"Şimali Koreyanın müqəddəratı ilə bağlı Çin nə desə o da olacaq”




"Şimali Koreya məsələsi Rusiyadan asılı deyil”.

Bunu Sherg.az-a Koreya yarımadasında yaranmış vəziyyətlə bağlı danışarkən politoloq Zərdüşt Əlizadə deyib. 

O bildirib ki, Rusiya ancaq BMT-də Amerikanın təqdim etdiyi, Şimali Koreya əleyhinə olan hər hansı qətnaməyə səs verə bilər:

"Şimali Koreyanın müqəddəratı Çindən asılıdır. O, Çinin qonşusudur, önündə duran ölkədir. Çin Şimali Koreyanı güdaza verməyəcək. Amerika da bunu anlayır. Sadəcə istəyir ki, Çin tək qalsın bu məsələdə. Amma Rusiya da bir çox məsələdə Çindən asılıdır. Ukrayna, Suriya problemlərində, iqtisadiyyatda, hərbi əməkdaşlıq Rusiya öz mövqeyini Çinin mənafeyi ilə uyğunlaşdırmalıdır.

Amerikanın məqsədi Şimali Koreyanı ram etməkdir. Həmçinin bu dövlətin ölkə daxilində mövqeyi zəifdir. Bunu gücləndirməyə çalışır. Mütəmadi olaraq impiçment müzakirəyə çıxarılır. O başa düşür ki, hər hansı hakim zümrənin istəyindən fərqli siyasət yürütsə, onu asanlıqla aşa bilərlər. Baxmayaraq ki, Amerika demokratik ölkədir, onun da müəyyən hüquqları var. Ona görə də çalışır ki, xal qazansın. Suriyanın, Şimali Koreyanın və s. hesabına özünü ötkəm, cəsarətli prezident kimi təqdim etməyə çalışır. Ona görə Çinlə, Rusiya ilə danışıqlar aparır. Amma Şimali Koreyanın müqəddəratında Çin nə desə o da olacaq”.

Z.Əlizadə əlavə edib ki, Şimali Koreyaya qarşı hər hansı əməliyyata başlamaq çətindir:

"Çünki Şimali Koreyanın Amerikaya əli çatmaz, amma Yaponiyaya, Cənubi Koreyaya çatar. Onlar da bölgədə Amerikanın yaxın müttəfiqləridir. Onları təhlükə altına atıb, hansısa səfeh müharibəyə başlamaq Amerikaya əl vermir”.

Qeyd edək ki, ötən gün Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı baş tutub. Tərəflər Koreya yarımadasında yaranmış vəziyyəti ətraflı müzakirə ediblər. Məlumata görə, Putin təmkinlik nümayiş etdirməyə və gərginliyin səviyyəsini azaltmağa çağırıb.

Ayyət Əhməd