Seçkiyə az qaldı

“Gərək 35 min insanı işə cəlb edək”




"ELS” Müstəqil Araşdırmalar Mərkəzi bələdiyyə seçkilərində "exit-poll” keçirəcək. Bu barədə məlumat verən MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, indiyədək 8 seçki və referendumda "exit-poll” keçirən "ELS” Mərkəzi müvafiq təcrübəli kadrlara və texniki avadanlıqlara malikdir. N.Məmmədov deyib ki, mərkəz bələdiyyə seçkilərində 400 seçki məntəqəsində "exit-poll” keçirmək istəyir: "İlk növbədə insan resurslarına baxmaq lazımdır. Sosial bazası kifayət qədər olan təşkilatın bununla bağlı problemi yoxdur. Mərkəz birinci dəfə deyil ki, bu prosesə qoşulur.

Obyektivliyinə şübhə doğuracaq hər hansı məqam yoxdur”. Amma "ELS”-in bələdiyyə seçkilərində "exit-poll” keçirmək qərarı bir sıra siyasi partiyalarda birmənalı qarşılanmayıb. Məsələn, Müsavat Partiyasının bələdiyyə seçkiləri üzrə MSK-dakı səlahiyyətli nümayəndəsi Elman Fəttah bildirib ki, "ELS” Müstəqil Araşdırmalar Mərkəzinin obyektiv "exit-poll” keçirəcəyinə zərrə qədər də olsun inam yoxdur. Çünki bu təşkilat neçə illərdir seçki komissiyalarının saxtakarlıqlarını ört-basdır etməklə məşğul olub: "Açıq-aşkar seçki pozuntuları olan seçki məntəqələrində belə, seçkilərin nəticələrinin düzgün olduğunu elan edən bir təşkilata etimadın olması mümkün deyil. Bu təşkilatın məqsədi seçkilərin nəticələrinin ədalətli olduğunu elan etməkdir. "ELS” cəmiyyətdə və siyasi qüvvələr arasında etimadsız təşkilat kimi qəbul olunur”. Məlumat üçün onu da bildirək ki, adıçəkilən mərkəz son bir aya kimi bələdiyyə seçkilərində "exit-poll” keçirmək niyyətində olmayıb. Amma təşkilat bir sıra müzakirələrdən sonra fikrini dəyişərək seçkini izləmək və seçicilər arasında sorğu aparmaq qərarına gəlib.

Fikir dəyişikliyi və mərkəz barəsində söylənilən ittihamlarla bağlı "Şərq”ə danışan təşkilat rəhbəri İradə Yaqubova deyib ki, seçkilərdə böyük təcrübə qazanan "ELS” Mərkəzi Azərbaycanda bu işlə peşəkarcasına məşğul olan yeganə təşkilatdır: "Problem ondadır ki, bələdiyyələr seçicilərin həyatında özünü bir institut kimi təsdiqləyə bilməyib. Biz 2009-ci il bələdiyyə seçkilərində "exit-poll” keçirmişik. Bilirsiz, elə bələdiyyələr var ki, ora 5, digərinə isə 19 üzv seçilməlidir. Ötən bələdiyyə seçkilərində müşahidə etdik ki, 19 namizədin bir neçəsinə səs verən seçici onları qarışdırır. Gördük ki, seçicilər namizədlərdən sadəcə bir-ikisini tanıyır. Belə qənaətə gəldik ki, bələdiyyə üzvlərinin sayı çoxaldıqca seçici dəqiqliyi azalır. Bax, bu səbəbdən bələdiyyə seçkisində "exit-poll” keçirmək istəmirdik. Bir şeyi vurğulayım ki, prezident və parlament seçkilərində vahid namizəd siyahısı olur. Ona görə bir neçə məntəqədə sorğu aparmaqla ümumi nəticə aydınlaşır. Amma bələdiyyələrdə hər dairə üzrə ayrı-ayrı və fərqli sayda namizəd siyahıları var. Biz nəticəni dəqiqləşdirmək üçün 1607 bələdiyyənin hər birində "exit-poll” keçirməliyik ki, bu da 35 min insanın bu işə cəlb olunması deməkdir. Təbii ki, bu, qeyri-realdır”.

İ.Yaqubova bildirib ki, mərkəz olaraq məntəqələrin bir qismində "exit-poll” keçirmək və seçkiyə gələn seçicilərin siyasi-ictimai portretini müəyyənləşdirmək qərarı alıblar: "İstəyirik indiki nəticəni keçən seçkilərlə müqayisə edək. Yəni insanlar seçkiyə niyə görə gəlir, seçimini nəyə əsasən edir və s. suallarla onların fikrini öyrənək. Məqsədimiz seçki kontingentinin dəyişib-dəyişmədiyini müəyyən etməkdir. Bilirsiz ki, bələdiyyə seçkiləri digərlərindən fərqli olaraq majoritar qaydada keçirilir. Yəni burada həm partiyalar tərəfindən irəli sürülən, həm də fərdi surətdə namizəd olanlar var. Bilmək maraqlıdır, seçicilər iki növ namizəd arasında seçim edərkən partiya mənsubiyyətini nəzərə alırlar, yoxsa müstəqil fərdlərə üstünlük verirlər? Bu istiqamətdə işləməyin mümkünlüyünü nəzərə alaraq, sənədləri hazırladıq və MSK-ya müraciət etdik”.

"ELS” rəhbəri Müsavatın başqan müavini Elman Fəttahın ittihamına da münasibət bildirib. İ.Yaqubova deyib ki, Müsavat funksionerinin əvvəlcədən belə mövqe sərgiləməsi başadüşüləndir: "Görünür, müsavatçılar seçkilərdə qalib gələcəklərinə inanmırlar və indidən özlərinə bəraət qazandırmağa çalışırlar. Onsuz da heç bir namizəd əvvəlcədən uduzacağını demir. Hamısı deyirlər ki, biz qələbə qazanmaq üçün seçkiyə qatılmışıq. Amma uduzanda nəticələri qəbul etmirlər və iddia irəli sürürlər ki, guya, seçicilərin əksəriyyəti onlara səs verib, lakin sonra nəticələr dəyişdirilib. Çox zaman qalib namizədi də təbrik etmirlər. Müsavat hesab edir ki, onların təşkilatı nüfuzludur, öndə gedir, digər partiyalar isə geridədir. Bizi saxtakarlıqda ittiham edən partiya rəsmisi unudur ki, bütün ictimaiyyət Müsavatın keçirdiyi saxta qurultaydan danışır. Qurultayın nəticələri təşkilat üzvləri tərəfindən qəbul olunmur. Partiya parçalanma vəziyyətindədir. Yaxşı olar ki, öncə özlərini tənqid etsinlər”.

İsmayıl