“Eks-prezident anlamalıdır ki, mövcud vəziyyət Rusiyanın çökməsi ilə nəticələnməyəcək”
Hazırda Amerikada yaşayan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili vətəninə qayıtmaq istəyir. Bu barədə keçmiş liderin özü məlumat yayıb. Lakin o, qayıdışını nə zamana planlaşdırdığını açıqlamayıb: "Geosiyasi vəziyyət dəyişir. Dostlarımızın isə mövqeləri güclənir. Bütün bunlar mənim Gürcüstana qayıdışıma şərait yaradacaq”.
Yada salaq ki, ötən ilin yay aylarında Saakaşviliyə qarşı bir neçə ittiham irəli sürülüb. O, 4,7 milyon dollara yaxın dövlət vəsaitini israf etməkdə, 2007-ci il 7 noyabr mitinqində iştirak edənlərə divan tutmaqda, "İmedi” telekanalının binasına basqında, biznesmen Badri Patarkatsişvilinin əmlakını mənimsəməkdə və s-də ittiham edilir. O, istintaqla əməkdaşlıqdan və ifadə verməkdən imtina edib. Tiflis məhkəməsi 2 avqust tarixində eks-prezident barəsində qiyabi həbs hökmü çıxarıb. Saakaşvili 2013-cü ilin noyabr ayında Gürcüstanı tərk edib və o vaxtdan bir daha vətənə qayıtmayıb.
Sabiq liderin bəyanatını şərh edən Demokratik Sol Partiyasının sədri, politoloq Elşən Manafov "Şərq”ə açıqlamasında qeyd edib ki, onun ifadələri postsovet məkanında Rusiyanın təsir imkanlarının zəifləyə biləcəyinə dair amilləri özündə ehtiva edə bilər: "Məlumdur ki, Kremllə Qərb arasındakı qarşıdurmanın dərinləşməsi Rusiyada ağır iqtisadi maliyyə böhranının yaranmasına gətirib çıxarıb. Şübhəsiz ki, daxili problemi artdıqca, MDB ölkələri ilə münasibətlərdə Rusiyanın xeyrinə olmayacaq amillər nəzərə çarpır. Bu səbəbdən Saakaşvili düşünür ki, Moskva ilə rəsmi Tiflis arasındakı problemlər Gürcüstanın xeyrinə dəyişəcək. Amma eks-prezident anlamalıdır ki, mövcud vəziyyət Rusiyanın çökməsi ilə nəticələnməyəcək. Hətta bir sıra dünya iqtisadçılarının bildirdiyinə görə, şimal qonşumuz yaxın perspektivdə maliyyə böhranından çıxacaq. Çünki Rusiya kifayət qədər maliyyə və iqtisadi imkanlara malikdir”. Saakaşviliyə qarşı indiki Gürcüstan hökumətinin cinayət işi qaldırdığını xatırladan
ekspert hesab edir ki, sabiq lider və komandası ən azı 8 cinayət işi üzrə ittiham olunurlar: "Saakaşvili Gürcüstan vətəndaşı olaraq ölkəsinə qayıda bilər. Lakin onun siyasi hakimiyyəti ələ alması indiki hal üçün mümkün görünmür. Saakaşvili tərəfdarlarının fəallaşması Qərbin onlara göstərdiyi maliyyə yardımı fonunda baş verir”.
E.Manafovun qənaətincə, bu ölkənin indiki iqtidarı Moskva ilə münasibətlərini tənzimləməyə çalışır: "Bu barədə hazırkı baş nazir və prezident dəfələrlə bəyanat səsləndiriblər”.
Təşkilat sədri bəyan edib ki, Qərb ciddi-cəhdlə Saakaşvilini yenidən hakimiyyətə qaytarmağa çalışır: "Görünür, Gürcüstan-Rusiya münasibətlərində Qərbin maraqlarına cavab verməyən faktorlar Avropanı narahat edir”.
Politoloq vurğulayıb ki, Saakaşvili avantürist siyasətçidir: "Öz xalqının deyil, birbaşa Qərbin maraqlarından çıxış edən adamdır. Onun hakimiyyət başına gəlməsi gürcü xalqının deyil, Qərbin iradə və istəyi ilə baş verəcək”.
Ayyət Əhməd