Savelyev Azərbaycanın ədalətli mövqeyini anlayır: "Ermənilərin hücumlarına baxmayaraq, həqiqəti dilinə gətirdi"

Türkiyənin Kayseri şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışında iştirak edən Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev hesab edir ki, Xocalı faciəsinin bütün dünya meydançalarında Azərbaycan xalqının soyqırımı kimi tanınması üçün bütün səylər göstərilməlidir.
26 il əvvəl Azərbaycanın Xocalı şəhərində dəhşətli faciə törədildiyini xatırladan deputat dinc sakinlərə hücum edildiyini deyib. Bu cinayət nəticəsində 613 günahsız insanın qətlə yetirildiyini bəyah edən Duma deputatı bu soyqırımı törədənlərin indiyədək cəzasız qalmalarına təəssüflənib.
Sözügedən açılışda iştirak etdiyini vurğulayan millət vəkili Elman Məmmədovun sözlərinə görə, D. Savelyevin Azərbaycana qarşı münasibəti hər zaman müsbət olub və o hər səfərində Azərbaycanın mövqeyini müdafiə edib. Yay aylarında Rusiyanın deputatlarından və tanınmış ekspertlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfər etdiyini xatırladan millət vəkilinin sözlərinə görə, D. Savelyevin də daxil olduğu nümayəndə heyəti Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində keçirilən konfransda iştirak ediblər: 
"Savelyev orada da özünün ədalətli mövqeyini ortaya qoyaraq Qarabağın Azərbaycanın olduğunu bəyan edib. Savelyev həmçinin "Lələtəpə”də olarkən əsgərlərimizlə görüşüb işğal olunmuş bütün Azərbaycan torpaqlarının geri qaytarılmasının vacibliyini bəyan edib. Bu açıqlamasının üstündən heç bir gün keçmədi ki, Rusiyadakı ermənilər Savelyevin üzrəinə hücum edib, onu Dumadan qovmaq, hətta öldürməklə hədələdilər. Ancaq Savelyev bu təzyiqlərə rəğmən Azərbaycanla bağlı mövqeyindən geri dönmədi. Təbii ki, burada söhbət onun Azərbaycanın tərəfini saxlamasından getmir. Bir deputat olaraq ədalətli mövqe tutaraq hər zaman həqiqəti deməyə çalışır”.
Millət vəkilinin sözlərinə görə, Kayseri şəhərində ucaldılan Xocalı Parkının açılışında Rusiya Dövlət Dumasının 8 deputatının iştirak etməsinin özü belə Azərbaycan üçün kifayət qədər əhəmiyyətli bir məsələdir. Təkcə Savelyev yox, onların hər biri Xocalı soyqırımı ilə keçirilən dialoqlarda aktiv iştirak edib, öz mövqelərini bəyan etdirlər. Sadəcə olaraq Savelyev Xocalıda ermənilər tərəfindən soyqırım törədildiyini etiraf etdiyi üçün onun fikirləri böyük rəğbətlə qarşılandı.
Xocalı soyqırımının Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev tərəfindən açıqlanması və onun bütün dünyada tanınmasına çağırış edilməsinin kifayət qədər əlamətdar bir fakt olduğunu vurğulayan E. Məmmədov deyib ki, hər keçən gün erməni lobbisinin təbliğat maşının Xocalı, Dağlıq Qarabağla bağlı yalanları artıq puç olmağa başlayır. Kayseridəki açıqlaması ilə bağlı da Savelyevin üzərinə yeni bir hücum dalğasının başlanıldığını deyən deputat hesab edir ki, onun tərəfdarlarının sayı etirazçılardan dəfələrlə artıqdır: 
"Fikir verirsinizsə, Rusiya Dövlət Dumasında və siyasi elitasında Azərbaycanın haqq səsini müdafiə edən insanların sayı artır. Onu da deyim ki, həm Azərbaycana səfər edən Rusiya nümayəndə heyətində təmsil olunan insanlar, həm də Xocalı abidəsinin açılışında iştirak edən deputatların hər biri Rusiyanın hakim dairələri arasında öz sözünü deyən, Putinə yaxın sayılan şəxslərdir. Bir müddət öncə Cocuq Mərcanlıya səfər edən nümayəndə heyətinin tərkibində Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin kimi siyasi rəhbərlikdə sözü eşidilən bir şəxsin də təmsil olunması onu deməyə əsas verir ki, Rusiya rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyində müəyyən dəyişikliklər var. Bu cür önəmli şəxslərin Dağlıq Qarabağ və Xocalı soyqırımı kimi ilə bağlı önəmli bəyanatlar səsləndirməsi Azərbaycanın apardığı uğurlu siyasətin tərkib hissəsi kimi də qiymətləndirmək olar. Ermənilərin dünyadan təcrid olunaraq küncə sıxılması və yalanlarının ifşası üzərində qurulan siyasətimiz artıq öz nəticələrini verir”.
Şəymən