Sülh razılaşması müvəqqəti xarakter daşıyır

“Putin separatçıları razılaşmaya təhrik etməklə sanksiyalardan qurtulmaq istəyir”




"Ukrayna hakimiyyəti ilə separatçılar arasında razılaşma əldə olunub”. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib: "Uzun müddət sonra çətin olsa da, gerçək sülhün təmin edilməsi üçün razılaşma əldə olundu. Minsk razılaşmasına uyğun yeni danışıqların zamanı təyin olunacaq. Danışıqlarda yeni konstruktiv addımların atılacağını gözləyirdik”.

Avstraliyada səfərdə olan Ukrayna prezidenti Pyotr Poroşenko verdiyi açıqlamada razılaşmanın əldə olunduğunu təsdiq edib: "Yaxşı xəbərlərimiz var. Bu gün son 7 ay ərzində ilk dəfə belə bir 24 saat keçirdik. Mənim üçün nə qədər əhəmiyyətli olduğuna inanmazsınız. Bir Ukrayna əsgərinin ölmədiyi, ya da yaralanmadığı ilk gecədir. Vətəndaşları itirmədiyimiz və kimsənin yaralanmadığı ilk gündür”.

Anlaşmanın müvəqqəti xarakter daşıdığını söyləyən Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri "Şərq”ə deyib ki, bu, Rusiyanın geosiyasi maraqlarına xidmət göstərir: "Putin separatçıları razılaşmaya təhrik etməklə sanksiyalardan qurtulmaq istəyir. Baxın, anlaşma elan olunsa da, ölkənin şərq əyalətlərində silah səsləri eşidilir. Əsgərlər yaralanır. Dünyasını dəyişən də var. Güllə səsləri hələ də dayanmayıb. Bu, nisbi sakitlikdir”.

Ekspertin qənaətincə, Rusiya problemin həllinə hazır deyil: "Kremlin maraqları var. Krımın işğalını dünyaya həzm etdirməyə çalışır. Ölkənin şərq əyalətlərində öz maraqlarını təmin etmək istəyir. Moskvanın Kiyevlə bağlı maraqları puç edilmədən müharibə təhlükəsinin sona yetəcəyini düşünmək mənasızdır. Bu xəmir çox su aparacaq”.

Politoloq bunu Kremlin siyasi manevri adlandırıb: "Şimal qonşumuz zəiflədilmədən münaqişə çözülməyəcək. Öncə buna çalışmaq lazımdır”.

Ayyət Əhməd