Ekspertlər isə indiki halda buna ehtiyac görmürlər
“Müvafiq qurumlar mövcud problemlərin həlli mexanizmlərini axtarıb tapmalı və bu istiqamətdə real addımlar atmalıdırlar”
Ötən ilin əvvəlində və sonunda baş verən hər iki devalvasiyanın sığorta institutlarının maliyyə dayanıqlılığına ciddi təhdidlər yaratdığını deyən Maliyyə Bazarlarına Nəzarət Palatasının Strateji xidmətlər departamentinin direktoru Asim Zülfüqarov eyni zamanda sığorta sistemi üçün bir sıra risklərin xarakterik olduğunu bəyan edib.
Bu məqsədlə beynəlxalq səviyyədə qəbul edilmiş standartlara keçmək üzərində işlər apardıqlarını vurğulayan departament direktoru sığorta ombudsmanın yaradılacağının anonsunu verib: "Görəcəyimiz işlərdən biri də insanların sığorta məhsullarına əlçatanlığının artırılmasıdır. Bunun üçün sığorta bazarının yeni məhsulları yaratmasına ehtiyac var. İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində sığorta ombudsmanının yaradılması məqsədəuyğun olardı”.
Maliyyə bazarları üzrə ekspert Cəfər İbrahimli isə indiki halda belə bir strukturun yaradılmasının effektiv olmayacağını düşünür: "Belə başa düşdüm ki, Azərbaycanda problemlərdən çıxış yolu kimi ancaq struktur yaradılma mexanizmləri həyata keçirilir. Biri-birini əvəz edən qurumlar yaradılır, sonra da başlayırlar bu qurum o biri qurumun işinə müdaxilə etməyə”.
Sığortanın biznes sahəsinə aid olduğunu vurğulayan ekspertin sözlərinə görə, biznezin təşkili, müştərilərə xidmət, kooperativ idarəetmə standartlarının yüksəldilməsi və s. kimi işlər tənzimlənir: "Sözün açığı, indiki halda sığorta ombudsmanın yaradılmasına ehtiyac görmürəm. Zatən, Maliyyə Bazarlarına Nəzarət Palatası ictimai əsaslı qurumdur və məhz bu problemlərin aradan qaldırılması məqsədi ilə yaradılıb. Palatanın səlahiyyətlərinin bir hissəsi vətəndaş və biznes strukturları arasındakı problemləri ortadan qaldırmaqdan ibarətdir. Belə olan halda Azərbaycanda sığorta ombudsmanının yaradılmasına nə gərək var? Müvafiq qurumlar mövcud problemlərin həlli mexanizmlərini axtarıb tapmalı və bu istiqamətdə real addımlar atmalıdırlar. Hesab edirəm ki, iki devalvasiya fonunda maliyyə sektorundakı təşkilatların məruz qaldıqları itkiləri aradan qaldırmağın yolu təkrar kapitallaşmadan keçir. Maliyyə bazarında olan problemlərin ortadan qaldırılması məqsədi ilə yaradılan Palatanın strukturlarının və orqanlarının formalaşdırılması kifayət qədər vaxt apardı. Artıq problem o səviyyədədir ki, vətəndaşlar onların həlli istiqamətində real addımlar gözləyir. Problemi bir kənara qoyub, təkrar sığorta ombudsmanı yaratmaq və onun formalaşmasını gözləmək xeyli vaxt itkisidir”.
Şəymən