Ekspertlər hesab edir ki, köç gücləndikcə Azərbaycanın əmək bazarında gərginlik yaşanacaq
Qərbin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar rublun sürətlə dəyərini itirməsinə səbəb olub. Bu arada əmək miqrantı kimi Rusiyada məskunlaşan və kiçik bizneslə məşğul olan azərbaycanlıların ölkəyə dönüşü güclənib. Müflis olan azərbaycanlılar artıq vətənə dönməyə başlayıblar.
Rusiyada vəziyyətin çətinləşməsi ilə əlaqədar azərbaycanlıların daha kütləvi şəkildə Vətənə qayıdacağı barədə məlumatlar yayılmaqdadır. Nəzərə almalıyıq ki, şimal qonşumuzun ərazisində xeyli sayda azərbaycanlı yaşayır və eyni zamanda dolanışıq dalınca bu ölkəyə üz tuturlar. Onların bu ölkənin vətəndaşı və yaxud da miqrant olmalarından asılı olmayaraq, soydaşlarımız hər il Azərbaycana milyonlarla dollar göndərir. Rusiyada iqtisadiyyatın çöküşü göndərilən vəsaitlərin kəskin şəkildə azalmasına və ya miqrantların kütləvi geri dönüşünə rəvac verə bilər. Görəsən, belə kütləvi dönüş olarsa, Azərbaycanda hansı fəsadlar, problemlər ortaya çıxa bilər? Azərbaycan iqtisadiyyatının yeni işçi ordusunu həzm etmək gücü varmı?
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov isə Rusiyada yaşayan azərbaycanlıların ölkəmizə dönəcəyi təqdirdə, əmək bazarında böyük gərginliyin müşahidə olunacağı qənaətindədir. "Azərbaycanlı miqrantların ölkəmizə qayıtma ehtimalı günbəgün artır. Sözsüz ki, belə bir təhlükə baş verərsə, əmək bazarında gərginlik pik həddə çatacaq. Çünki hazırda Azərbaycanda mövcud əmək ehtiyatları iş yerlərinin sayından qat-qat çoxdur. Əgər Rusiyada işləyən soydaşlarımız kütləvi şəkildə ölkəyə dönərsə, bu, Azərbaycanda işsizlərin sayının dəfələrlə artmasına gətirib çıxaracaq”. Ekspertin sözlərinə görə, Rusiyadan Azərbaycana köç başlayarsa, hökumət təcili olaraq xüsusi tədbirlər həyata keçirməlidir: "Bu tədbirlər həm qısa, həm də uzunmüddətli olmalıdır. Qısamüddətli tədbirlər ondan ibarət olmalıdır ki, ölkəyə qayıdan vətəndaşlara ya işsizlik statusu verilməli, ya da onlar peşə kurslarına cəlb olunmalıdır. Digər tərəfdən ölkədə qeyri-neft sektorunda iş yerlərinin sayı artırılmalıdır. Xüsusilə aqrar sektorun genişləndirilməsinə ehtiyac var. Təbii ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi uzunmüddətli tədbirlər planı çərçivəsində həyata keçirilməlidir. Çünki bu gün dövlət büdcəmizin əsasını neft sektorundan əldə olunan gəlirlər təşkil etsə də, bu sektorda iş yerlərinin sayı məhdud səviyyədədir. Bu baxımdan hökumətin əsas hədəfi qeyri-neft sektorunda inkişafa nail olmaq olmalıdır. Əks təqdirdə, azərbaycanlı miqrantların geri qayıtması ölkə iqtisadiyyatında ciddi fəsadlar yarada bilər”. Miqrantların Azərbaycana dönməsinin ölkənin əmək bazarında müəyyən gərginlik yaradacağını vurğulayan Liqa rəhbəri bildirib ki, Rusiyada işləyən azərbaycanlı miqrantların böyük bir qismi hər hansı ixtisasa malik olmayanlardır: "Buna görə də Azərbaycana qayıtdıqdan sonra onların işlə təmin olunmasında müəyyən çətinliklər yarana bilər. Dediyim kimi, həmin şəxslərin yerli əmək bazarına qayıtması mövcud bazardakı gərginliyi artıra bilər”.
Şəymən