Sosioloq, kulturoloq, şair və psixoloq metroda döyülən qızdan danışdılar - Fikirlər haçalandı

Xəbər verdiyimiz kimi , ötənlərdə Bakı metrosunda qızı geyiminə görə döyüblər. Hadisə ilə bağlı sosial şəbəkədə yayılan videodan da görünür ki, metroda gənc qız geyiminə görə, hücuma məruz qalıb. Bunun nəticəsində gənc qız orta yaşlı qadın tərəfindən döyülüb. Şübhəszi ki, bu hadisə cəmiyyətdə və eləcə də sosial şəbəkələrdə birmənalı qarşılanmadı və ciddi müzakirə mövzusuna çevrildi Kimi "geyim müzakirə olunmaz, hər kəs istəyi kimi geyinə bilər deyib" şortikli qıza bəraət qazandırdı, kimi isə onu şiddətə məruz qoyub təqhir edənə.
Maraqlıdır, görəsən, ictimaiyyət nümayəndələri bu barədə nə düşünür ?
Sualımızı cavablandıran professor, sosioloq Əhməd Qəşəmoğlu "Sherg.az"a bildirib ki, Bakı metrosunda baş verən bu hadisə bəzi gənclərin fikirlərində doğru olmadıqlarını göstərir:
"Düzdür, biz azad, demokratik bir dövlətdə yaşayırıq. Bəzi gənclər bu şəraitdə açıq-saçıq və ya xoşa gəlməz hərəkət etməyin doğru olduğunu güman edirlər. Amma biz ətrafın hərəkətlərinə, düşüncələrinə, davranışlarına uyğun hərəkət etməliyik. Əgər bir şəxsin geyimi, davranışı cəmiyyəti narahat edirsə, burada problem həmin şəxsin özündədir. Burada haqsız tərəf ətraf deyil. Çünki sən mühitə uyğunlaşmalısan. Metroda baş verən mübahisədə qız gənc bir xanıma yaraşmayan tərzdə hərəkətlər edirdi. Biz bu cür məsələlərdə bir az diqqətli olmalıyıq. 
Azərbaycanda mənəvi dəyərlərin gözdən düşməsi, aşınması prosesi gedir. Bu da cəmiyyətdə bir çox gərginliyin başlanğıc nöqtəsi olur. Biz mənəvi dəyərlərimizin sivil şəkildə qalmağına kömək etməliyik. Bu məsələdə hər iki tərəfdə günah var. Heç kəsin ixtiyarı yoxdur ki, kiməsə fiziki təzyiq göstərsin. Nə də ki, qızın davranışları normal idi. Biz ölkədə ictimai qınağı gücləndirməliyik. Bu zaman xalqımızın adət-ənənəsinə, mental dəyərlərinə uyğun olmayan hərəkətlər çox olmayacaq. Hər kəs cəmiyyətdəki mənfi xüsusiyyətləri fiziki yolla yox, mülayim şəkildə, ünsiyyət vasitəsi ilə başa salmalıdır. 
Məsələn, mən xoşgəlməz bir halla qarşılaşanda mülayim şəkildə ona hərəkətinin doğru olmadığını izah edirəm. Ümumiyyətlə, ictimai yerlərdə hər kəs özünü ətrafa uyğun aparmalıdır. Belə hallarla dəfələrlə qarşılaşmışam. Bu, çox pis vəziyyətdir. Biz gənclərimiz arasında maarifləndirmə işləri aparmalıyıq. Bununla da gənclərimizin icimai yerlərdə davranışlarının tənzimlənməsinə kömək etməliyik. Biz "istədiyimizi etməliyik” düşüncəsində olan gəncləri qınamalıyıq. Ölkədə demokratiya, azadlıq var. Amma biz belə hərəkətlər edib, insanları qıcıqlandırmamalıyıq”.
Mental dəyərlərimizin, adət-ənənələrimizin indiki gənclərin hərəkətlərinə qarşı durduğunu diqqətə çatıran kulturoloq Aydın Xan Əbilov vurğulayıb ki, belə mübahisələrin hər zaman başlanığıc nöqtələri bizim müasir fikirli gənclərimizdir:
"Baki metrosu cəmiyyətimizin bütün təbəqələrinin vaxtaşırı və gündə istifadə etdiyi ictimai nəqliyyat vasitəsidir. Ondan istifadə edən istər qadın, istərsə də, kişi davranışı, əxlaqı, geyimi ilə başqalarının psixikasına təsir etməməlidilər. Bura Azərbaycandır. Bizim öz mental dəyərlərimiz, Şərq ənənələrimiz, islam dininə aid müəyyən tabeliklərimiz var. Əgər kimsə yarıçılpaq geyinib, özünü, öz bədən əzalarını kiməsə göstərmək istəyirsə, bunun üçün Bakıda kulublar,restoranlar və müxtəlif yerlər var. Gedib həmin yerlərdə özlərini göstərə bilərlər. Gənclərin belə davranış göstərməsinin səbəbi isə xarici kino, verliş və şoularla həddindən çox maraqlanmalarıdır. Yaxud da öz bədənlərini nümayiş etdirmək arzuları varsa, yay ayıdır, gedib dənizdə istədiyi kimi soyunub gəzə bilərlər. 
Bakı metosu, küçələri və ya digər ictimai nəqliyyat vasitələrində yarıçılpaq, ədəbsizcədinə ayaqlarını üst-üstə aşırıb, alt paltarlarını göstərmək lazım deyil. İnsanlar nə qədər belə etsələr, sözsüz ki, ətrafdakılar da onlara belə sərt cavablar verəcək. Müxtəlif xarici ölkələrdə yüngül əxlaqlı qadınlar üçün müəyyən küçələr və binalar var ki, onlar orada öz bədənlərini satırlar. Amma bura Azərbaycandır. Bizin dində, dövlət qanunlarında buna yol verilmir. 
Heç Azərbaycan SSR-nin tərkibində olanda belə davranışlar, hərəkətlər bizim xalq arasında qadağan idi. Amma indi bəzi gənclərimiz bu cür hərəkətlərlə cəmiyyətlə özləri arasında mübahisələr yaşayırlar. Burada qız oturuşu, geyimi, danışığı ilə ətrafdakı insanlarda qıcıq yaratdı. Qız nə qədər günahkar olsa da, ətrafdakıların elə reaksiya göstərməyi doğru deyil. Çünki heç kəs bir başqa birini o vəziyyətdə təhqir edə bilməz. Amma bütün bu məsələlərin başlanğıcında gənc qızın özü durur”.
Metrodakı hadisədə gənc qızla yanaşı ətrafdakı insanları da qınayan şair Taleh Mənsur  söyləyib ki, həmin vəziyyətdə ətrafdakıların gənc qıza o cür təsir göstərməsi doğru deyil:
"Ümumiyyətlə, insanlarımızda qəribə bir aqressiya var. Bu aqressiyanın nədən qaynaqlandığını bilmirəm. Amma aqressiyanın atəşindən gec-tez hər birimizə pay düşəcək. Çox arzu edərdim ki, kişili, qadınlı mənşəyi məlum olmayan aqressiyanın atəşini özümüzə yox, əzəli torpaqlarımızda at oynadan ermənlərə istiqamətləndirə bilək. Qaldı sözü gedən məsələyə, səmimi deyirəm, oxşar halla qarşılaşsaydım, yəqin ki, daxilən olsa belə, mən də əsəb keçirərdim. Təsəvvür edin qarşınızda "dekolte" geyinmiş bir xanım oturub. Hələ üstəlik ayağını da ayağının üstünə qoyub. Kənardan gözündən "cin yağan" 10-15 əks cinsin nümayındəsi oğrun-oğrun bu xanımı süzür. Başqalarını bilmirəm, bu mənim üçün çox dəhşətli mənzərədir. "Dekolte" geyinmiş qıza baxan, kişi deyə bilməyəcəyim bir qrup əks cinsin nümayəndəsi həmin xanımdan daha eybəcər görünür. 
Hələ o xanımı təhqir edib hücum çəkənləri demirəm. Qeyd etdiyim kimi, geyiminə və hərəkətlərinə görə, nə qədər daxili əsəb keçirsəm də, köməksiz bir xanımı təhqir edib hücüm çəkənlərin fonunda həmin xanıma bir anda ürəyimdə mərhəmət yarandı. Hadisənin şahidi olsaydım, çox guman ki, onu təhqir edənlərin, hücum çəkənlərin və münasibətsiz qalanların tərəfkeşi kimi deyil, xanımın müdafiyəçisi kimi çıxış edərdim. Allah insanlara bir-birini başa salması üçün dil və düşüncə verib. Hücum çəkmək, xətər yetirmək, daha çox dilsiz və düşüncəsiz heyvanlara məxsusdur. Hərçənd ki, dünyamızda bunun tam əksini görürük. Daha çox insan ali varlıq ola-ola məlum funksiyanı başqa cür yerinə yetir. Hər halda ali varlıq olan insanı digər canlılardan fərqləndirən nələrinsə olması lazımdır”.
Bu cür məsələlərin başlanğıcında gənclərın etdiyi xoşgəlməz hərəkətlərin dayandığını qeyd edən psixoloq Azad İsazadə söyləyib ki, gənclər cəmiyyətə uyğunlaşmalıdır, cəmiyyət gənclərə yox:
"Ümumiyyətlə, cəmiyyət içərisində aqressiya hər zaman olub. Sadəcə, son illər bu daha da çoxalıb. Gənclərimiz arasında bəziləri davranışlarını,hərəkətlərini diqqətsiz şəkildə icra edir. Bunun əsas səbəbi xarici təsirdir. Ümumilikdə, dünyada bu cür hadisələr artır. Bu da bizim emosiyalarımıza təsir göstərir. Artıq gənclər saqqala, yaşa qoyulmalı olan hörməti yavaş-yavaş itirir. İstər-istəməz də bu belə halların yaşanmasına yol açır. Cəmiyyət arasında bir-birini dinləməmək problemi də var. Artıq hamı söz ustasına çevrilib. Bu da sonda belə hadisələr yaşadır”.
Mübahisə zamanı yaşlı xanımın gənc qıza fiziki təsir göstərməsi məsələsinə toxunan A.İsazadə onu da əlavə edib ki, qızın göstərdiyi davranış düzgün olmasa da, xanımın qıza fizik təsiri də doğru deyil:
"Biz özümüzü belə məqamlarda idarə etməliyik. Hər hansısa bir insanı fiziki təsirlə yox, ünsiyyətlə başa salmalıyıq. Qızın o cür geyinməyi bizim problemimiz deyil. Bu onun ailəsinin problemidir. Ailəsi fikir verməlidir ki, onun qızı nə vəziyyətdə küçəyə çıxır. Ətraf onun bu görünüşünə necə münasibət bildirəcək. Qızın o cür geyimi və davranışı düz deyil. Amma haradasa da tolerantlıq olmalıdır. Qəbul etmədiyimiz davranışları sözlə deyə bilərik. Lakin fiziki təsirdən istifadə etməməliyik”.
Kənan Eynuroğlu