Konstitusiya Məhkəməsinin qərarı vətəndaşların xeyrinə deyil
"Yenidən eyni güvənsizlik yaranıb, əhalinin 99,9 faizi öz pullarını banklardan çəkib “yastıq altında” saxlayır"
Deputatlar Konstitusiya Məhkəməsinin qərarına etiraz edib. Millət vəkillərinin ümumi rəyinə görə, Konstitusiya Məhkəməsinin xarici valyutada götürülmüş və "problemli kreditlər” adı ilə tanınan borclara görə qəbul etdiyi qərar əsaslandırılmamış qərardır. Onların fikrincə, həmin borcların bir hissəsi dövlət tərəfindən kompensasiya olunmalıdır, əks halda vətəndaşın hakimiyyətə güvəni azalacaq.
Konstitusiya Məhkəməsinin xarici valyuta ilə götürülmüş kreditlərin qaytarılması qaydası haqqında qərarını şərh edən millət vəkili Vahid Əhmədov Konstitusiya Məhkəməsinin qərarının birmənalı olaraq bankların xeyrinə olduğunu deyib.
Onun fikrincə, ən azından banklar xarici valyutada kredit borcu olan vətəndaşların vəziyyətini nəzərə almalıdırlar. Deputat hesab edir ki, burada banklar da müəyyən addımlar atmalı və borclu vətəndaşların kreditləri ödəmələri üçün mümkün güzəştləri etməlidirlər.
İqtisadçı-ekspert Fuad İbrahimovun "Şərq”ə açıqlamasına görə, Konstitusiya Məhkəməsinin qərarı səlahiyyət verir ki, banklar müstəsna hal kimi hər bir vətəndaşa münasibətdə differensial qaydada qərar qəbul etsin. Son sözün banklara verildiyini vurğulayan ekspert hesab edir ki, bundan sonrakı vəziyyət bankların məsələyə yanaşmasından asılıdır:
"Dollarla kredit götürən vətəndaşların arasında bölgü aparılmalıdır. Elə vətəndaşlar var ki, səbəbsiz yerə mənzilini girov qoyub dollarla kredit götürüb. Bəzi vətəndaşlar isə sırf biznes məqsədi ilə götürüb. Manatın dəyəri 100 faizə qədər aşağı düşdüyü üçün sahibkar borcunu qaytara bilmir. Ona görə də banklar vətəndaşlarla münasibətlərini pozmamaq, öz inamlarını itirməmək üçün vətəndaşlara güzəştə getməlidir. Ən azından yenidən müqavilə bağlayıb dollarla verilən kreditləri manata çevirə bilərlər. Faizləri dayandırmaqla da münasibətlərin yumşalmasına zəmin yarada bilər. Faktiki olaraq fors-major vəziyyət yaranıbsa, hər iki tərəf müəyyən itkilər verməlidir.
Birmənalı şəkildə Konstitusiya Məhkəməsinin qərarını olduğu kimi tətbiq etməyə başlasalar, bu, əhali tərəfindən ciddi narazılıqla qarşılanacaq. Faktiki olaraq, əhalinin götürdüyü kredit birdən-birə iki dəfə atıb. Əgər 100 manat götürmüşdüsə, indi 200 manat qazanmalıdır, üstəlik, əlavə olaraq bankın faizini ödəməlidir ki, borcunu bağlaya bilsin. Amma banklar buna getmir. Nəticədə isə problemli kreditlərin həcmi azalmaq əvəzinə artır. İndiyə qədər kreditini ödəyənlər artıq ödəyə bilmir.
Üstəlik də məhkəmələr bankın xeyrinə qərar çıxarır. Bu çəkişmələr davam etdikcə də banklara olan inam itir. Gələcəkdə yenidən biznes və banklara inam mühitini yaratmaqdan ötrü çətin bir prosesdən keçməli olacağıq. Gedən proseslərin xeyrindən çox ziyanı var. Xatırlayırsınızsa, Sovet dövründə əmanət banklarındakı pullar batandan sonra vətəndaşların banklara yenidən etibar etməsi, öz vəsaitlərini banklara depozit kimi qoyması üçün illər lazım oldu. Yenidən eyni güvənsizlik yaranıb, əhalinin 99,9 faizi öz pullarını banklardan çəkib "yastıq altında” saxlayır. Bu isə bazar münasibətləri üçün ən təhlükəli fon hesab olunur”.
Şəymən