıdır ki, Gürcüstan Azərbaycan kimi, etnik separatizmdən əziyyət çəkir. Onun da torpaqlarının 20 faizə qədəri zəbt olunub. M.Avaqyan isə həm də Gürcüstan torpaqlarının işğalında yaxından iştirakı ilə seçilib. O, faktiki olaraq hər iki xalqın düşmənidir.

Müasir dövrdə xalqlarımızı birləşdirən ağrı və acılar eynidir. Buna görə Azərbaycan dövləti hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstəyi özünün regional xarici siyasətinin başlıca prioriteti hesab etməkdədir. 

Azərbaycan üçün Gürcüstan həm də soydaşlarımızın kompakt məskunlaşdıqları, dost gürcü xalqı ilə mədəniyyət və məişəti, dövlətçilik ənənələrini birgə bölüşdükləri və yaşatdıqları Vətəndir. Hörmətli cənab Z.Dzidziquri, biz – Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri bu müraciətimizlə Gürcüstan-Azərbaycan Dostluq Qrupunun üzvlərini xalqlarımızı birləşdirən dəyərləri bölməyə, iki xalq arasında nifaq toxumu səpməyə çalışan qüvvələrə qarşı prinsipial mövqe nümayişinə çağırırıq. Sizlərin diqqətini yaranmış problemə ciddi şəkildə çəkməyi düşünür, məlum hadisədən narahatlığımızı bildiririk. İnanırıq ki, prinsipial mövqeyiniz sayəsində Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində qatil Mixail Avaqyana ucaldılmış abidə götürüləcəkdir. Məsələyə həssas yanaşacağınıza əminliyimizi ifadə edir, hər birinizə uğurlar arzulayırıq”.

Şəymən