Amma təhlükəsizlik nöqteyi-nəzərdən müəyyən qərarların alınması təbiidir
Səbr edib, gözləmək lazımdır
Dövlətin hələ ki, “İlahiyyat” məscidini bağlamaq niyyəti yoxdur
Amma təhlükəsizlik nöqteyi-nəzərdən müəyyən qərarların alınması təbiidir
Amma təhlükəsizlik nöqteyi-nəzərdən müəyyən qərarların alınması təbiidir
"Yeniçağ.az”ın məlumatına görə, bu gün (dünən) "İlahiyyat” məscidində son cümə namazıdır. Müvafiq qurumlar tərəfindən məscidə bu həftə son cümə namazının keçiriləcəyinin elan edilməsi təlimatı verilib. Xəbərdə deyilir ki, Türkiyə Cümhuriyyəti tərəfindən inşa edilən və uzun illərdən bəri dindar əhalinin ən sıx cümə namazı qıldığı məscidlə bağlı qərar verilib. Qərara əsasən, ilkin olaraq, cümə namazı qadağan ediləcək. Bu qərar dindarlar tərəfindən ciddi narazılıqla qarşılanıb və narazılığın bugünkü cümə namazından sonra daha da artacağı gözlənilir.
1992-ci ildən bəri davamlı olaraq, cümə namazının qılındığı məscidə bu qadağa faktiki olaraq, məscidin bağlanması anlamına gəlir.
Bundan öncə Bakı Dövlət Universiteti ərazisində yerləşən məscidə ayrılan torpaq sahəsinin bir qismi geri alınmışdı. Tələbə yataqxanalarının sökülməsindən sonra həmin ərazidə Yasamal rayon icra hakimiyyətinin rəhbərliyi ilə BDU rektorunun ortaq proyekt üzərində işlədiyi də iddia olunur. Bu səbəbdən də, məscid rəhbərliyinə cümə namazının qadağan edildiyi və bir müddət sonra tamamən bağlanmasına dair tədbir görüldüyü vurğulanmaqdadır.
Qeyd edək ki, Türkiyənin tikdirdiyi "Şəhidlər” məscidi 2009-cu ildə "təmir”ə bağlandığı zaman bu, qardaş ölkədə ciddi təpki doğurmuşdu. Uzun illər sonra "Şəhidlər” "təmir”dən qurtarsa da, hələ də nə azan verilir, nə də cümə namazı qılınır. Hazırda, əksər türk və ərəblərin cümə namazı qıldığı iki əsas məsciddən olan "İlahiyyat”ın cümə namazına bağlanılması təkcə Türkiyədə deyil, İslamiadaya hazırlaşan ərəb ölkələrində də Azərbaycanın nüfuzu baxımından müsbət heç bir şey vəd etmir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən isə "İlahiyyat” məscidinin bağlanacağı barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyi bildirilib. Komitənin şöbə müdiri Əliheydər Zülfüqarovun sözlərinə görə, "İlahiyyat” məscidində bütün dini ayinlərin icra olunması heç bir məhdudiyyət qoyulmadan, mütəmadi olaraq davam etdiriləcək. Həmin məscidin söküləcəyi və ya bağlanacağı ilə bağlı sosial şəbəkələrdə və bəzi saytlarda yayılan məlumatlar həqiqəti əks etdirmir.
Ə.Zülfüqarov xatırladıb ki, Bakının Yasamal rayonunda yerləşən məscid 1993-cü ildən fəaliyyət göstərir: "Bakı Dövlət Universitetinin tələbə şəhərciyi ərazisində inşa olunmuş bu məscidin hüquqi ünvanı müəyyənləşdirilib, məscid binası Qafqaz Müsəlmanları İdarəsinin balansına verilib. "İlahiyyat” məscidində yeni yaradılmış islam kolleclərində və digər dini təhsil müəssisələrində oxuyan tələbələrin praktiki təcrübə keçmələri üçün Qafqaz Müsəlmanları İdarəsinin "Tədris Mərkəzi”nin yaradılması da nəzərdə tutulub”.
QMİ-nin mətbuat xidmətindən verilən məlumatda isə qeyd olunub ki, uzun müddət Bakı Dövlət Universitetinin tələbə şəhərciyi ərazisində dövlət qeydiyyatsız fəaliyyət göstərmiş "İlahiyyat məscidi”nin idarəçiliyi Qafqaz Müsəlmanları İdarəsinə verilib. Məlumata görə, ölkədə dini təhsil alan tələbələr üçün tədris, maarifləndirmə işlərinin daha təkmil şəraitdə həyata keçirilməsi məqsədilə məscid ətrafındakı ərazidə gələcəkdə geniş yenidənqurma işlərinin görülməsi - Tədris Mərkəzinin inşası nəzərdə tutulur. Bu tədris mərkəzinin elm məbədi - universitet yaxınlığında yerləşməsi də mühüm məqam kimi nəzərdən keçirilir: "Dövlət başçımızın diqqət və yardımı sayəsində yaradılmış yeni islam kollecləri üçün müasir tələblərə cavab verəcək, dinin elmi şəkildə tədrisi prosesinin təkmilləşdirilməsinə xidmət edəcək belə bir mərkəzin Azərbaycanda İslam Həmrəyliyi İlində yaradılması dindarlara böyük töhfə olacaq. Hazırda bu istiqamətdə hazırlıq işləri görülür və bu, məscidin fəaliyyətinə heç bir maneə yaratmır. Məsciddə ibadət prosesləri həyata keçirilməkdə davam edir”.
Şərqşünas-alim Seyid Camal Əzimbəyli isə "Şərq”ə açıqlamasında Azərbaycanda milli-mənəvi və dini dəyərlərin dövlət tərəfindən himayə olunaraq qorunduğunu deyib: "İlahiyyat” məscidində son cümə namazının qılınacağı ilə bağlı yazılanların nə dərəcədə həqiqətə uyğun olduğunu deyə bilmərəm. Ən doğrusunu aidiyyatı qurumlar bilər. Bəlkə də doğrudan da məsciddə elə bir vəziyyət yaranıb ki, belə bir addım atmalı olub”. Məscidlərin bir çoxunda dini ayinlərin həyata keçirilməsi faktının danılmaz olduğunu deyən S.C.Əzimbəyli hesab edir ki, təhlükəsizlik nöqteyi-nəzərindən "İlahiyyat” məscidi ilə bağlı müəyyən qərarların alınması təbiidir:
"Amma bəzi media orqanları bilərəkdən və yaxud bilməyərəkdən dövlətin atdığı zəruri addımlara siyasi don geyindirməyə çalışırlar. Bu isə milli maraqlar və dövlətçilik baxımından doğru yanaşma deyil. Bir araşdırmaçı-şərqşünas kimi dəfələrlə müşahidə etmişəm ki, dövlət buna bənzər addımlarla bir çox faciələrin qarşısını alıb”.
"İlahiyyat”ın cümə namazına bağlanılmasının Türkiyə ilə münasibətləri pozma ehtimalına gəldikdə isə şərqşünas bu cür məlumatların bilərəkdən yayıldığını deyib:
"Türkiyə ilə münasibətləri yüksək səviyyədə olan inanclı insanlardan biri olaraq deyim ki, kimlərsə Türkiyə-Azərbaycan qardaşlığının mühafizəsi adı altında Azərbaycana qarşı təhdid xarakterli bəyanatlar səsləndirir, sosial şəbəkələrdə də öz təbliğatlarını bu istiqamətdə qururlar. Yenə təkrar edirəm ki, bu faktın nə dərəcədə real olduğunu deyə bilmərəm, amma "İlahiyyat” məscidində cümə namazına qadağa qoyulsa belə, bu məsələnin Türkiyə-Azərbaycan qardaşlığının zədələnməsinə zəmin yaradacağını düşünmürəm. Bir şeyi də nəzərə almaq lazımdır ki, istər qardaş Türkiyə, istərsə də qonşu İran olsun, əgər söhbət Azərbaycan xalqının milli mənafeyindən gedirsə, hamısı ikinci dərəcəlidir. Bəzi hallarda dövlət atdığı addımların səbəbini izah etmir, ancaq sonradan görürük ki, doğrudan da dəstəklənməli hal imiş. Biz bunun "Əbu-bəkr” məscidi ilə bağlı yaranan ajiotaj zamanı da bir daha şahidi olduq. Odur ki, səbr edib, gözləmək lazımdır”.
Şəymən