Bu gün Qazaxıstanın artıq sabiq prezidenti sayılan Nursultan Nazarbayev qazax xalqına xüsusi müraciət edərək, səhhəti ilə bağlı istefa verdiyini açıqladı.
"Sherg.az” bildirir ki, Qazaxıstan parlamentinin spikeri Qasım Comərt Tokayev prezident vəzifəsini müvəqqəti olaraq yerinə yetirəcək. Tokayev sabah səhər müvəqqəti prezidentliyi üçün and içəcək.
Qazaxıstan mətbuatının məlumatına görə, Tokayev 2020-ci ilin aprel ayına kimi, yəni növbəti prezident seçkilərinə qədər ölkəyə rəhbərlik edəcək. Bu da onu deməyə əsas verir ki, Nazarbayevin istefasına görə, Qazaxıstanda növbədənkənar seçki olmayacaq. Nazarbayevin özü də Respublika Təhlükəsizlik Şurasına və "Nur Otan” Partiyasına rəhbərliyini sürdürəcək. O, həmçinin Qazaxıstanın Konstitusiya Şurasının sədri olaraq da qalacaq.
Qazaxıstanın ilk və yeganə prezidenti idi
Nazarbayev 24 aprel 1990-cı ildə Qazaxıstan SSR-in başına keçərək, prezident səlahiyyətlərinə başlayıb. Bundan əvvəl, yəni sovet dönəmində o, Federal Respublikası Ali Şurasına və Nazirlər Şurasına rəhbərlik edib. Sovetlər dağılandan bu günə qədər isə hər seçkidə qalib gələrək Qazaxıstan prezidenti vəzifəsini icra edib. 78 yaşlı Nazarbayev keçmiş SSRİ ölkələrinin liderləri arasında və keçmiş sovet məkanında köhnə liderlər arasında hakimiyyətdə qalan yeganə şəxs idi. O Qazaxıstanın sovet dövründən bəri dəyişməyən yeganə prezident idi.
"Millətin Atası"
Qazaxıstanda Nazarbayev "Millətin Atası" hesab olunur. Sovet İttifaqının dağılmasından sonra ölkənin iqtisadi inkişafı və dövlət quruculuğu onun fəaliyyəti ilə bağlıdır. Paytaxt Astanada bir universitet, paytaxt və ölkə şəhərlərində bir neçə küçə və prospekt onun adını daşıyır. Ölkənin şimalındakı keçmiş "Komsomol zirvəsi” də onun şərəfinə "Nazarbayev zirvəsi” adlandırılır.
Nazarbayev həm də Qazaxıstanın ardıcıl olaraq "de-rusifikasiyası”nda, yəni ölkəni ruslardan təmizləmə siyasətində ittiham olunurdu. Rusiyanın "lenta.ru” saytı qeyd edir ki, Nazarbayevin prezidentliyi dövründə respublikanın rus əhalisinin sayı mütəmadi olaraq azalıb. Əgər 1989-cu ildə ruslar Qazaxıstan əhalisinin 37,82 faizini təşkil etmişdilərsə, 2018-ci ilin əvvəlində bu göstərici 19,76 faiz təşkil edib. Bununla yanaşı 2017-ci ildə Nazarbayev Qazaxıstan dilini latın əlifbasına çevirməklə bağlı fərman imzaladı. Son zamanlarda isə rus dilində olan yazıları Qazaxıstan rəsmi sənədlərindən çıxarmışdı.
O bir il Qazaxıstanı idarə edəcək
Prezident səlahiyyətlərini bir il davam etdirəcək 65 yaşlı Qasım Comərt Tokayev Qazaxıstanın xarici işlər idarəsinin yaradıcısı sayılır. O, iki dəfə ölkənin Xarici İşlər Nazirliyini idarə edib və 1999-2002-ci illərdə baş nazir olub. 2011-2013-cü illərdə Tokayev Birləşmiş Millətlər Təşkilatının baş katibinin müavini vəzifəsində çalışıb. Rus mənbələrinin məlumatına görə Tokayev BMT-də işinə davam etmək istəyib. Lakin Nazarbayevin tələbi ilə Qazaxıstana geri dönüb.
Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Slutskiy Tokayevi "əsl siyasətçidir. Hətta Avropa deyil, daha böyük miqyaslı siyasətçidir" –adlandırıb.
Anar Bayramoğlu