Ekspert pullu xidmətdən istifadə edənlərin azlıq təşkil edəcəyini düşünür
Bundan sonra yola çıxmazdan öncə yollardakı vəziyyətlə bağlı məlumatlar artıq mobil telefonunuza SMS şəklində gələcək. Nazirlər Kabineti "Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma Qaydaları”nı təsdiq edib.
Bununla da yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların qısa mesaj vasitəsilə göndərilməsi Nəqliyyat Nazirliyi tərəfindən "sellülar” mobil operatorları vasitəsilə həyata keçiriləcək.
Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS-lərin istifadəçilərə göndərilməsi Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən həyata keçiriləcək. Göndərilən qısa mesajların həcmi GSM standartlarının tələblərinə uyğun müəyyənləşdiriləcək.
Yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı məlumatların mətni Nəqliyyat Nazirliyinin balansında olan respublika və yerli əhəmiyyətli, habelə Bakı şəhərində yerləşən avtomobil yollarında və küçələrdə baş verən yenidən qurulma və təmir, dövlət tədbirlərinin keçirilməsi, qəzaların olması hallarından ibarətdir. Bu məlumatların qısa mesaj vasitəsilə göndərilməsi üzrə xidmətlər elektron formada göstəriləcək.
Qeyd edək ki, bu xidmətdən istifadə istək və ödəniş əsasında mümkün olacaq. Xidmətə abunə olmaq üçün sorğu SMS göndərmək lazımdır. Aylıq abunə haqqı və bir SMS-in qiyməti Nəqliyyat Nazirliyi ilə "sellülar” mobil operatorları arasında bağlanmış müqaviləyə əsasən təyin ediləcək. Edilən ödənişlər NİİM-nin hesabında toplanacaq.
Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun fikrincə, məlumat almaq istəyən şəxsin məhz sürücü olması heç bir əhəmiyyət daşımır: "Çünki təsdiq edilən qaydalarda bunun ancaq sürücülərə şamil edildiyi qeyd olunmayıb. Burada söhbət ümumi yol hərəkəti iştirakçılarından gedir. Avropa ölkələrində belə məlumatlandırma formasından uzun müddətdir istifadə edilir. Bizim cəmiyyət hələ belə məlumatlandırma vasitələrinə inanmır və hələ alışmayıblar”.
Ə.Hüseynov Azərbaycan reallığında belə bir pullu xidmətdən istifadə edənlərin azlıq təşkil edəcəyini düşünür: "Bu gün respublikada hər hansı sürücü, sərnişin və piyadanın ödəniş edərək xidmətə abunə olması inandırıcı deyil. Sadəcə qanunvericilikdə nəzərdə tutulub”.
Ekspert SMS məlumatlandırma sisteminin tıxacların aradan qaldırılmasında effektiv nəticə verməyəcəyini bildirir: "Çünki insanlar məlumatları KİV və aidiyyəti qurumların saytından əldə edirlər. Lakin məlumatlar operativ və dəqiq şəkildə göndərilsə, tıxacların azalmasına təsir edər. Məsələn, öncədən məlumat verilsə ki, filan yerdə yollar bağlıdır. O istiqamətə getməyi planlaşdıran sürücü istiqamətini dəyişərək baş yol ilə gedir. Bu baxımdan yaxşı məlumatlandırma vasitəsi kimi qeyd etmək olar. Ancaq belə məlumatlandırma tıxacı açmır və ya azaltmır, sadəcə, öncədən xəbərdar edir”.
Vüqar Şahinoğlu