Rusiyada qanunsuz 11 milyon əcnəbi yaşayır

Ona görə də Kreml çalışır ki, qeyri-qanuni miqrasiya ilə mübarizəni gücləndirsin



Rusiyaya gedənlərə bəd xəbər var. Bu ölkə "Miqrasiya haqqında” qanunu sərtləşdirib. Miqrantların əmək fəaliyyətini tənzimləyən qanuna edilən dəyişikliklər yanvarın 1-dən qüvvəyə minib. Dəyişikliklərdə 3 müddəa yer alıb.

Qanunla miqranta həmin ölkədə qalması üçün 90 gün verilir. 90 gündən sonra oranı tərk etməyib, 120 gündə artıq, 90+120 =210 qalacaqsa, 3 il ərzində Rusiyaya daxil olması yasaqlanacaq. 90+180=270 gün olacaqsa, girişi 5 il müddətinə qadağa olunacaq. 90+270 = 360 gün olacaqsa, 10 il ərzində Rusiyaya buraxılmayacaqlar. Layihəyə o da əlavə olunub ki, xarici vətəndaş Rusiyada işləmək üçün əmək patenti almalıdır. İşləmək məqsədilə gələn əcnəbi Rusiya ərazisinə daxil olarkən, ölkəyə gəlişinin məqsədini göstərməlidir. Bundan sonra isə o, bir ay müddətində əmək patentini əldə edə bilər. Rus dili və tarixindən də imtahan verməlidir. Məlumat üçün bildirək ki, qanunun qüvvəyə minməsindən sonra şimal qonşumuza gələn miqrantların sayında azalma baş verib.

Durumu dəyərləndirən miqrasiya üzrə ekspert Azər Allahverənov "Şərq”ə açıqlamasında qeyd edib ki, Moskva qanunsuz yaşayan miqrantlara qarşı mübarizəni gücləndirir: "Çünki Şimal qonşumuz bu sahədəki qanunsuzluqlardan əziyyət çəkir. Qeyri-rəsmi məlumatlara görə, Rusiyada qanunsuz əsaslarla yaşayan 11 milyona qədər əcnəbi mövcuddur. Ona görə də Kreml çalışır ki, qeyri-qanuni miqrasiya ilə mübarizəni gücləndirsin. Qanunsuz yaşayan miqrantların sayının azalmasına nail olsun”.

Ekspert bəyan edib ki, bu qanun Rusiyada qanuni əsaslarla yaşayanlara şamil olunmayacaq: "Qeyri-qanuni əmək fəaliyyəti ilə məşğul olanlara və yaşayanlara tətbiq olunacaq”.

A.Allahverənovun qənaətincə, Rusiyadakı azərbaycanlılar qanunlara əməl edirlər: "Hesablamalara görə, şimal qonşumuzda 6 yüz minə yaxın qanuni əsaslarla yaşayan soydaşlarımız var. Qanunsuz yaşayanlar da mövcuddur. Bütün hallarda soydaşlarımız problemlə üzləşmələrini istəmirlərsə, qeyri-qanuni statuslarını leqallaşdırmalıdırlar. Çıxış yolu budur”.

Ayyət Əhməd