Rusiya parlamentinə seçkilərdə böyük dəyişikliklər yoxdur

“Qərbin təzyiqi artır və onlara qarşı bu 3 partiya müqavimət göstərəcək”
Rusiyada parlament seçkiləri başa çatıb və ilk nəticələr elan edilib. Məlumata görə, Moskva vaxtı ilə saat 21:00-da ölkənin ən qərb regionu olan Kalininqrad vilayətində seçki məntəqələri bağlanıb. Rusiya Mərkəzi Seçki Komissiyası artıq seçkilərə dair ilk məlumat verib. Belə ki, protokollarının 6,72 faizinin hesablanması başa çatıb.
Hakim "Vahid Rusiya” partiyası 44,15 faiz, Liberal Demokrat Partiyası - 18,39 faiz, Kommunist Partiyası - 17,24 faiz, "Ədalətli Rusiya” isə 6,24 faiz səs toplayıb.
Rusiyadakı seçki prosesini şərh edən politoloq Tofiq Abbasov bildirib ki, keçmiş Duma ilə indiki duma arasında fərq görünmür. Həm də qüvvələr nisbətində böyük təzad yoxdur: "Rusiyanın ictimai-siyasi institutlarında iqlimi müəyyən edən əsas partiyalar elə adları çəkilən təşkilat idi. Yenə də parlamentdəki yerlər həmin siyasi qurumlar arasında bölüşdürüldü. Elə anlayıram ki, ümumiyyətlə, Rusiyanın daxili siyasətində sosial-siyasi zəmində elə də böyük dəyişikliklər olmayacaq. Çünki prinsip etibarı ilə Rusiya kimi böyük ölkə inqilabi dəyişikliklər edə bilməz. Yeniliklər özü ilə bərabər təlatümlər də gətirə bilir. Əsas odur ki, belə dövlətlər təkamül yolu ilə hərəkətlərinə davam etməlidirlər. Məncə, Rusiya da məhz bu yolu tutub”. Qlobal siyasətə diqqət çəkən ekspertin qənaətincə, Şərq və Qərb arasında təlatümlü münasibət gözlənilmir: "Dumada təmsil olunan hakim partiya, kommunistlər və liberal demokratlar bir qayda olaraq barışıq mövqeyi tutublar. Hakim partiyanın da bu prosesdə yaxın silahdaşları kimi məhz kommunistlərlə liberal demokratlar çıxış edəcəklər. Çünki getdikcə Qərbin təzyiqi artır və onlara qarşı bu 3 partiya müqavimət göstərəcək. Onlar çalışacaqlar ki, Rusiya beynəlxalq arenada geriləməsin. Öz fövqəl qüvvəsini, gücünü təsdiqləsin. Nüvə potensialı olan böyük ölkədir. Onun söz deməyə həm gücü, həm də haqqı var. Amerika və müttəfiqlərinin islam dünyasında və Afrikada apardığı siyasətin fəsadlarını hamımız görürük. Rusiya isə Qoşulmayanlar Təşkilatları ilə və ya digər platformalarda haradasa itirilmiş mövqelərini qismən də olsa, bərpa etməyə müvəffəq olur. Bu baxımdan hesab edirəm ki, Rusiya dumasına seçilmiş siyasətçilər çalışacaqlar ki, köhnə mövqeləri itirmədən, özləri üçün yeni imtiyazlı şərait yaratsınlar”.
Ayyət Əhməd