Rusiya meydanlara dönür

Paşinyanı baş nazir olmağa imkan verməyəcəklər



Ermənistanda müxalif lider Nikol Paşinyanın rəhbərliyi ilə başlayan etirazlar yeni mərhələyə qədəm qoyub. Aksiyalara qoşulanların tərkibi genişləndikcə, hakimiyyəti təmsil edən güclərin istefası da çoxalır. İdman və gənclərlə iş üzrə nazir Qraçya Rostomyanın vəzifəsindən getməsindən sonra Daşnaksütyun Partiyasının Ermənistan hökumətində təmsil olunan üç naziri də istefaya gedib. Hakim partiyanın Ermənistan vilayətlərindəki qubernatorları da kreslolarını tərk ediblər.

Bu arada Nikol Paşinyan Rusiyanın Ermənistandakı səfiri İvan Volınkinlə görüşünün detallarını danışıb. Paşinyan görüşün onun təşəbbüsü ilə keçirildiyini bildirib və görüş zamanı etirazların antirusiya xarakteri daşımadığını deyib: "Biz çox məsələləri müzakirə etdik. Başlıca məsələ İrəvandakı situasiya və bundan sonrakı proseslər idi. Bu hərəkatın heç bir geosiyasi konteksti yoxdur. Hərəkat nə Rusiya, nə ABŞ, nə də Avropa Birliyinə qarşı yönəlib. Çox şadam ki, Rusiya nümayəndələri Ermənistanın daxili işlərinə qarışmaq niyyətində olmadıqlarını deyiblər”. İstefalardan sonra Ermənistan baş nazirinin müavininin müvəqqəti icraçısı Armen Gevorkyan və xarici işlər naziri Edvard Nalbandyan gözlənilmədən Moskvaya gedib. Bununla yanaşı, Ermənistan prezidenti Armen Sarkisyan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb. Məlumat üçün bildirək ki, Ermənistan parlamenti mayın 2-də yeni baş naziri seçə bilər. Qanunvericiliyə uyğun olaraq, yeni baş nazirin seçilməsi hökumət başçısının istefasından sonra 7 gün ərzində həyata keçirilir. Sarkisyan aprelin 23-də istefa verib. Hazırda yalnız "Yelk” parlament fraksiyası öz sədri Nikol Paşinyanın baş nazir postuna namizədliyini irəli sürüb.

Düşmən ölkədəki prosesləri "Şərq”ə şərh edən politoloq Mübariz Əhmədoğlu deyib ki, Ermənistandakı etirazlar artıq üçüncü mərhələni yaşayır. Onun sözlərinə görə, ilk mərhələ aprel ayının 17-nə kimi, yəni Sarkisyan baş nazir seçilənədək olan mərhələdir. Paşinyanın ilkin məqsədi Sarkisyanın seçilməsinə mane olmaq idi. Amma Serj Sarkisyan daha hiyləgər çıxdı və gecə saat 4-də metro vasitəsi ilə deputatları parlamentə gətirdi, bununla da özünü baş nazir seçdirdi: 

"İkinci mərhələ ayın 17-dən sonra başladı və Serj Sarkisyanın istefasına qədər davam etdi. Aprelin 24-dən bu yana isə etirazların üçüncü mərhələsi gedir. Üçüncü mərhələdə Ermənistandakı proseslər daha çox beynəlxalq rəng almağa başladı və Rusiya-ABŞ qarşıdurması açıq mərhələyə keçdi. Sarkisyanın yalançılığına və dövlət başçıları arasında söz gəzdirməsinə görə, Rusiya, eləcə də ABŞ İrəvan hökumətini müdafiə etmədi. Moskvanın əlində imkan var idi ki, Serj Sarkisyanı hakimiyyətdə saxlasın. Kreml ilkin dövrdə buna getməsə də, tədricən Amerikanın irəliləməsi Moskvanı narahat etməyə başladı. Çünki etirazları dağıtmaq mümkün deyildi və Vaşinqton rəsmən bəyan etmişdi ki, Ermənistanda hakimiyyət dinc yolla təhvil verilməlidir.

 Bundan sonra Rusiya Ermənistanda aktivləşdi. Baş nazir Dmitri Medvedyev həmkarı Karen Karapetyana zəng etdi, erməni səfir Rusiya XİN-ə çağırıldı. Armen Sarkisyan Rusiya, Belarus və Qazaxıstan prezidentləri ilə danışığa başladı. Xarici işlər naziri Edvard Nalbandyan və Sarkisyanın sağ əli hesab olunan A.Gevorkyan Moskvaya yollandı”.
Analitik bəyan edib ki, Ermənistan artıq qana doğru gedir, vəziyyət çox mürəkkəbdir və getdikcə daha da çətinləşir: "Ölkə vətəndaş müharibəsinə sürüklənir. Düşünmürəm ki, vəziyyəti siyasi yolla həll etmək mümkün olacaq. Hələlik iki-üç adam ölüb, amma bu gedişlə daha çox adam həyatını itirəcək. Həmçinin, Nikol Paşinyana baş nazir olmağa da imkan verməyəcəklər. Sarkisyanın partiya sədrliyindən istefa verməsi isə formal xarakter daşıyır. Nalbandyan və Gevorkyanın Moskvaya səfərləri birbaşa Serj Sarkisyana dəstək xarakteri daşıyır. Onlar Kremldə apardıqları danışıqlarda Sarkisyanın "əvəzedilməz şəxs” olduğunu isbat etməyə çalışacaq. Yəni məqsəd Moskvanın icazəsini almaqdır”.

"Ermənistandakı etiraz dalğasının birinci mərhələsində Rusiya prosesə müdaxilə etmədiyinə görə, Serj Sarksiyan məğlub oldu”. Bunu isə "Sherg.az”a "Tolerantlıq” Sosial Araşdırmalar Birliyinin sədri Azər Rəşidoğlu söyləyib. O bildirib ki, Serj Sarkisyanın Ermənistandakı Atom Elektrik Stansiyasının 2026-cı ildə bağlanmasına dair Avropa İttifaqı (Aİ) ilə saziş imzalaması Rusiyanı narahat edirdi: "Bu səbəbdən Rusiya S.Sarksiyanı cəzalandırdı, etiraz aksiyaları başladı. Baxmayaraq ki, bu aksiyalardakı ictimai fəallar qərbyönümlülüyü ilə diqqət çəkirdi, Kremlin məsələyə qarışmaması hakimiyyətə açıq mesaj idi. Ermənistanda elə şəxs hakimiyyətə gəlməlidir ki, Qərbin və Moskvanın maraqlarına cavab versin. Nikol Paşinyan Türkiyə və Dağlıq Qarabağ münaqişəsi mövzusunda daha aqressiv mövqe tutduğuna görə, onun baş nazir olması real deyil. Hazırda Karen Karapetyan və onun kimi nisbətən mülayim olan siyasətçi baş nazir postunda əyləşəcək. Etiraz dalğasının ilk mərhələsində Rusiya sakitliyini saxlasa da, ikinci mərhələdə prosesə qatılır. Nikol Paşinyanın heç bir halda baş nazir olmayacağı vurğulanır. Ona görə, razılaşdırılmış sima hakimiyyətə gələcək”.

İsmayıl