Rusiya milyonlarını itirdi

“Cənub axını” Bolqarıstan sərhədində Qərbin təzyiqi ilə üzləşdi

Rusiya "Cənub axını” qaz borusunun tikintisindən imtina edir”. Bu barədə şimal qonşumuzun lideri Vladimir Putin bildirib. Onun sözlərinə görə, layihənin reallaşdırılması üçün Bolqarıstan hökuməti əngəl törədir: "Bolqarıstan suveren dövlət kimi hərəkət etmək iqtidarında deyil. Avropa İttifaqı layihənin reallaşdırılmasını istəmirsə, deməli layihə gerçəkləşdirilməyəcək.

Rusiya layihəyə yüz milyonlarla sərmayə yatırıb, Bolqarıstan sərhədində dayana bilməz. Avropa Komissiyasının hərəkətləri qeyri-konstruktivdir”. Rusiya prezidenti Bolqarıstan hökumətinə Avropa Komissiyasından təzminat almağı da təklif edib: "Bilirsiniz ki, layihə reallaşacağı təqdirdə Bolqarıstanın dövlət büdcəsinə yalnız tranzitdən ildə 400 milyon avro gələcəkdi. Deməli, Bolqarıstan Avropa Komissiyasından dövlət büdcəsinə çatmayan vəsaitə görə təzminat almalıdır”. Layihənin dayandırılmasını "Qazprom” şirkətinin rəhbəri Aleksey Miller də təsdiqləyib: "Layihə artıq aktual deyil. Mövzu qapanıb”.

Yada salaq ki, layihədə Rusiya qazının Bolqarıstan vasitəsi ilə Mərkəzi və Cənubi Avropaya illik tədarükü həcminin 63 milyard kub metrə qədər artırılması nəzərdə tutulurdu.

Bu addımın Azərbaycana təsirindən danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban "Şərq”ə söyləyib ki, ölkəmizə əlavə iqtisadi dividend gətirməyəcək: "Çünki Rusiya "Cənub axını”nı başlayanda nə Azərbaycan rəhbərliyində, nə Dövlət Neft Şirkətində, nə də "Şahdəniz”də belə fikir yox idi ki, bu layihə Azərbaycanın qaz layihələrinin əleyhinədir. Əvvəldən nəzərə alınsaydı, Bakı üçün dividend olardı. Bu layihələr həmişə bir-birinə paralel olub. Onlar paraleldirsə, onda bunların bir-birinə təsiri olmayacaq. Azərbaycan öz layihəsini, yəni "Şahdəniz”də çıxan qazını vaxtında reallaşdırmaq uğrunda addımlar atacaq. 10 milyard kubmetr qazını 25 il müddətində Avropa bazarlarında satmağa çalışacaq. Bu, Azərbaycanın qarşısında duran prioritet vəzifədir. Digər vəzifə isə sonradan çıxarılan qazın həcmini iki dəfə artırmaqdır. Ona görə də Rusiyanın "Cənub axını”ndan imtinasının Azərbaycana xeyir gətirəcəyi haqqında yürüdülən mülahizələrin heç bir əsası yoxdur”.