"Su, işıq və təbii qazı talayanların arxasında məmurlar durur" - O məmur da cəza çəkəcək

Əliməmməd Nuriyev: "Xalqın sərvətini talayanlarla nəzarətçi qurumlar sövdələşmələr apararaq məsələni həll edirdilər. Nəticədə borclar yaranır və bunlar vətəndaşlar üzərinə yönəldilməsinə çalışılırdı"


"Son illərdə təbii qaz, su, elektrik şəbəkələrinə qanunsuz qoşulma halları baş verir”.

Bu barədə "Sherg.az”a Azərbaycanda təbii qazın, suyun, elektrik və istilik enerjisinin xüsusilə külli miqdarda talanmasına görə, həbs cəzasının artırılmasına münasibət bildirərkən "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib. 

O bildirib ki, qanunsuz qoşulmalar nəticəsində suyun, elektrik enerjisinin və təbii qazın talan edilməsi baş verirdi:

"Bu zaman xüsusi olaraq, qanunvericilikdə külli miqdarda ziyan vurmağa görə, ciddi cəzalar nəzərdə tutulmamışdı. Bir sıra hallarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər bu şəkildə talama həyata keçirir. Çox zaman bu şəxslərin arxasında məmurlar durur. Onlar nəzarətçi qurumlarla sövdələşmələr apararaq məsələni həll edirdilər. Nəticədə çoxlu borclar yaranır və bunlar vətəndaşlar üzərinə yönəldilməsinə çalışılırdı.

Yeni qanun layihəsinin qəbul olunması ilə təbii qazın, suyun, elektrik enerjisinin talan edilməsinə görə, birbaşa məsuliyyətli şəxslər qanunsuzluqlardan çəkindiriləcək”.

Ə.Nuriyevin sözlərinə görə, gələcəkdə vəzifəli şəxslər də belə hallara yol verərsə, qanunla müəyyən olunan qaydada cəza çəkəcəkdir:

"Çünki bütün bunlar təbii sərvətdir, Azərbaycan xalqına məxsusdur. Bu sərvətlərin talan edilməsi, buna göz yumulması, məsələdə səlahiyyətli olan şəxslər tərəfindən addım atılmaması hallarının qarşısını almaq üçün mütləq sanksiyalar gücləndirilməli idi.

Əvvəl maddədə qeyd olunmuşdu ki, talamanı ilk dəfə törədən şəxs, dəymiş ziyanı ödəməklə məsuliyyətdən azad oluna bilər. İndi isə bu aradan qaldırılır. Beləliklə, sanksiyanın gücləndirilməsi zərurətdən doğan məsələdir”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin təklifi ilə Cinayət Məcəlləsinin 189-1 (Təbii qazın, suyun, elektrik və istilik enerjisinin talanması) maddəsinə bənd əlavə edilir.

Yeni bəndə görə, təbii qazın, suyun, elektrik və istilik enerjisinin xüsusilə külli miqdarda talamaya görə, 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq olunacaq.


Aysel Aslan