Qulu Məhərrəmlinin fikrincə, əslində əməkdaşlığa can atmaq, rus kanallarında Azərbaycanla bağlı müsbət verilişlərin hazırlanmasına nail olmaq lazımdır
Gürcüstanın "Silknet” telekommunikasiya şirkəti mayın 31-dən "Russia Today”, "Rusiya 24” və RTD xəbər telekanallarının yayımını dayandıracaq. Buna səbəb istehlakçıların adıçəkilən telekanallara maraq göstərməməsidir.
Xatırladaq ki, mayın əvvəlində bir sıra Gürcüstan QHT-ləri ölkə Prezidenti və Baş nazirə açıq məktubla müraciət edərək "1-ci kanal” başda olmaqla Rusiyanın bütün nüfuzlu telekanallarının yayımına qadağa qoyulmasını tələb ediblər. Qonşu Gürcüstanla yanaşı, zaman-zaman Azərbaycanda da rus kanallarının bağlanması haqda fikirlər, təkliflər gündəmə gəlib. Xüsusən aprelin əvvəlində cəbhə bölgəsində yaşanan gərginlikdən sonra rus telekanallarının birmənalı şəkildə Azərbaycan əleyhinə təbliğat aparması qadağa məsələsini daha ciddi gündəmə gətirib. Amma əksər ekspertlər hesab edirlər ki, Azərbaycanda rus televiziyalarına məhdudiyyət qoymaq elə də asan deyil. Çünki ölkə ictimaiyyətinin mühüm bir hissəsi rus efirlərinin daimi izləyicisidir. Məsələ ilə bağlı "Şərq”ə danışan tanınmış teletənqidçi, professor Qulu Məhərrəmli deyib ki, ümumiyyətlə, ölkədə hansısa telekanalın yayımına qadağa qoyulması təqdirolunan hal deyil. Amma zəruri hallarda bu tipli addımlar atmaq olar: "Bir vaxtlar Baltikyanı ölkələrdə, elə Gürcüstanın özündə sovet və rus maşınlarının istifadəsinə məhdudiyyətlər qoyuldu. Bunu ciddi şəkildə onunla əsaslandırdılar ki, sovet avtomobilləri ideologiyanın maddiləşmiş formasıdır və ona görə də istifadəsinə qadağa qoyulmalıdır. Amma belə addımların atılması, xüsusən televiziya kanallarının dayandırılması dövlətlərin və xalqların biri-birinə yaxınlaşmasına xidmət etmir. Əksinə, mövcud qarşıdurmanı artırır. Əgər hansısa televiziya kanalı ölkəmizə qarşı həqiqətən təxribat xarakterli verilişlər hazırlayarsa, bizə qarşı ideoloji müharibə aparırsa, şübhəsiz ki, o cür kanalların yayımını dayandırmaq lazımdır. Ancaq hansısa informasiya proqramında yanlışlıqla bir süjet gedirsə, buna görə bütövlükdə telekanala qadağa qoymaq doğru deyil”. Professora görə, burada ən yaxşı variant televiziyaların və cəmiyyətlərin birgə əməkdaşlığıdır: "Azərbaycan nümunəsində bunu daha aydın görmək olar. Biz açıq şəkildə gördük ki, "dörd günlük” müharibədən sonra rus televiziyaları Azərbaycanla bağlı həqiqətləri 1990-cı illərin əvvəllərində olduğu kimi birtərəfli, subyektiv, yanlış və qərəzli işıqlandırdılar. Fikrimcə, bunun qarşısını almağın yolu rus telekanallarının Azərbaycanda yayımlanmasına qadağa qoymaq deyil. Çünki Rusiya böyük və bizə qonşu dövlətdir. Bu ölkədə baş verən mühüm prosesləri məhz rus kanallarından izləyirik. Problemin qarşısını almağın ən yaxşı yolu əməkdaşlıqdır, rus telekanallarının imkanlarından xeyrimizə istifadə etməkdir, efirlərdə Azərbaycanla bağlı müsbət verilişlərin hazırlanmasına nail olmaqdır. Bunu həyata keçirmək üçün mühüm layihələrlə çıxış etməliyik. Nəzərə almalıyıq ki, biz hələ uzun illər Rusiya ilə eyni mədəniyyət mühitində olacağıq. Ona görə də qarşıdurma yox, əməkdaşlıq yaratmalıyıq. Axı indi sovet dövrü deyil ki, bir çox məsələləri inzibati şəkildə həll edək. Rus televiziyaları ilə sıx əməkdaşlıq etmək, orada lobbiçiliklə məşğul olmaq, əleyhimizə olanları öz tərəfimizə çəkmək üçün heç kim bizə mane olmur”.
İsmayıl