Odessanın eks-qubernatoru Mixail Saakaşvili Ukraynada Ali Radanın qarşısında "Mixomaydan” adlı mitinq keçirib. Mitinq iştirakçıları siyasi islahatların keçirilməsini və prezidentin istefasını tələb ediblər. Mitinqdən sonra Ali Radanın qarşısında salınmış çadır şəhərciyində 200 nəfər mitinq iştirakçısı qalıb. Hadisələrin gərginləşməsindən ehtiyat edən Ukrayna hökuməti iqamətgahın ətrafına xeyli sayda hərbiçi və ağır texnika yığıb. Prezident Poroşenkonun mühafizəsi də gücləndirilib, əsas yollar bağlanıb.
Saakaşvili çıxışı zamanı aksiyaların davam edəcəyini, Poroşenko ilə sona qədər mübarizə aparacağını deyib.
Ukraynadakı prosesləri "Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu bildirib ki, Saakaşvilinin yenidən Ukraynaya qayıtması və aksiyalara başlaması özbaşına həyata keçirilmir. Ekspertin sözlərinə görə, Saakaşvilinin arxasında duran qüvvələr var:
"Sabiq qubernatorun dəstəkçisi ABŞ-dır. Amma Saakaşvilinin Ukraynada prezident olmaq ehtimalı azdır. Hazırda hədəfdə Poroşenkodur. Ukraynada növbəti prezident seçkisinin keçirilməsi ehtimalı yaranıb ki, bu da ciddi məsələdir. Hələlik siyasi meydanda Yuliya Timoşenko daha qabarıq nəzərə çarpır. Ola bilsin, Saakaşvili baş nazir postu ilə kifayətlənsin və Timoşenko ölkənin yeni prezidenti olsun. Hadisələr daha ciddi çalar alarsa, o zaman başqa siyasi qüvvə meydana çıxacaq”. A.Rəşidoğlunun fikrincə, Saakaşvili özünün təşkilatçılıq qabiliyyətinə və kütləni idarə etmək bacarığına görə prosesləri gərginləşdirmək missiyasını həyata keçirir: "Daha doğrusu, Qərb bu məqsədlə ondan dağıdıcı qüvvə kimi hakimiyyətə qarşı istifadə edir. Qubernator işlədiyi dövrdə qazandığı nüfuz kütlə arasında ona rəğbəti artırıb. Saakaşvilinin əli ilə Ukraynada oliqarxiyanın növbəti savaşı başlaya bilər. İndiki savaş əvvəlki kimi Qərbin demokratiyası ilə Rusiya yönümlü güclər arasında getmir. Ukraynadakı proseslər daha çox oliqarx və biznes dairələrinin biri-birinə açdığı savaşdır. Saakaşvili kimin yanında olacaqsa, onun nüfuzu daha çox olacaq. Yaxın vaxtlarda Ukraynadakı siyasi proseslər daha da gərginləşəcək”.
İsmayıl