Siyavuş müəllim düz deyir, bələdiyyələrin sayı azaldılmalıdır

“Nə qədər ki, bələdiyyələr icra hakimiyyətlərinin əlavəsində olur, onlar bələdiyyə adını daşımağa layiq olmayacaq”


 Milli Məclisin yaz sessiyası iclasında ölkəmizdə fəaliyyət göstərən bələdiyyələrlə bağlı müzakirələr aparılıb. İclasda bir sıra deputatlar bələdiyyələrin fəaliyyətini tənqid ediblər.

Millət vəkili Siyavuş Novruzov müzakirə zamanı bələdiyyələrin sayının və tərkibinin azaldılmasını təklif edib. Deputat deyib ki, Bakının bir rayonundan 19 bələdiyyə üzvü seçilir, amma kiçik bir kənddə 6-7 nəfər üzv olur: "Məncə, bu bələdiyyələri birləşdirmək lazımdır. Bəziləri deyir ki, bu qurumların səlahiyyəti azdı. Əksinə, düşünürəm ki, bələdiyyələrə kifayət qədər status verilib, onlar bu səlahiyyətlərlə xeyli iş görə bilərlər. İndi də gec deyil. Bu qurumlar
əldə edilən gəlirlərdən bələdiyyə bağçası, məktəbi, qəbiristanlığı və s. salmaq əvəzinə, vəsaiti başqa istiqamətə xərcləyirlər. 

Düşünürlər ki, ola bilər, növbəti mərhələdə seçilməzlər, əllərində nə varsa, xərcləyirlər. Vaxtilə bələdiyyələr qeyri-neft sektoru üçün böyük işlər görə bilərdilər. Əsasən də buraya kənd bələdiyyələri daxildir. Əfsuslar olsun ki, əldə olunan vəsaitlərin hamısını mebelə, maşınlara və əmək haqlarına sərf ediblər”.

Bələdiyyələrin sayının azaldılmasının münasib olduğunu bildirən tarix elmi üzrə fəlsəfə doktoru, Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı millət vəkilinin fikirləri ilə razılaşdığını deyib. Onun sözlərinə görə, bələdiyyə institutu Avropada ən güclü institutlardandır və onların yaradılmasına ehtiyac var

"Bələdiyyələr Azərbaycanda 1999-cu ildə yaradıldı. Azərbaycanın Avropa Şurasına daxil olması üçün götürdüyü öhdəliklərdən biridir. Amma çox təəssüf ki, elə Avropa Şurasına daxil olmaq xatirinə yaradıldı. Ölkəmizdəki bələdiyyələr klassik Avropa ölkələrində olan bələdiyyələrdən kəskin fərqlənir. 

Düşünürəm ki, bələdiyyələrin statusunu aydınlaşdırmaq lazımdır ki, icra hakimiyyətlərindən asılı olmasınlar. Nə qədər ki, bələdiyyələr icra hakimiyyətlərinin əlavəsində olur, onlar bələdiyyə adını daşımağa layiq olmayacaq. Zənnimcə, Siyavuş müəllimin təklifi düzdü. Yəni, az və çevik idarə üsuluna keçmək daha yaxşıdır”.

Yeganə Bayramova