Rusiya çökür deyə, varlılar əl-ayağa düşüb

Həmyerlilərimizin Azərbaycandakı mülklərini satıb, Moskvada əmlak almaq iştahı çox risklidir



Qərbin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalar rublun sürətlə dəyərini itirməsinə səbəb olub. Bu da əmək miqrantı kimi Rusiyada məskunlaşan və bizneslə məşğul olan azərbaycanlıların maddi durumunun zəifləməsinə səbəb olub. Müflis olan azərbaycanlılar artıq vətənə dönməyə başlayıblar.

Rusiyada vəziyyətin çətinləşməsi ilə əlaqədar azərbaycanlıların daha kütləvi şəkildə Vətənə qayıdacağı barədə məlumatlar yayılmaqdadır. Amma bəzi həmyerlilərimiz isə Rusiyadakı böhrandan istifadə edərək gələcək üçün özünə gün ağlamağa çalışır. Belə ki, rublun dəyərdən düşməsinin və neftin ucuzlaşmasının müvəqqəti xarakterli olduğunu düşünənlər vaxtı ilə Azərbaycanda aldıqları mənzillərini, maşınlarını sataraq Rusiyada daşınmaz əmlaka yatırım edir. Buna səbəb isə hazırkı situasiyada Rusiyada sözügedən sahədə qiymətlərin aşağı olmasıdır. Maraqlıdır ki, bu insanlar nə dərəcədə haqlıdır və doğrudan da onlar bu sahədən gözlədikləri kimi qazanc əldə edəcəklərmi?

Rusiyada biznes sahibi olan azərbaycanlıların buradakı evini, maşını satıb, orada mənzil, obyekt alması kimi halların şahidi olmadığını vurğulayan iqtisadçı-ekspert Azər Mehdiyev bildirib ki, əgər bu cür hallar varsa belə yəqin ki, çox az olar: "Rusiyada baş verən böhran və rublun dəyərdən düşməsi orada daşınmaz əmlakın dəyərini müəyyən mənada aşağı sala bilər. Amma bu prosesin Rusiyada əmlak almaq üçün Bakıda olan evlərin satılma səviyyəsinə düşəcəyini zənn etmirəm. Çünki Rusiyada iş sahibi olan həmyerlilərimiz Azərbaycanda aldıqları mülklərini konkret məqsədlə alıblar. Düzdür, öz vəsaitlərini qorumaq üçün Azərbaycanda daşınmaz əmlak almaq istəyənlər də var”.

A.Mehdiyevin sözlərinə görə, böhran səbəbi ilə Rusiyadakı iş adamlarını narahat edən biznesin sürətlə dəyərsizləşməsi prosesidir: "Öz bizneslərini qorumaq üçün onların əlavə vəsaitlərə ehtiyacı ola bilər. Bunun üçün onlar məcburi olaraq, buradakı mülklərini satıb, bizneslərini məhv olmaqdan qoruya bilərlər. Lakin Rusiyada böhranla əlaqədar daşınmaz əmlak ucuzlaşıb deyə, həmyerlilərimizin Azərbaycandakı mülklərini satıb, Moskvada əmlak alma məsələsi mənə bir o qədər də inandırıcı gəlmir. Müəyyən adamlar bunu edə bilər, amma prosesin geniş vüsət alacağına və Rusiyada işləyən həmyerlilərimizin buradakı mülklərinin kütləvi şəkildə satışa çıxarılması ilə nəticələnəcəyini bir o qədər də real hesab etmirəm”.

Fərdi və ya kütləvi halda bu prosesin xeyli riskli olduğunu vurğulayan ekspertin sözlərinə görə, az və ya çox dərəcədə bu, insanların biznesə münasibətləri ilə bağlıdır və risk məsələsidir. Onun sözlərinə görə, bu riski alanların nə dərəcədə qazanc əldə edəcəkləri və nə itirəcəklərini indidən proqnozlaşdırmaq olmur: "Çünki iqtisadiyyat, biznes hər zaman risklə bağlıdır. Ancaq onu deyə bilərəm ki, Rusiyada hələ ki, daşınmaz əmlakın kəskin şəkildə dəyərdən düşməsinin şahidi olmadığımız üçün ciddi bir qazanc gözləntiləri zəifdir. Rusiyada bu gün dəyərdən düşməsinin qarşısı alınan əsas sahələrdən biri məhz daşınmaz əmlakdır. Tələbin azalması qiymətlərə təsir göstərsə də, elə bir ciddi enmələr olmayacaq.

Bu riski alan insanlar bir şeyi də nəzərə almalıdır ki, Bakı mənzil bazarı şişirdilmiş qiymətlərə malikdir. Heç kəs təminat verə bilməz ki, bu gün Bakıda vəsaiti qorumaq üçün alınan evlərin özü gələcəkdə riskli olmayacaq və qiymətlər aşağı düşməyəcək. Bir şeyi qeyd edim ki, daşınmaz əmlak məsələsi həm Rusiyada, həm də Bakıda eyni dərəcədə risklidir”.

Şəymən