Türkiyədə “paralel hökumət” üzvləri həbs edilir
Türkiyədə yeni həbs dalğası başlanıb. Ötən il dekabr ayının 17-də yaşanan böyük rüşvət və korrupsiya əməliyyatlarından sonra prezident Rəcəb Tayyib Ərdoğanla nurçu camaatın ABŞ-da məskunlaşan lideri Fətullah Gülən arasındakı qarşıdurma açıq müstəviyə keçib. Və uzun zamandır tərəflər qarşılıqlı ittihamlar səsləndirirlər.
Bu səbəbdən həmin əməliyyatların keçirilməsinin ildönümü ərəfəsində Gülənə məxsus media qurumlarını AKP yenidən hədəfə alıb. Türkiyə prezidenti bildirib ki, dövlət daxilində "paralel təşkilatlanma” yaradan nurçu camaatın yaşadığı hizmət evləri də nəzarətə götürüləcək. Artıq "Şafak” adlı əməliyyatlara start verilib. Türkiyənin İstanbul və başqa şəhərlərində eyni vaxtda aparılan polis əməliyyatları zamanı içərisində keçmiş polis əməkdaşları olmaqla bir neçə nəfər həbsə alınıb. İstanbul terrorla mübarizə idarəsinin keçmiş rəisi Tufan Ergüder də saxlanılıb. Türkiyəli polislər nurçulara məxsus "Zaman” qəzetinin İstanbulda yerləşən ofisində axtarışlara başlayıb. Qəzetin baş redaktoru Əkrəm Dumanlının evində axtarış aparılıb. Əməliyyatlar çərçivəsində, "Saman yolu” televiziyasının Yayın Qrupunun başqanı Hidayət Karacanın da saxlanıldığı və polis bölməsinə aparıldığı məlum olub. Bununla yanaşı, Əskişəhərdə "Saman yolu”nun prodüseri Salih Asan, "Sunqurlar” və "Tək Türkiyə” seriallarının rejissoru Əngin Koç da tutulub. Hazırda əməliyyatlar davam edir. Saxlanılanlar rəsmi Ankaranın milli maraqlarına zərbə vurmaqda, dövlət çevrilişinə cəhddə və dövlətin suverenliyinə zidd addımlar atmaqda ittiham olunurlar.
Fransanın "Le monde” qəzetinin yaydığı məlumata görə, beynəlxalq təşkilatlar AKP-nin addımına sərt reaksiya verib. Qəzet yazır ki, Avropa Birliyi bunun Avropa dəyərlərinə adekvat olmadığını bəyan edib. NATO isə vəziyyəti ölkədə söz, fikir və ifadə azadlıqlarının boğulması kimi dəyərləndirib. Türkiyə hökumətindən mətbuata müstəqillik verilməsini tələb edib. Məlumat üçün bildirək ki, hazırda (dünən) bir qrup nurçu ölkənin Ədliyyə Nazirliyinin binası qarşısında "mətbuata azadlıq” şüarı ilə etiraza qalxıblar. AKP-nin təmizləmə əməliyyatının pərdəarxası məqamlarını şərh edən Qafqaz Universitetinin professoru, politoloq Fərhad Mehdiyev "Şərq”ə açıqlamasında qeyd edib ki, həbsdə qalan olmayacaq: "96 saat saxlanılacaqlar. Bu müddət ərzində məhkəmə qarşısına çıxarılmalıdırlar. Onları buraxacaqlar”.
Bir sözlə, Ərdoğan "camaat”ı hədələyir. Dolayısı ilə çatdırmaq istəyir ki, 17 dekabr əməliyyatı təkrarlanarsa, sizi həbs edə bilərik. Buna gücümüz çatır. F.Mehdiyevin qənaətincə, AKP-nin Gülən camaatına qarşı tədbirləri davam edəcək: "Ərdoğan bunun mesajını vermişdi. Mübarizəni davam etdirəcəyini söyləmişdi”.
Professor hesab edir ki, gülənçilərin təsis etdiyi "Mərkəz” qəzetinə basqılar başlaya bilər: "Bunu da gözləmək olar”.
Müsahibimizin sözlərinə görə, Ərdoğan "camaat”ı dəstəkləyən iş adamlarına qarşı da əməliyyatlar reallaşdıra bilər: "Camaat”ın maliyyə mənbələrinin kəsilməsi istiqamətində səy göstərəcəklər. Bu barədə əvvəllər də addımlar atıldı. İş adamlarının hamısı olmasa da, müəyyən bir hissəsini "camaat”dan uzaqlaşdırdılar. Amma bir hissəsi qalır və dəstəyini verir. İndi onları da kənarlaşdırmaq istəyirlər”.
Ayyət Əhməd