Şoulaşan günümüz...
Etik normaları çeynəyən verilişlər çoxalır
Vaxtaşırı belə olur; telekanallar kimlərinsə qəzəbinə tuş gələndə, düşük şou-proqramlara bir az ara verilir, özlərini sanki ciddiləşirmiş kimi göstərməyə başlayırlar. Amma azacıq müddət keçdikdən sonra yenidən oksigen rolunu oynayan ucuz şouları dövriyyəyə buraxırlar. Məsələn, ATV telekanalında ötən il "Ümid var” küləkləri əsirdi. Getdikcə, o qədər "yüksəldilər” ki, artıq ayaqlarının altını görməz oldular və kişi ilə qadının intim videoları, qadın müğənnilərin ər savaşına səhnə verməyə başladılar.
Əxlaqsızlığın ölkə boyu yayımı nəhayətdə, rəsmi qurumları tərpətdi və layihə dayandırıldı. Yeni mövsümdə "Ümid var” yeni biçimdə efirə qayıtdı. Sosial problemləri "Öz aralarında” həll etməyə həvəs göstərdilər. Yaxşı gəlirdilər, amma yenə "qaşınmağa” başlayıblar. Ər savaşına çıxan müğənnilərdən biri hazırkı ərinin keçmiş həyat yoldaşından danışır və bunu bütün ölkəyə "başqasının ailəsini dağıdan müğənni qadın! O kimdir? Bir azdan studiyada...” tipli bayağı, əttökən, insan psixologiyasına qənim kəsilən anonslarla sadəlövh tamaşaçı qismini ovsunlamağa. Biz mediada olanlar bilir ki, burada söhbət kimdən gedir: müğənni Nazənindən. Məlumdur ki, müğənninin hazırkı həyat yoldaşının əvvəlki ailəsi barədə bir qadın KİV-ə informasiya ötürüb. Bu saat dava onun üstündədir. Bəs, bu sırf ailə məsələsinin telekanala və yaxud orada canı ilə əlləşən, xəstəliyinə, hansısa sosial probleminə çarə axtaran məzlum insanlara nə dəxli var?
Heç bir. Sadəcə, telekanal və layihə rəhbərliyi, ola bilsin, görür ki, insanlara yardım kampaniyası təşkil etməklə, "reytinq qırmaq” mümkün deyil, bəlkə ona görə, əvvəllər evli olmuş birisi ilə ailə qurduğunu gizlətməyən bir müğənni qadının həyatını ekrana daşıyır. Belə meşşan söhbətlərə bayılan Azərbaycan tamaşaçısının yadında olar bəlkə, ötən mövsümdə, "Ümid var” verilişində bir xanımın studiyaya gəldiyini xəbər verib, dəqiqələrlə tamaşaçını ekrana kilidləyənlər, sonda həmin xanımın xəz kürkünün ətəklərini nümayiş etdirib, "ardı növbəti verilişdə” deyərək tamaşaçını sözün əsl mənasında barmaqlarına dolamışdılar. Bunu biz belə deyirik. Bu tip verilişlərin aparıcıları və hazırlayanları üçünsə, bu, sadəcə layihənin istiqaməti, quruluşu, məzmunu, mayəsi, qayəsi, bir sözlə, canıdır!..
Dəyərli oxucumuz elə sanmasın ki, "Öz aramızda” layihəsi ilə, nəsə düşmənçiliyimiz-filan var. Misal olaraq çəkdik. Digər telekanallarda da oxşar layihələr nə qədər desəndir. ANS telekanalında "Adam içində”n çıxan Elgiz bəxtsiz gənc xanımlara, hətta yaşlı nənələrə də az qala "Nürnberq məhkəməsi” qurur. "Aaa, bunun canında bilirsiz, nələr vaar...” deyərək. Xatırlayırsınızsa, məhz bu verilişdə iki müğənni biri-birini olmazın küçə söyüşləri ilə təhqir etmişdilər. Bu da layihənin əsas qayələrindən biri idi, yəqin.
Abırsızlığın dərəcəsi artıq o həddə çatıb ki, bir kişinin öz arvadının oynaşı ilə olan intim səhnələrini gizli çəkiliş aparıb telekanala təqdim etməsi və telekanalın da bunu efirdə ictimailəşdirməsi də norma sayılır. Və bu qanunsuzluğa görə kimsə məsuliyyət daşımır.
Elə bir dövrə gəlib çıxmışıq ki, aparıcının efirdə hamam xalatı geyinməsi də, şpaqat açması da, müğənnilərin ər savaşına çıxmaları da, kiminsə doğduğu körpənin atasını təsdiqlətməyə çalışması da, 13 yaşlı qızı qaçıranın efirə dəvət edilməsi də "teledəyərə” çevrilib. Hətta bu kimi məsələlər olmayanda, həmin günün buraxılışını uğursuz və "sönük” hesab edirlər. Mütləq kimsə efirdə saçyolduya çıxmalıdır, kimsə söyülməlidir, vay-şivən qopmalıdır ki, veriliş "yağlı” alınsın. Belə verilişlərdən cəmiyyət nə qazanır? Əslində, dəlinin yadına daş salmaqdan başqa bir şeyə xidmət etmirlər. Evinə bağlı bir qadın da belə verilişləri izləyib, ərinə "təpik atıb”, evini tərk edər.
Milli Teleradio Şurasının çarəsizliyi
Xatırlayırsınızsa, MTRŞ telekanallarda dil qüsurları ilə bağlı keçirdiyi monitorinqin nəticələrini ötən ilin sonlarında açıqladı.
Bərbad halda olan danışıq tərzi, aparıcıların savadsızlığı, jarqonla danışmaları, məhəllə ləhcəsinə üstünlük vermələri monitorinqdə əksini tapmışdı. Amma aparıcılar MTRŞ-ni "topa tutdular”. Bəzisi özünü təmizə çıxardı, bəzisi də, MTRŞ-nin iradlarına saymazyana yanaşdığını eyni qüsurları yenə də təkrarlamaqla sərgilədi. Yəni, MTRŞ kimdi ki, bizə irad bildirir. Özümüz bilərik. Necə istəyirik, elə də danışırıq. Bu saymazyanalıq telelayihələrdə də özünü göstərir. Həm də təkcə MTRŞ-yə qarşı yox, ümumən cəmiyyətə qarşı. MTRŞ isə həqiqətən də çarəsizdir. Çünki əlində telekanalları ciddi şəkildə cəzalandırmağa səlahiyyət yoxdur. Verilməlidirmi bu səlahiyyət?
Abırsızlığın dərəcəsi artıq o həddə çatıb ki, bir kişinin arvadının oynaşı ilə olan intim səhnələrini gizli çəkiliş aparıb telekanala təqdim edir, telekanal da bunu efirdə yayımlayır.
Yoxsa telekanallardakı bu səviyyəsizliyə, cəmiyyətə əxlaqsızlıq aşılayan verilişlərə tab gətirmək zorundayıq?
Məsələni millət vəkili, Milli Məclisin Mədəniyyət Komissiyasının sədri, professor Nizami Cəfərovla çözməyə çalışdıq:
- MTRŞ məlum Nizamnamə daxilində fəaliyyət göstərir. Nizamnaməyə görə də hər hansı telekanalda yayımlanan verilişlə bağlı qapanma qərarı çıxarmaq mümkün deyil. Vəziyyət belədir ki, hansısa telelayihəni səviyyəsizliyinə görə qadağan etmək olmur. Yalnız o halda bu mümkündür ki, "Teleradio yayımı haqqında” qanuna görə qadağan olunan məsələlər ortaya çıxsın. MTRŞ tövsiyə xarakterli məsləhətlər verə bilər və bunu edir. İnsafən, deməliyik ki, telekanalların nəzərə aldığı tövsiyələr də olur. Telekanallar tövsiyələrə laqeyd qalmırlar. Amma peşəkarlığın qaldırılması artıq sənətkarlıq məsələsidir. Qanunla peşəkarlıq qaldırıla bilməz. Bunun üçün kadrlar hazırlanmalıdır. Təəssüf ki, bizim telekanallar bunu bacarmır və ya onları bu az maraqlandırır. Bəli, telekanallarda dedi-qodu yenə çoxdur, peşəkarlıq isə yoxdur. Olsa da, aşağı səviyyədədir. Cəmiyyətimiz çox inkişaf edib, insanların zövqü yüksəlib, amma bunun müqabilində televiziyalar az inkişaf edib. Televiziyalar cəmiyyətin ardınca "qaçır”. Yetişə bilmir, cəmiyyətdəki səviyyəyə. Həqiqətən də, elə verilişlər var ki, çox bayağıdır. Hərə əlinə bir mikrofon alıb, düşür çöllərə. Kəndlərə gedirlər, evlərə gedirlər, elə şit, mənasız suallar verirlər ki, qarşısındakı müsahib qalır çaş-baş, buna necə cavab versin. Ağsaqqal kişidən, ağbirçək qadından soruşurlar ki, sənin toyun necə olub? Verilişlər tamaşaçıya heç bir informasiya vermir. Ancaq şouya xidmət edir. Bəzən aparıcılar səhv olaraq belə düşünürlər ki, hansısa sensasiyalı xəbər tamaşaçıya lazımdır. Çalışırlar tamaşaçının diqqətini cəlb etsinlər. Ancaq bu, tamamilə yanlış təsəvvürdür. Müasir zamanda insanları nəyləsə heyrətləndirmək çox çətindir. Bu gün
televiziyalarda daha çox sosial yönümlü verilişlərə ehtiyac var. Tok-şoular da təşkil etmək olar, amma gərək təhqiramiz ifadələrə yer verilməsin, insanların şəxsiyyəti ilə, mənəviyyatı ilə oynamasınlar. Bəzən aparıcılar hansısa yad mühitin təsirinə düşür və belə zənn edirlər ki, xarici kanalda efirə getmiş süjet bizdə də məqbuldur. Amma Azərbaycan cəmiyyəti hələ də dəyərlərə bağlı bir cəmiyyətdir və belə məsələləri cəmiyyət qəbul etmir. Çünki bizdə dəyərlər sistemi başqadır. İnsanların əxlaqına, mənəviyyatına mənfi təsir edən məsələlər efirə verilməməlidir. Bizim cəmiyyət bunu çox pis qarşılayır. Bəzən özlərini Türkiyə, Rusiya telekanalları ilə bir müstəviyə qoymaq istəyirlər. Bilməlidirlər ki, biz fərqli cəmiyyətlərə mənsubuq. Digər tərəfdən burda peşəkarlıq səviyyəsi də var. Bizim telekanallardakı peşəkarlıq Rusiya telekanalları ilə müqayisəolunmazdı. Rusiya televiziyasında orta səviyyəli bir müğənni elə söhbət edir ki, savadına, düşüncə tərzinə həsəd aparırsan, amma bizdə müğənnilər heç danışa bilmir, nə danışdıqları hələ bir yana qalsın.
MTRŞ-yə əlavə səlahiyyətlər verilməsinə gəlincə, N.Cəfərov buna ehtiyac olmadığını dedi:
- Biz yenidən senzuraya, qadağalara qayıda bilmərik. Bu, televiziyalara aiddir, mətbuata da. Amma müəyyən hədlər var ki, onlar keçilməməlidir. Televiziyalar bunu özləri müəyyən etməlidir. Yenə də cəmiyyətin xüsusiyyətlərindən çıxış edərək. Bilirsiz, yalnız telekanalın qarşısına toplaşmış tamaşaçının rəyini nəzərə almaq yanlışdır. Bunlar əhalinin, xalqın çox az faizini təşkil edir. Telekanallar çalışmalıdır ki, həqiqi tamaşaçı auditoriyası toplasınlar. Bu gün biz hələ də Rusiya, Türkiyə televiziyalarını nümunə göstəririksə, deməli, yerli telekanallarda problem var.
"Reytinq qıran” verilişlərin illüziyası...
Televiziya mütəxəssisi Zeynal Məmmədli də "Şərq”ə açıqlamasında etik normaları çeynəyən verilişlərin sayının artmasına teleməkandakı boşluqların səbəb olduğunu dedi:
- Bəzi videolar, süjetlər cəmiyyətə çox pis mesajlar, çox pis örnəklər verir. Hesab edirəm ki, Milli Teleradio Şurası bunların qarşısını çox iri məbləğdə cərimələrlə almalıdır. Nəticə etibarilə efirimizdəki bu tip qalmaqallı, etik normaları çeynəyən verilişlər ona görə yaranır ki, teleməkanda müəyyən məhdudiyyətlər var. Məhdudiyyətlərin yerini "doldurmaq” üçün də bəziləri qeyri-etik, hətta heyvani hisslərə də efir genişliyi verirlər. Televiziyalarda kommersiya maraqları bütün müsbət keyfiyyətləri üstələyir.
Qonşu ölkələrdə bu tip verilişlərlə bağlı qanunvericilik formasında teleradio şuralarına səlahiyyətlər verilir. Təəssüflər olsun ki, Azərbaycanda bu yoxdur. Məsələn, qonşu Türkiyədə və başqa ölkələrdə bu cür verilişlər varsa, Teleradio Şuraları onları müəyyən müddətə bağlaya bilir. Amma bizim "Teleradio Yayımı haqqında” qanunda bu yoxdur.
Problem burasındadır ki, televerilişlərin reytinqlərinin necə və hansı üsulla ölçüldüyü məlum deyil. Ölkədə faktiki yalnız bir reytinqölçən şirkət - SİAR fəaliyyət göstərir. Nə qədər ki bu sahədə rəqabət yoxdur, bir deyil, bir neçə şirkət bu işlə məşğul olmur, açıqlanan reytinq cədvəllərinə etibar edilməyəcək. Rəqabət mühiti, sərbəst bazar yoxdursa, spekulyasiyalara, yarınmalara geniş imkan yaranır. Reytinq məsələsində önəmli olan reytinqin hansı metodologiya ilə hesablanmasıdır. Burada iştirak edən bütün şirkətlər eyni metodologiyadan istifadə etməlidir. Reytinqölçən qurumlar adətən reklam agentliklərinin tərkibində olur. Amma bizdə reklam bazarında da monopoliya olduğu üçün buna da etibar etmək mümkün deyil. Deyirlər, evlərdə cihazlar quraşdırılıb və insanların nəyə baxdığı ölçülür. Bəlkə o adam sadəcə, pul aldığı üçün proqrama baxır. Və bu insanlar kimlərdir, onlar Azərbaycan tamaşaçısını tam təmsil edirmi? Ümumiyyətlə, reytinqölçmə nə qədər insanı əhatə edir, onlara hansı suallar ünvanlanır, nə qədər pul ödənir? Bu 300 nəfərlə irqi, dini, milli mənsubiyyət, sosial təbəqələrin hamısını əhatə etmək mümkündürmü? Təbii ki, xeyr.
Görürsüz, bilmədiyimiz, ancaq bilməmiz gərəkən nə qədər məsələlər var. Məsələn, Avropa Yayım Assosiasiyası məsələhət görür ki, minimum 7 min (!) adamın evində monitor olmalıdır. Təsəvvür edin, 7 min hara, 300-400 nəfər hara?! Tutalım, SİAR 300 adamın evində monitor quraşdırıb. Bu 300 adamla Azərbaycan ərazisi nə dərəcədə əhatə olunur, ölkənin sıx və ya seyrək yaşayış zonaları, şəhər, kənd, dağ yerləri var. Bunlar əhatə olunurmu? Təbii ki, şəhər sakinləri ilə kənd sakinlərinin baxdığı verilişlər arasında fərqlər ola bilər. Sonra, reytinq balı olaraq nəyi əsas götürürlər? Suallar o qədərdir ki. Cavablarsa yoxdur. Bilirsiz, rəqabət nə qədər çox olursa, işə bir o qədər ciddi yanaşılır.
Niyə bir dənə də olsun uşaq və ya xəbər proqramı reytinq cədvəlinə düşmür, birincilik ancaq tok-şou və şou proqramlarındadı? Bunu artıq MTRŞ analiz etməlidir. Çünki reytinq cədvəli əhalinin də durumunu üzə çıxarır.
Həmin bu SİAR-ın araşdırmasına görə, Azərbaycanda ən çox baxılan kriminal və şou proqramlardır. Siyasi mövzulara az yer verilirsə, siyasi məzmunlu canlı debatlar, gərgin mübahisələr yoxdursa, xəbər proqramları birtərəfli hazırlanırsa, təbii ki, tamaşaçının gördüyü ancaq şou-proqramlar olacaq. Azərbaycan kanallarında ən ağır gələn şou-proqramlardır: 99 faiz. Televiziyanın əsas funksiyası maarifləndirmə, informasiya və əyləndirmədir. Azərbaycan kanallarında əyləndirmənin xüsusi çəkisi 99 faizdir. Qalan iki xətt isə yoxdur. Bunun da nəticəsidir ki, hazırda telekanallarda daha çox səviyyəsiz şou və əyləndirmə var. İnformasiya və maarifləndirici xətt isə arxa plandadır. Halbuki cəmiyyət olaraq informasiya və maarifləndirməyə daha çox ehtiyacımız var. Hazırda Azərbaycan tamaşaçısının 60 faizdən çoxu xarici telekanallara baxır. Çünki oradakı verilişlərlə bizim yerli istehsal arasında kəskin fərq var. Əslində, tamaşaçı özünə layiq bildiyini seçir. Telekanallar isə illüziyaya qapılıb özlərini reytinq cədvəllərində axtarırlar.
Məlahət Rzayeva