Rusiya sərhəddə şərait yaradır

Türkiyədən qaçan PKK terrorçuları Ermənistanın vasitəsi ilə Qarabağa yerləşdirilir



Son günlər erməni mediası ilə yanaşı, bir neçə xarici nəşr PKK terrorçularının Türkiyədən qaçaraq Ermənistana toplaşdığını, oradan Qarabağa keçdiyini iddia ediblər. Nəşrlər yazıb ki, Türkiyənin təhlükəsizlik qüvvələrinin keçirdikləri antiterror əməliyyatları nəticəsində müxtəlif formada zərərsizləşdirilən PKK terrorçuları ölkədən qaçmaqdan başqa çarə tapa bilmirlər.

Həm də PKK üzvləri hesab edir ki, Moskva və İrəvan bu terrorçu qruplaşmaya yumşaq mövqedən yanaşır. Ona görə də Ermənistana üz tutmağa üstünlük verirlər. Vurğulanır ki, Ermənistan sərhədini qoruyan Rusiya hərbçiləri terrorçuların Türkiyə-Ermənistan sərhədini keçməsinə şərait yaradırlar. Xatırladaq ki, bir neçə ay əvvəl Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində terrorçu PKK-nın 12 düşərgəsinin olduğu və orada 1800 terrorçunun təlim keçdiyi barədə məlumat yayılmışdı. 

İddialarla bağlı "Şərq”ə açıqlama verən politoloq Natiq Miri deyib ki, Dağlıq Qarabağ və onun ətrafı nəzarətsiz bölgə olduğu üçün həm terror yuvasına, həm də narkotik yetişdirmə məkanına çevrilib. Ekspertin sözlərinə görə, sözügedən bölgə Yaxın Şərqdəki terrorçulara silahların satılması üçün bir növ "qara dəlik” rolunu oynayır:

"PKK-nın Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində təlim keçməsi reallıqdır. Bu prosesin içində Rusiya da yer alır və həyata keçirilən qanunsuz fəaliyyətlər sayəsində böyük məbləğdə pullar əldə edilir. Qazanılan pulların bir hissəsi birbaşa rus generallara gedir. Azərbaycanın və Türkiyənin kəşfiyyat orqanlarında bununla bağlı konkret informasiyalar var. Məncə, PKK terrorçuları bundan sonra Ermənistanda və Qarabağ ərazisində mövcud ola bilməyəcək, hətta bütövlükdə məhvə sürüklənəcəklər. "Zeytun budağı” əməliyyatından sonra terrorçulara lojistik dəstək verən havadar güclər PKK-dan imtina edirlər. Türkiyə ordusu PKK-nı sadəcə ölkə daxilində deyil, həm də sərhədlərindən kənarda bitirməyi qarşısına məqsəd qoyub. Yaşanan son hadisələr də terrorçuların ciddi zərbə aldıqlarını, darmadağın olduqlarını göstərir. PKK-nın aqibətini yaxşı görən beynəlxalq güclər onlara açıq və gizli dəstək verməkdən çəkinirlər. ABŞ, o cümlədən Almaniya kimi Avropa ölkələrinin Türkiyəyə münasibəti dəyişməkdədir. Qərb dövlətləri beynəlxalq nüfuzlarını tamamilə itirməmək üçün terror məsələsində Türkiyənin üzərinə çox getmirlər”.

Ekspertin fikrincə, zamanla Ermənistanda PKK terrorçularının yemlənməsi çətinləşəcək: "Çox güman ki, Türkiyə sərt və israrlı tələbləri ilə terrorçuların düşmən ölkədən və Qarabağ ərazisindən qovulmasına nail olacaq. Rusiya rəsmi Ankaranın tələblərinə əməl etmək məcburiyyətində qalacaq. Əks halda Türkiyə Ermənistan və Qarabağda terrorçulara qarşı növbəti hərbi əməliyyatlara başlaya bilər. Ermənistan və Rusiya bu reallığın fərqindədir. Bilirlər ki, terror bəlası bitməyənə qədər Türkiyə dayanmayacaq. Qardaş ölkə o qədər qətiyyətli hərəkət edir ki, nəinki PKK terrorçuları, hətta onları himayə edən ABŞ və Avropa ölkələri belə duruş gətirə bilmirlər. Bu səbəbdən artıq Ermənistanda da PKK-çılar rahat nəfəs ala bilməyəcəklər”.

İsmayıl