“Sayğac və lift dolaqlarını oğurlamaq inandırıcı deyil”

Mehman Əliyev: “Orda uzaq başı 50 qram mis ola bilər, ona nə pul verəcəklər?”


Son zamanlar əhalini su və enerji ilə təmin edən qurğular və avadanlıqların sökülərək oğurlanması halları artıb. Cinayətləri törətmiş şəxslərin ifşa edilməsinə baxmayaraq bu əməldən əl çəkənlər azalmaq bilmir. Növbəti dəfə daxili işlər orqanı tərəfindən Sumqayıt şəhərində uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib. Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) Cinayət Axtarış Şöbəsi (CAŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki çoxmənzilli yaşayış binalarının girişindəki su sayğacını oğurlamağa cəhd göstərən Corat qəsəbə sakinləri - Sənan Süleymanlı, onun qardaşı Kənan və Faiq Bayramlı saxlanılıblar. Saxlanılan şəxslərin bu ilin yanvar ayından aprel ayına qədər olan müddətdə şəhər ərazisində 50-yə yaxın mənzilin su sayğacını oğurlamaları müəyyən edilib.

Sayğacların oğurlanmasında məqsəd isə onların mis və latundan olan hissələrini Sumqayıt şəhərinin müxtəlif yerlərində olan metal qəbulu məntəqələrinə satmalarıdır. 

Dəstə üzvlərinin ətrafında aparılan əlavə tədbirlər nəticəsində həmçinin onların Sumqayıtdakı yaşayış binalarında olan 70-ə qədər liftin əyləc dolaqlarını da oğurladıqları məlum olub.

Məsələ ilə bağlı "Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev "Şərq”ə açıqlamasında bildirib ki, sayğacların tərkibində olan mis və latunun miqdarı o qədər də çox deyil. Onun sözlərinə görə, oğurluq hallarının qarşısını almaq üçün ilk növbədə bazarlarda bu cür hissələrin satışını dayandırmaq lazımdır: 

"Gedib mis üçün o sayğacları və liftin əyləc dolaqlarını oğurlamaq heç inandırıcı deyil. Çünki misin kilosu qəpik-quruşdu. Orda uzaq başı 50 qram mis ola bilər, ona nə pul verəcəklər? Bu cür sayğacları yalnız "Azərsu” təqdim eləməlidir. Əgər bazarda satışa icazə verilməzsə, məsələni həll eləmək olar.

Ümumiyyətlə, metalların satışı da nəzarətə götürülməlidir. Məlumat olmalıdır ki, metallar hardan gətirilir və bununla kim məşğuldur”.

Yeganə Bayramova