Seçkinin taleyini gürcü xalqı həll edəcək

Saakaşvili hələ də ölkə siyasətinə təsir gücünü özündə saxlayır




Gürcüstanda gələcəkdə seçki keçiriləcəyi təqdirdə hakim "Gürcü arzusu” koalisiyasına əhalinin 27 faiz səs verməyə hazırdır. Bu nəticə ABŞ Milli Demokratiya İnstitutunun keçirdiyi sorğudan sonra ortaya çıxıb. Gürcülərin hakim koalisiyadan sonra ən çox güvəndikləri Vahid Milli Hərəkat Partiyası olub.

Mixail Saakaşvilinin partiyasını əhalinin sadəcə 10 faizi dəstəkləməyə hazır olduğunu bildirib. Üçüncü yerdə isə Avropa Gürcüstanı Partiyası qərarlaşıb. Nəticələr göstərir ki, Gürcüstanda Saakaşvilinin partiyası getdikcə nüfuzdan düşür və əvvəlki səsini itirir. Bir sıra ekspertlərin fikrincə, Saakaşvilinin yaratdığı təşkilatın nüfuzdan düşməsi Gürcüstandakı proseslərlə bağlıdır. Digər qisim isə düşünür ki, son aylar Ukraynada baş verən məlum olaylar və eks-prezident ətrafında baş verən proseslər onun səsini aşağı salıb.

Məsələni "Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu isə bildirib ki, Gürcüstanda seçkilər demokratik mühitdə həyata keçirilir. Onun sözlərinə görə, mövcud iqtidarın siyasətində olan bəzi qüsurlar keçmiş rəhbərliyin hörmətini artırıb: 

"Əgər "Gürcü arzusu” bloku ölkəni yaxşı idarə edə bilsəydi, hazırda Saakaşvilinin heç bir şansı olmazdı. Lakin Saakaşvilinin ölkədən kənarda olması seçici səslərinə təsir göstərir. İstənilən halda, seçkinin taleyini gürcü xalqı özü həll edəcək. Düzdür, hakim partiyanın qələbə şansı daha yüksək qiymətləndirilir. Lakin Saakaşvili hələ də ölkə siyasətinə təsir gücünü özündə saxlayır. Bu baxımdan, Gürcüstanda yaxın aylar ərzində hansı proseslərin cərəyan edəcəyini demək asan deyil”.
İsmayıl