Rusiya Azərbaycana qarşı diversant qrupları hazırlayır?

Qabil Hüseynli: “Rusiyanın Gümrüdəki hərbi bazasında hazırlana biləcək təxribatçı qrupun sayı vur-tut min nəfər olar ki, bu da Azərbaycan üçün öldürücü təhlükə demək deyil”




NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov Cənubi Qafqazın təhlükə ilə qarşı-qarşıya qaldığını bildirib. Rusiyanın bölgədə Ukrayna ssenarisindən istifadə edəcəyini bəyan edən institut rəhbərinin iddiasına görə, Gümrüdə mövcud olan hərbi hissədə xüsusi diversantlar Azərbaycan üçün hazırlıq görürlər.

Azərbaycan tərəfinin də bu barədə kifayət qədər məlumatlı olduğunu bildirən F.Məmmədov vurğulayıb ki, düşmən artıq qapıdadır və bu düşmən Azərbaycandan daha güclüdür. Ekspert hesab edir ki, təhlükələrdən qurtulmaq üçün Azərbaycan mütləq NATO və BMT-də təcili Cənubi Qafqaz böhranı masasının təşkil olunmasına təşəbbüs göstərməlidir.

F.Məmmədovun həyəcanlı analizini şərh edən sabiq dövlət müşaviri, siyasi ekspert politoloq Qabil Hüseynli Rusiya təhlükəsinin şişirdilməsinin tərəfdarı deyil. Politoloqun sözlərinə görə, Rusiya Ukrayna böhranının doğurduğu nəticələrdən xilas ola bilməyib: "Əlbəttə, Moskva Cənubi Qafqazda yeni bir münaqişə ocağının yaradılmasında maraqlıdır. Çünki bu, Azərbaycana təsir rıçağı deməkdir. Amma "təhlükə artıq qapıdadır” kimi həyəcanlı ifadələr reallığı əks etdirmir. Ola bilər ki, Gümrüdə hansısa diversant qruplar yaradılıb. Ancaq Azərbaycan silahlı qüvvələrinin onların qarşısında zəif və aciz olduğunu iddia etmək yersiz ifadələrdir. Ordumuz kifayət qədər güclüdür. Rusiyanın Gümrüdəki hərbi bazasında hazırlana biləcək təxribatçı qrupun sayı vur-tut min nəfər olar ki, bu da Azərbaycan üçün öldürücü təhlükə demək deyil. Dövlətimiz çox asanlıqla təxribatçı qrupları zərərsizləşdirə bilər. Hətta Gümrüdəki bütün şəxsi heyət üzərimizə hücum etsə belə, Azərbaycan onları dəf etməyə qadirdir”.

Q.Hüseynli bildirib ki, Azərbaycan Rusiya ilə təkbətək döyüşə girməyə hazır deyil. Amma dünya cəngəllik qanunları ilə idarə olunmur: "Rusiya özbaşına deyil ki, qabağına keçən hər şeyi pəncəsinin altına alsın. Dünya ayılıb. Artıq Rusiyanın ciddi təhlükə olduğu bütün beynəlxalq aləm tərəfindən qəbul edilir. Rusiyanın özündə də başa düşürlər ki, ölkədə ölümcül iqtisadi böhranın yaradılmasında Putinin yeritdiyi siyasət önəmli rol oynayır. Böhranın əlamətləri də günbəgün dərinləşir. Düzdür, Rusiya hərb mexanizmləri hazırlaya bilər və bunun vasitəsi ilə Azərbaycanı təhdid edər. Amma konkret fəaliyyətə keçə bilməz. Bunun üçün Moskva lazımi resurslara malik deyil”. Siyasi ekspertin fikrincə, Azərbaycan Rusiyanı qıcıqlandıran hərəkətlərə yol vermir: "Düzdür, Fransa prezidenti Ollandın təşəbbüsü ilə prezidentlər Parisdə görüşdü. Növbəti görüş də ABŞ-da gözlənilir. Amma Putinin təşəbbüsü ilə Azərbaycan-Ermənistan prezidentləri indiyədək düz 9 dəfə görüşüblər. Soçidə baş tutan görüş də Moskvanın nəzarəti altında keçirildi. Yəni hələki Kremlin "əsəbiləşməsinə” səbəb ola biləcək, Azərbaycan-Rusiya münasibətlərini gərginlik həddinə çatdıracaq faktlar yoxdur”.

İsmayıl