Ruslar 2015-ə hazırlanır

Türkiyə susqunluq göstərdi, Moskvaya sərf edirArtıq Cənubi Qafqazı nəzarətə götürmək üçün Rusiyanın tarixi şansı yaranıb
Putin son zamanlar Rusiya silahlı qüvvələrinin gücləndirilməsinə, ordunun daha modern hərbi texnika ilə təmin edilməsinə xüsusi diqqət ayırır. Büdcə gəlirləri bəlli səbəblərdən azalsa da, paralel surətdə böyük silah satışı hesabına nəzərdə tutduğu hərbi islahatları maksimum qısa zamanda yekunlaşdırmağa çalışır. Eyni zamanda ordunun döyüş qabiliyyətinin qaldırılması qayğısına qalır.
Görünür, 2015 postsovet məkanı uğrunda Qərblə Rusiya arasında geosiyasi savaşda həlledici il olacaq. Təsadüfi deyil ki, üzümüzə gələn il Azərbaycanın da yer aldığı cənub istiqamətində şimal qonşumuz indiyədək misli görünməmiş sayda hərbi təlim keçirməyi planlaşdırır. 2015-ci ildə Cənub Hərbi Dairəsi 20-dən artıq genişmiqyaslı təlim həyata keçirəcək, bu təlimlərə rekord sayda - on minlərlə hərbi qulluqçu və ən müxtəlif qoşun növləri, müasir hərbi donanma və HHQ vahidləri cəlb olunacaq.
Hərbi təlimlər isə şübhə yox ki, döyüş hazırlığını artırmaqla yanaşı, qonşulara, rəqib dövlətlərə güc nümayişidir. Deməli, növbəti il Rusiya öz "sözəbaxmaz” qonşularını daha sərt şəkildə təhdid eləməyi hədəfləyib.
Ötən həftə Rusiya ilə separatçı Abxaziya arasında ortaq hərbi qüvvələr yaratmaq və sərhədləri birgə qorumaq haqda imzalanan və dərhal da ratifikasiya edilən müqavilə də eyni kontekstdə qiymətləndirilə bilər. Qərb ölkələrinin sərt etirazlarına baxmayaraq bu "sənədlə” Moskva strateji bir bölgənin burnunun ucunda hərbi mövcudluğunu gücləndirmək üçün bir növ, yeni legitimlik qazanmış olub. Rusiyanın 2015-ci ildə Cənubi Qafqazla bağlı planlarından danışan "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Rusiyanın birmənalı olaraq, gələn il Cənubi Qafqazı nəzarətə götürmək niyyətində olduğunu bildirib: "Xüsusilə də Ankarada Rusiya qazının Türkiyə vasitəsilə Avropaya nəql olunmasına dair əldə olunan ilkin anlaşmalar və Türkiyənin görüş zamanı Cənubi Qafqaz, Azərbaycan, Dağlıq Qarabağ problemi ilə bağlı bir kəlmə də danışmaması deməyə əsas verir ki, Rusiya bütün cəbhə xətti boyunca Cənubi Qafqazı nəzarətə götürmək üçün artıq hücuma keçib. Məqsəd də ilk növbədə özünün iki layihəsini - Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyini - reallaşdırmaqdan ibarətdir. Həmçinin Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya çəkilməsi nəzərdə tutulan qaz kəmərlərinin reallaşmasına mane olmaqdan. Rusiyanın yeritdiyi siyasət də, gələn il üçün nəzərdə tutulan hərbi təlimlər də birbaşa bu niyyətə hesablanıb”. Politoloqun qənaətincə, əslində, Rusiya artıq bu planlarını həyata keçirmək üçün bölgədə zəruri zəmin də yaradıb: "Azərbaycan-ABŞ və Azərbaycan-qərb münasibətləri kifayət qədər korlanıb. Gürcüstanda isə daxili vəziyyət o qədər də ürəkaçan deyil. Kreml yaranmış vəziyyətdən yararlana bilər. Hətta bu problemlərin yaranmasında Rusiyanın dolayı iştirakı da istisna deyil. Ermənistanla bağlı məsələ də aydındır. Cənubi Qafqazda baş verən bütün bu proseslərə Türkiyənin susqunluq göstərməsi isə göstərir ki, artıq Cənubi Qafqazı nəzarətə götürmək üçün Rusiyanın tarixi şansı yaranıb. Cənubi Qafqazda nəzərdə tutulmuş manevrlər, genişmiqyaslı hərbi təlimlər də planın tərkib hissəsi kimi Rusiyanın bölgəyə təsir və psixoloji təzyiq vasitəsidir. Birbaşa təzyiq olma ehtimalı da kifayət qədərdir”. Rusiyanın Cənubi Qafqazla bağlı konkret planlarının olduğunu və bunun açıq şəkildə göründüyünü vurğulayan politoloqun sözlərinə görə, bütün bu proseslər fonunda Rusiyanın separatçı Abxaziya ilə ortaq hərbi qüvvələr yaratması da planın tərkib hissəsidir. Bu, həmçinin Rusiyanın Qara dəniz bölgəsində möhkəmlənməsi deməkdir. Ən azı ona cəhddir. Rusiyanın Cənubi Qafqazda "əzələ nümayişi”nə qərbin necə reaksiya verəcəyinə gəldikdə isə Ə.Oruclu deyib ki, qərb heç də Rusiyanın bu manevrlərini sakitcə durub, izləməyəcək: "Qərbin Rusiyanın atdığı addımlara reaksiyası artıq ortadadır. İqtisadi sanksiyalar faktiki olaraq, Rusiya iqtisadiyyatını çökdürüb. Rusiya da Türkiyə ilə anlaşıb, Avropanın qaz bazarında separatçılıq
yaratmaq, Cənubi Avropa ölkələrini rus qazının təsiri altında saxlamağa çalışır. Amma istənilən halda, Serbiya, Bosniya xaric bu ölkələrin hər biri Avropa Birliyinə daxildir. Odur ki, sözügedən ölkələr maksimal dərəcədə Rusiya ilə əməkdaşlıqdan çəkinəcəklər”. Rusiyanın planlarının nə dərəcədə
reallaşacağına gəldikdə isə politoloq deyib ki, bunu zaman göstərəcək. Onun sözlərinə görə, hər şey əks tərəfin maraqlarından asılıdır və əks tərəfin öz maraqlarında nə dərəcədə israrlı olacağı bəlli deyil.
Şəymən