Siyavuş Kərimi Brilliant Dadaşovaya cavab vermək istəmədi

“Hər kəs həmişə çalışır ki, öz maraqları çərçivəsində danışsın”




Xalq artisti Brilliant Dadaşovadan növbəti səs-küylü, qalmaqallı açıqlama gəlib. Müğənni illər əvvəl başına gələn hadisəni danışıb. B.Dadaşova xalq artisti Siyavuş Kərimini ona qarşı haqsızlıq etməkdə günahlandırıb. O bildirib ki, S.Kərimi onu ulu öndər Heydər Əliyevlə görüşə aparmayıb:

"Norveç xorunun üzvləri Azərbaycana gəlmişdilər. Kürdəmirdə olan zaman televiziyada mənim çıxışımı dinləmişdilər. Yanlarında bəstəkarımız Qalib Məmmədov var idi. Ondan məni soruşublar. Qalib gəncəli idi, indi Norveçdə çalışır. O, xariciləri mənimlə görüşdürmək üçün Rafiq Babayevin studiyasına gətirdi.

1995-1996-cı ildə mənimlə müqavilə imzalandı. Layihənin baş tutmasından bir il əvvəl rəsmi müqavilə bağlandı. Albom hazırlandı. Amma efirdə Rafiq Babayevin studiyasının rəhbəri Siyavuş Kərimi başqa şeylər danışdı. O söylədi ki, norveçlilər başqa müğənninin səsini eşitdikdən sonra təəssüfləndilər. Dedilər ki, gərək o müğənni ilə çalışardıq. Siyavuş Kərimi efirdə deyir ki, xaricilər Nazpərini niyə tanımadıqlarını söyləyiblər. Bundan başqa, Allah rəhmət eləsin, Heydər Əliyevlə bu albom barədə görüşümüz olacaqdı. 

Mən də özəl hazırlaşmışdım, paltar tikdirmişdim. Amma Poladla (keçmiş mədəniyyət və turizm naziri Polad Bülbüloğlu) Siyavuş görüşə getdilər, mənə demədilər”.

B.Dadaşova üç il sonra həmin xarici vətəndaşların onunla yenidən əlaqə yaratdıqlarını deyib: 

"Sözümün canı var. Üç il sonra həmin xaricilər mənə yenə zəng etdilər, dedilər ki, "Nobel” mükafatı ilə bağlı albom hazırlayırıq, sizi də dəvət edirik. Allah var. Şükür ki, Allah hər şeyi qaydasına qoyur. Axı Siyavuş efirdə deyirdi ki, onlar Brilliantla işləməklərinə təəssüfləniblər, Nazpəri ilə çalışmaq istəyirlər. Dünyada haqq, nahaq var”.

Brilliant daha sonra "Bəli, Nazpəri gözəl və ustad müğənnidir. Əlinə mikrofon alsa, aləmi dağıdar” deyə, sözlərinə davam edib.

Dadaşovanın kifayət qədər iddialı ittihamına Siyavuş Kərimidən münasibət öyrənməyə çalışdıq. "Şərq”ə açıqlama verən Siyavuş Kərimi "mən qeyri-ciddi mövzular barədə danışmağı sevmirəm. Buna nə zaman var, nə də ehtiyac... 

Qaldı Brilliant xanımın mətbuata açıqlamasına, Allah canını sağ eləsin. Hər kəs həmişə çalışır ki, öz maraqları çərçivəsində danışsın. Görünür, bu açıqlama onun maraq dairəsinə uyğundu. Bu barədə mənim açıqlama verməyə ehtiyacım yoxdu. Ulu öndərin görüşünə gəlincə, bu görüşün təşkili rəsmi şəkildə həyata keçirildiyindən nə mənim, nə də kimsənin müdaxilə edəcək səlahiyyətimiz olmayıb. Hər bir insan ciddi mövzularda ciddi danışmaq məsuliyyətini hiss etməlidir. 

Norveç layihəsi zamanında kifayət qədər marağa və böyük səs-küyə səbəb ola bildi. O layihə barədə yetərincə danışılıb. Bu gün o barədə danışmaq qatara gecikmək kimi görünür. Allah hamıya kömək olsun. Mən o xanıma yalnız yaradıcılıq uğurları arzulaya bilərəm”.

Tahirə