“Star” dünya əhəmiyyətli layihədir
Zavodun açılışı təkcə iqtisadi deyil, siyasi və təhlükəsizlik baxımından da çox böyük əhəmiyyətə malikdir
Bir neçə gün əvvəl Türkiyənin İzmir şəhərində açılış mərasimi keçirilən "Star” neft emalı zavodu Azərbaycan ictimaiyyəti tərəfindən Azərbaycan-Türkiyə əlaqələrində strateji əməkdaşlığın gücləndirilməsi baxımından yeni bir mərhələ kimi dəyərləndirilib. Xüsusən də, "Star" neft emalı zavodunun açılışında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı zavoda sərmayə qoyuluşunun əhəmiyyətinə verilən qiymət kimi xarakterizə olunub.
"Star” neft emalı zavodunun açılışını Türkiyə və Azərbaycan üçün əlamətdar hadisə kimi dəyərləndirən millət vəkili və iqtisadçıların fikrincə, bu layihə ikitərəfli əməkdaşlıq əlaqələrini genişləndirəcək, enerji sahəsində qarşılıqlı fəaliyyəti bir qədər də möhkəmləndirəcək.
Millət vəkili Elman Məmmədov Sherg.az-a açıqlamasında Türkiyədə açılış mərasimi keçirilən SOCAR-a məxsus "Star” Neft Emalı Zavodunun dünya əhəmiyyətli bir layihə olduğunu deyib. "Star” layihəsinin təkcə iqtisadi deyil, siyasi və təhlükəsizlik baxımından da çox böyük əhəmiyyətə malik olduğunu vurğulayan millət vəkili bu layihənin Azərbaycan və Türkiyə münasibətlərinin daha da dərinləşməsində müstəsna rol oynadığını qeyd edib:
"Türkiyənin İzmir şəhərində "Star” neft emalı zavodunun açılış mərasimində iştirak edən Prezident İlham Əliyev belə bir fikir söylədi: "Mən dünyada ikinci ölkə tanımıram ki, Türkiyə və Azərbaycan qədər bir-birinə bağlı olsunlar. Bu, bizim böyük sərvətimizdir. Məhz bu dostluq, qardaşlıq duyğuları əsasında biz nəhəng layihələri gerçəkləşdiririk”.
Cənab prezident həmçinin haqlı olaraq belə nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradənin olduğunu da bəyan edib. Təbii ki, bu belədir. Əgər güclü iradə, millilik, həmrəylik olmasa, bu layihə baş tutmazdı. Bu, elə-belə, sıradan bir layihə deyil. Bu, Azərbaycanla Türkiyə arasında işlənən layihələrin ən güclülərindən biridir. Şübhəsiz ki, Azərbaycan-Türkiyə münasibətləri bundan sonra da inkişaf edəcək. Bizim aramızdakı münasibətlər bir tərəfdaşdan və ya strateji əməkdaşlıqdan daha artıqdır. Müttəfiqliyin qardaşlıq, dostluq prinsipləri üzərində qurulması isə hər iki dövlətin təhlükəsizliyi və müdafiəsi baxımından çox vacibdir”.
Konkret olaraq, "Star” neftayırma zavodunun açılışına gəldikdə isə E.Məmmədov deyib ki, bu layihə iqtisadi cəhətdən Azərbaycan üçün yüksək əhəmiyyətlidir, amma siyasi cəhətdən daha əhəmiyyətlidir. "Bu layihənin ərsəyə gəlməsi çox uzun vaxt apardı, bünövrəsini qoymaq üçün çox güclü risk və iradə tələb edirdi.
Bu layihənin həyata keçirilməsi ondan xəbər verir ki, Azərbaycan təkcə Cənubi Qafqaz bölgəsində yox, ümumiyyətlə, dünya çapında, iqtisadi, siyasi sahədə sözünü deməyi bacaran, iradə ortaya qoymağı bacaran və qarşıya qoyduğu məqsədi uğurla həyata keçirib başa vura bilən bir ölkədir. Bu tək Türkiyə və Azərbaycan üçün yox, ümumiyyətlə, geniş bir bölgəni, regionu əhatə edəcək. Biz oradan öz iqtisadi, maddi xeyrimizi götürəcəyik. Və bu dövlətimizin maddi cəhətdən daha da güclənməsinə səbəb olacaq. Ancaq strateji cəhətdən onun əhəmiyyəti maddi gəlirdən daha artıqdır. Bu layihə bir daha sübut elədi ki, ölkə başçısı qarşıya qoyduğu bütün məqsədlərə doğru cəsarətlə, düzgün siyasətlə hərəkət edir və uğurla da istəklərinə nail olur. İnşallah, Onun bu əzmi Azərbaycanı gələcək qələbələrə doğru aparacaq!”
Maliyyə bazarları üzrə ekspert Cəfər İbrahimli isə Türkiyədə açılış mərasimi keçirilən SOCAR-a məxsus "Star” Neft Emalı Zavodunun bir sıra iqtisadi avantajları olduğunu deyib:
"Əvvəla, bu layihənin həyata keçirilməsi üçün strateji təşviq sənədi və sərbəst ticarət bölgəsi statusunun təmin edilməsi çərçivəsində vergi və digər ödənişlərdə ciddi imtiyazlar əldə olunub. Bu, öz növbəsində inzibati xərclərin azalmasına və şirkət rentabelliyinin artmasını təmin edəcək”.
İqtisadçının sözlərinə görə, bu müəssisənin işə düşməsi nəticəsində xam neftin emalı ilə əlavə dəyər zəncirinin yaradılması çərçivəsində əlavə gəlir əldə oluna biləcək: "Azərbaycan neftinə paralel olaraq Rusiya neftinin də burda emal olunması şirkət üçün əlavə gəlirin əldə olunmasını təmin edəcək. Eyni zamanda alınan məhsulların bir hissəsini SOCAR-ın sahib olduğu "Petkim" şirkətinin xammala olan tələbi qarşılayacaq və bu tərəfdaşlıq nəticəsində dayanıqlı istehsalın təmin edilməsi və əlavə gəlir yaradılması təmin ediləcək”.
C.İbrahimli deyib ki, bu gün dünya bazarlarına çıxmaq və bazar payını artırmaq çox vacib məsələdir: "Bu investisiya ilə xam neftin emalı sonrası əldə olunan məhsulların hamısı Türkiyə bazarında satılacaq, böyük bir bazar əldə edilmiş olacaq və satışla bağlı problem olmayacaq. Hətta müəssisənin yerləşdiyi ərazi baxımından dünya bazarına çıxışda ciddi üstünlük təmin edilib. Bununla da Azərbaycan sadəcə xam neft və qaz satan ölkə deyil, həm də ciddi həcmdə neft məhsulları tədarük edən ölkəyə çevriləcək. Nəticə etibarı ilə yaradılan əlavə dəyər zənciri və tərəfdaşlıq çərçivəsində Dövlət Neft Şirkətinin gəlirlərinin artması və ölkəyə əlavə valyuta axınının daxil olmasını təmin edəcək”.
"SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, "Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi "Star” neft emalı zavodu (NEZ) Türkiyədə cari kəsirin azalmasına hər il 1,5 milyard dollarlıq töhfə verəcək”, bu sözləri də iqtisadçı Elçin Bayramlı deyib. Onun sözlərinə görə, zavod "Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək:
"Star” neftayırma zavodu 5 milyon ton dizel yanacağı istehsal etmək imkanına malikdir və Türkiyənin idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş neft qazın (LPG) idxal səviyyəsi də 70 faizə enəcək. Zavod ildə 1,6 milyon ton təyyarə yanacağı istehsal etməklə Türkiyənin tələbatını tam ödəyəcək. "Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq. Növbəti mərhələdə zavoda əlavə 700 milyon dollar yatırım ediləcək.
"Star” neft emalı zavodunda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. NEZ-ə ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton "Azeri Light” markalı neft çatdırılıb. SOCAR-ın ötən ay "Rosneft”lə imzaladığı Kontrakta görə isə bu ilin dekabr ayından etibarən bir il ərzində "Star” NEZ-ə 1 milyon ton Rusiya xam nefti təchiz olunacaq”.
İqtisadçının sözlərinə görə, SOCAR neft emalı zavodunun daha məhsuldar işləməsi üçün Əliağada bir neçə il əvvəl aldığı depolama müəssisəsinə 300 milyon dollarlıq əlavə sərmayə yatıraraq onun tutumunu artırıb:
"Türkiyənin ilk neft-kimya müəssisəsi "Petkim”in xam maddə tələbatının demək olar ki, hamısını təmin edəcək "Star” NEZ yeni iş yerlərinin yaradılmasına da töhfə verəcək. Layihənin həyata keçirilmə müddətində burada 19 min 500 işçi çalışıb. Zavod istehsala başladığı zaman burada 1100 nəfərlik yeni iş yeri yaradılacaq.
"Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək. Zavodda ildə 1,6 milyon ton neft, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen, və 160 min ton kükürd istehsal olunacaq”.
Şəymən