Saxtakarlıq baş alıb gedir

Abituriyent və valideynlər çaşqınlıq içərisindədirlər
Dövlət İmtahan Mərkəzi adından istifadə edən qruplar fəallaşıb


Dövlət İmtahan Mərkəzi (DİM) intellektual mülkiyyətindən qanunsuz istifadə edilməsi barədə açıqlama yayıb. DİM-dən verilən məlumata görə, son vaxtlar sosial şəbəkələrdə DİM-in adından və cəmiyyət içərisində olan nüfuzundan öz şəxsi maraqları üçün istifadə edən bəzi qruplar daha da fəallaşıblar.

Onlar imtahana hazırlaşan abituriyentlərə və bakalavrlara elmi-metodik kömək göstərmək məqsədilə DİM əməkdaşları və ekspertləri tərəfindən hazırlanmış və dərc edilmiş müxtəlif vəsaitlərdə, habelə DİM-in internet saytında yerləşdirilmiş nümunəvi yoxlama-ölçmə materiallarından Mərkəzin rəsmi razılığı olmadan, şəxsi qazanc məqsədi ilə istifadə edir, bununla müəllif hüquqları və intellektual mülkiyyət haqqında qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla yanaşı, bəzən də müxtəlif yollarla yaydıqları təhrif olunmuş materiallarla imtahana hazırlaşan şəxsləri çaşdırırlar.

DİM-in məlumatına görə, bəzi tədris mərkəzləri və kurslar isə buraxdıqları hazırlıq vəsaitlərində və keçirdikləri sınaq imtahanlarında DİM-in hazırladığı yoxlama-ölçmə materiallarından qanunsuz olaraq istifadə edir, eyni zamanda onları internet resursları vasitəsilə yayırlar: "Belə insanların nəzərinə bir daha çatdırılır ki, Dövlət İmtahan Mərkəzinin rəsmi razılığı olmadan onun hazırladığı yoxlama-ölçmə materiallarının, dərc etdiyi elmi-metodik vəsaitlərin, jurnalların, test kitabçalarının və qiymətləndirmə vasitələrinin hər hansı hissəsinin təkrar çapı, yayılması, elektron və ya mexaniki üsulla surətinin çıxarılması qadağandır.

İmtahana hazırlaşan şəxslərə, onların valideynlərinə və müəllimlərinə isə tövsiyə edilir ki, hazırlıq zamanı Təhsil Nazirliyinin təsdiq etdiyi rəsmi dərsliklərdən və DİM-in imtahan iştirakçılarına elmi-metodik kömək məqsədi ilə hazırlayıb nəşr etdiyi rəsmi materiallardan istifadə etsinlər”.

Təhsil eksperti Kamran Əsədov da bəzi hallarda DİM-in siniflər üzrə test kitablarının saxta nümunələrinin qeyri-qanuni yollarla çapı və onların Bakı şəhərində, həmçinin ölkənin digər şəhər və rayonlarında satışının şahidi olduğunu deyib:

 "Saxta nəşrlərdə ciddi elmi-metodiki səhvlərə yol verilir, materialların məzmunu təhrif edilir və ya bunlar köhnəlmiş olur, yeni qəbul və tədris proqramlarına uyğun gəlmir. Çox vaxt saxta nəşrlərdə köhnəlmiş, aktuallığını itirmiş və ya istifadədən çıxarılmış materiallar yenidən çap edilərək satışa çıxarılır.

Bir çox hallarda saxta çap məhsulları hazırlanarkən DİM-in buraxdığı son nəşrlərin üz qabığından istifadə edilsə də, onların içərisi köhnə nəşrlərin materiallarından ibarət olur. Bu isə istifadə edənləri çaşdırır, özləri istəmədən belə onların hazırlıq prosesində, təlimində səhvlərin meydana çıxmasına səbəb olur. Amma son dövrlərdə bəzi qrupların fəaliyyəti bununla bitmir. Hətta aparılan araşdırmalar göstərir ki, "Facebook" sosial şəbəkəsində DİM adı ilə bir çox saxta səhifə və qruplar fəaliyyət göstərir. Həmin səhifə və qruplarda imtahanlar, qəbul kampaniyasının gedişi, eləcə də komissiyanın fəaliyyətinə dair təhrif olunmuş yanlış məlumatlar yerləşdirilir”.

K.Əsədovun sözlərinə görə, DİM-in adı ilə göstərilən istənilən fəaliyyət cəmiyyət tərəfindən tez qəbul edilir və inanılır. Çünki DİM fəaliyyəti dövründə çox obyektiv, şəffaf fəaliyyət göstərib:

 "Qəbul imtahanları çox həssas bir prosesdir və bütün valideynlər, abituriyentlər ordakı nəticədən ötəri narahatdırlar, ona görə də DİM-in adı ilə təqdim olunan istənilən informasiya qısa müddətdə geniş kütlə tərəfindən qəbul edilir. Qeyd edim ki, DİM çat etdiyi, satışa çıxardığı bütün materialların üzərində fərqləndirici şriftlə qeyd edir. Qurum ilk növbədə özünün kommersiya maraqlarını müdafiə edir, ikinci istifadəçilərə bəzi hallarda yanlış, zərərli resursların getməsini istəmir. Etiraf edək ki, qəbul prosesi çətin bir prosesdir və sənəd qəbulundan tutmuş, elektron xidmətlərə, imtahan test tapşırığı nümunələrinə qədər hamısı ciddi dəqiqlik, diqqət istəyən bir prosesdir. 

Ona görə də bir çox hallarda DİM-in xidmətlərindən anlayışlı olan şəxslər bu bilik və bacarıqlarını kommersiya məqsədi ilə həyata keçirirlər. Bunun üçün DİM-in icazəsini almaq, onlara rəsmi xəbərdarlıq etmək olar. Amma bunun bir təcrübəsi yoxdur. Yəni kimsə DİM-in resurslarından istifadəyə görə onlardan icazə almayıb”.

DİM-in ölkədə imtahan həyata keçirən yeganə rəsmi qurum olduğunu vurğulayan təhsil eksperti deyib ki, alternativi olmadığı üçün bazara diktə edən DİM-in resurslarıdır və insanlar da bundan istifadə edirlər: 

"Əgər kimsə DİM-in resurslarından kommersiya məqsədi ilə istifadə etmirsə, onun sosial şəbəkələrdə paylanılması, yayılması normaldır. Bu, təhsilin əlçatımlılığı baxımından çox vacibdir. Heç də hamı o qədər də qəbul imtahanları ilə bağlı məlumatlı deyil. Ona görə də təcrübəli insanların bilik və bacarıqlarını təhsilin əlçatımlılığı, əhatə dairəsinin genişləndirilməsi baxımından istifadə etməsinə imkan vermək lazımdır. 

Əlbəttə ki, qanunlar çərçivəsində. Bir məqam da var ki, DİM resurslarını ödənişli əsasla satır və "Mülkiyyət haqqında" qanuna görə kimsə satılan məhsulun tam dəyərini ödəyib onu əldə edibsə, bu onun mülkiyyəti hesab olunur. Və hər kəs mülkiyyətində olan resurslardan istifadə etməkdə sərbəstdir. Düşünürəm ki, qəbul imtahanları sadələşdirilsə, bu qədər problem də olmaz”.

Şəymən