Səssiz ölüm...

Bağlı qapılar arxasından hələ çox kimsəsiz meyitlər çıxacaq
Novella Cəfəroğlu: “İlkin olaraq dövlət daha çox qayğıya və sosial yardıma ehtiyacı olan yaşlı insanları müəyyənləşdirməlidi”



Aqşin Yenisey: "Kapitalizm üçün fayda verməyən insan lazımsızdır, istər qoca olsun, istər gənc. Ona görə də özünü lazımsız hiss edən gənclər bundan sonra tez-tez intihar edəcəklər, qocalar da pişik kimi
gözdən-qulaqdan uzaq bir yerdə öləcəklər”

Mehriban Zeynalova: "Əksər hallarda insanlar təqaüdə çıxan zaman
aqressivləşir, ətrafındakı insanlarla ünsiyyətində ciddi problemlər
yaşanır, hətta övladları ilə belə ünsiyyəti çətinləşir, sonda da tək qalır”






Bəzən insan ünsiyyətdən və gördüyü insanlardan yorulur, tək qalmaq istəyir. Tənhalığa meyilli insanlar düşünür ki, yanında heç kim olmasa, ondan heç kim, heç nə soruşmasa günləri daha xoş keçər. Ancaq bu hal uzun davam etmir. Bir müddətdən sonra insan darıxır, təklik qorxusu ona güc gəlir. Türk müğənnisi Yıldız Tilbənin də dediyi kimi, "hamınıza nifrət edirəm, amma tək başıma da ürəyim sıxılır”. Təklik qorxusunun bizə güc gəldiyi bu cür anlarda tez yaxınlarımız, sevdiklərimizlə əlaqə saxlayıb, onların varlıqlarından güc alırıq.

Amma bizim qədər şanslı olmayan insanlar da var. Bir çox hallarda tənhalıq onların öz seçimi olsa da, bəzilərininki acı qismətdir. Kimsəsizlik, tənhalıq onların alın yazısı olub. Ən pisi də odur ki, yalnızlıq insanları ən çox ahıl yaşlarında öz cənginə alır. Nə geri dönə bilirlər, nə də irəli gedə... Bəziləri siqaretə, bəziləri içkiyə aludə olub dörd divar arxasında öz ölümlərini gözləyirlər. Sakitcə, hamıdan xəbərsiz... Düzdür, əksər hallarda kimsəsiz qalan qocalar Qocalar Evinə pənah aparır və bu həyatdan nəsibini almayan tay-tuşlarına dərd ortağı olur. Lakin tənha qocalar təkcə Ahıllar Evi, ya da Qocalar Evində olmur. Öz evində təkliyə məhkum olanlar da var. Onların dərdi lap böyükdü. Çoxu belə vəziyyətdə baxımsız qalır və ona xidmət göstərəcək birisinə ehtiyac duyur. Bəzən belə hallarda tənha qocalar möhtəkirlərin toruna düşür. Qoca, kimsəsiz insana yardım etmək, xidmət göstərmək adı altında mənzilə ayaq açanlar bir müddət sonra evə sahiblənir, yaxşı halda qocanın vəfat etməsini gözləyir, bəzənsə yaşlı insanı hətta evindən çölə də atırlar. Öz evini sona qədər qoruyanların isə günlər sonra bağlı qapı arxasından kimsəsiz meyiti tapılır. 


Xarici ölkələrin əksəriyyətində tək yaşamaq insanın şəxsi istək və arzusu hesab olunur. Lakin ölkəmizdə bu, fərdi istək deyil, yalnızlığa qərq edilmək anlamını verir.
Çünki məişətimizdə yaşlı valideynlərə nəzarət və diqqət əsas prioritet, onları tənhalığa məhkum etmək isə ictimai qınaq olaraq qiymətləndirilir. Çox zaman televiziyalarda, qəzet və saytlarda yalnız yaşayanların ölüm xəbərinə rast gəlirik. Növbəti belə hadisə isə Suraxanı rayonunda yaşanıb. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1934-cü il təvəllüdlü Nəsirova Həsrət İskəndər qızının meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, xaricdə tənha yaşayanlara nəzarəti müxtəlif QHT-lər həyata keçirir. Bəs, Azərbaycanda niyə kimsəsiz qocalara sahib çıxılmır?

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlunun isə bu problemə dair öz təklifləri var. N.Cəfəroğlu yaşlı, tənha insanlar üçün sosial evlər layihəsini irəli sürüb. Onun sözlərinə görə, sosial problemləri olan, xüsusən də yaşlı və tənha insanların problemləri tez bir zamanda aradan qaldırılmalıdır. Buna Azərbaycanın iqtisadi baxımdan potensialı var:

"Mən düşünə bilməzdim ki, Azərbaycanda Qocalar Evi olsun. Amma reallıq və həqiqət ondan ibarətdir ki, bu gün Qocalar Evi var və orda kifayət qədər problemli insanlar, sosial problemləri ciddi olan insanlar yaşayırlar. Ancaq onu da demək lazımdır ki, dövlət tərəfindən bu evlərdə yaşayanlara diqqət və qayğı kifayət qədər yüksək səviyyədədir. Amma unutmaq olmaz ki, bu cür yerlərdə yerləşdirilməsini gözləyən yüzlərlə artıq insan da növbədə var. Hazırda fəaliyyət göstərən belə pansionatların gücü də o həddə deyil ki, növbədə duranları qəbul edib yerləşdirsin. Bunun üçün mütləq hökumət məsələyə müdaxilə etməlidir. Bir çox ölkələrin təcrübəsi var ki, həmin ölkələrdə yaşlı və sosial qayğıları çox olan insanlara dövlətin müxtəlif yanaşma metodları mövcuddur. Azərbaycan bu ölkələrin təcrübəsindən yararlana bilər. İlkin olaraq dövlət daha çox qayğıya və sosial yardıma ehtiyacı olan yaşlı insanları müəyyənləşdirməlidi. Bununla bərabər dövlət Sosial Evlər layihəsi içərisində bir sıra şəhərlərdə, Bakının özündə də bütün kommunal şəraiti mövcud olan binalar inşa edə bilər. Bu evlərə yerləşdirilən insanlar onlara göstərilən xidmət qarşısında hər ay aldıqları təqaüdün müəyyən hissəsini ödəməli olacaqlar. Burda müəyyən kvota da müəyyənləşdirmək olar. Yəni bələdiyyələrlə birlikdə bu insanların nəqliyyat probleminin həlli üçün bələdiyyələr tərəfindən sərnişindaşıma yaradıla bilər. Eyni zamanda, hər bir sosial evdə yaşayan şəxsin həftəlik və aylıq tələbatları, yəni ərzaq təminatı həyata keçirilməlidi. Əgər bir yaşlı insan bilsə ki, ona göstərilən yüksək xidmətin qarşısında hər ay aldığı təqaüdü bəs edir, o, dövlətin sosial evlərində yaşamağı qəbul edəcək. Mən ABŞ-da və İsraildə də belə proqramlarla tanış olmuşam. Hospis deyilən bir proqram var ki, o proqram ABŞ-da və İsraildə tətbiq olunur. Misal üçün, yaşlı insanlar üçün sosial evlər müəyyənləşdirilir və o insanlar aldıqları təqaüdlərinin müqabilində ən yüksək səviyyədə xidmət görürlər. Bu proqramın içərisində olan insanların istəklərinə və arzularına uyğun həftəlik və ya aylıq ərzaqları alınır və onlara verilir. Yaşadıqları mənzillərdə mətbəx mövcuddur və onlar o ərzaqdan öz bildikləri şəkildə istifadə edirlər. Yaxud da elə sosial evdə yaşayan insan var ki, o, bundan imtina edir və daha çox sosial evin ümumi yeməkxanasında hazırlanan yeməklərdən istifadə eləyir”.
Şair Aqşin Yenisey isə öz fikirlərini Drayzerin "Kerri bacı” romanı əsasında izah edib: 

"Həmin kitabı oxuyanda bir epizoda təəccüblənmişdim. Əsər ABŞ-da "Böyük depressiya” illərində kapitalizmin insanları neçə səfalətə sürüklədiyindən bəhs etsə də, müəllif müflisləşib küçədə qalan qəhrəmanının hər gecə dövlətin belə aclar və evsiz-eşiksizlər üçün ayırdığı sığınacağa getdiyini yazırdı. Baxmayaraq ki, o vaxt biz sosialist ölkədə yaşayırdıq, Bakıda heç yerdə belə sığınacaqlar yox idi. Aclar və BOMJ-lar küçələrdə yaşayırdılar. İndi həmin romandakı vəziyyət bizdə yaranıb. Kapitalizm üçün ürətməyən insan lazımsızdır, istər qoca olsun, istər gənc. Ona görə də özünü lazımsız hiss edən gənclər bundan sonra tez-tez intihar edəcəklər, qocalar da pişik kimi gözdən-qulaqdan uzaq bir yerdə öləcəklər. Oyun qaydaları belədir. Bizdə milli ailə dəyərləri tam aşınmayıb deyə hələ belə hallara az-az rast gəlirik, amma məsələn, ruslarda valideynlərin tək və bağlı qapı arxasında ölməsi normal haldır. Xristian ölkələrində bu işlərlə daha çox dini xeyriyyə cəmiyyətləri məşğul olur, dövlətə o qədər də yük düşmür. Amma müsəlman ölkələrində nə din, nə dövlət insanlıq düşüncəsində deyil. Din allaha, dövlət hakim ideologiyaya xidmət kimi başa düşülür. Ona görə hərə öz dərdinin çarəsinə baxmalıdır, təkləndinsə, vay halına”.
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da hesab edir ki, qocaların tənha qalması məsələsi kifayət qədər aktual olmasına rəğmən bir o qədər də müzakirə olunmur. Onun sözlərinə görə, ailələri tərəfindən atılan bu insanlar cəmiyyətin də diqqətindən kənar qalır: 

"Daha doğrusu, biz yaşlı insanları cəmiyyətin bərabərhüquqlu vətəndaşı kimi görməyə cəhd etmirik. Pensiyaya çıxsa da, kifayət qədər bacarığı və işgüzarlığı olan insanlar var ki, işsizlikdən depressiyaya düşür. Biz çalışıb onların təcrübəsindən istifadə etməliyik və bu, bir ənənə halını almalıdır. Təqaüddə olan insanların əməyə cəlb edilməsi işi ilə QHT-lər məşğul olub, onların könüllü xidmətindən faydalana bilər. Ehtiyacı olanlara isə cüzi məbləğlər ödəmək də olar. Bununla da onların həyatında yeni bir mərhələ açıb, yaşamlarına rəng qatmaq olar. Əksər hallarda uzun illərini iş rejimində yaşayan insanlar təqaüdə çıxan zaman aqressivləşir, ətrafındakı insanlarla ünsiyyətində ciddi problemlər yaşanır, hətta övladları ilə belə ünsiyyəti çətinləşir, sonda da tək qalır. İkinci bir hal isə əmlak üstündə valideyn-övlad münasibətlərinin pozulması da yaşlı insanların tək qalması ilə nəticələnir. Belə insanlar qonşular, qohumlarla da ünsiyyət qura bilmir və hər kəsdən uzaqlaşaraq evinə qapanır. Məhz belə insanlar xəstələnəndə, öləndə heç kəsin xəbəri olmur. Hesab edirəm ki, bu cür insanların cəmiyyətə adaptasiyası üçün qocalar üçün klublar yaradılmalıdır ki, onlar yaşıdları ilə ünsiyyətdə olub, biri-birləri ilə xəbərləşə bilsinlər. Qadınlarla müqayisədə kişilərin çayxanalara getmək, insanlarla xəbərləşmək imkanları olur. Ancaq qadınlar evə qapanırlar. Onların asudə vaxtlarını keçirəcəkləri məkanlar məhdud saydadır”.

P.S. Bəzən insanın tək-tənha qalıb düşünməsi faydalı olsa da, çox zaman daha da pis vəziyyətə gətirib çıxarır, insanı depressiyaya salır. Çalışın, sevincinizi də, kədərinizi də sevdiklərinizlə, yaxınlarınızla paylaşın. Unutmayın ki, sevinc paylaşdıqca çoxalır, dərd isə paylaşdıqca azalır.

Şəymən