Ukraynada ordu ilə rusiyapərəst separatçılar arasındakı gərginlik yenidən pik həddə çatıb. Bir müddətdir ki, tərəflər arasında qızğın döyüşlər gedir. Silahlı toqquşmalar nəticəsində ölən və yaralananların olduğu bildirilir. Bu səbəbdən ölkə prezidenti Pyotr Poroşenko SOS siqnalı verərək, təcili iclas çağırıb. Toplantıda zərərçəkənlərin sayını açıqlayan ölkə başçısı qeyd edib ki, Mariupoldakı silahlı atışmada 2-si uşaq olmaqla 30 nəfər qətlə yetirilib.
Prezident toplantıda daha 92 nəfərin yaralandığını, onlardan 17-nin vəziyyətinin ağır olduğunu, 30 binanın zərər gördüyünü də söyləyib.
Məlumat üçün bildirək ki, Ukraynanın Donetsk vilayətinin Mariupol şəhəri yanvarın 24-də separatçılar tərəfindən "Qrad” qurğularından atəşə tutulub. Bununla əlaqədar P.Poroşenko yanvarın 25-nin ölkədə matəm elan edilməsi haqqında fərman verib. Matəm səbəbilə dövlət bayraqları endirilib. Həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Ukrayna böhranına dair proseslərin gedişatını şərh edən "Trend” İnformasiya Agentliyinin analitiki, politoloq Arzu Nağıyev "Şərq”ə açıqlamasında vurğulayıb ki, artıq Moskva ilə Kiyev arasında savaş başlayıb: "Münaqişənin tarixinə nəzər salsaq görərik ki, bir il öncə verdiyimiz proqnozlar özünü doğrultmaqdadır. Qarşıdurma başlananda məlum idi ki, şimal qonşumuzun başlıca məqsədi Krasnodar vilayəti ilə Dnestryanı bölgə arasında sahil zolağını ələ keçirmək və bu istiqamətdə hərbi əməliyyatları davam etdirməkdən ibarət idi. Hazırda Mariupol bu planın ən əsas hissələrindən biridir. Donetsk hava limanının dağıdılması, şəhərdə dinc əhalinin məhvi də bu planın tərkib hissəsi idi. Həmin hava limanı yararsız hala gətirilib. Deməli, məqsəd başqadır. Artıq bu, Rusiya və Ukrayna arasında müharibədir”.
Müharibənin sonunun görünmədiyini deyən ekspertin qənaətincə, Dağlıq Qarabağ münaqişəsinin ilk illərində baş verən hadisələrin Ukraynada da şahidi oluruq: "Donetsk ətrafında bufer zonası yaratmaq adı ilə Kreml Ukraynanın içərisinə doğru irəliləyir. Poroşenko sülhə getsə, ikinci meydan hərəkatı ilə üzləşəcək və hətta vəzifəsini belə itirə bilər. Rusiya tərəfi də sülh yolunu seçsə, zəbt etdiyi əraziləri tərk etsə, bu, NATO-nun onun sərhədlərinə qədər yaxınlaşması deməkdir. İndiki halda tərəflər arasında status-kvonun əldə edilməsi qeyri-mümkündür. Qarşıdurma uzun çəkə bilər və ölkə yeni münaqişə ocağına çevrilə bilər”.
Hər bir münaqişədə səbəb və məqsədin olduğunu iddia edən politoloq düşünür ki, burada ABŞ və digər Qərb dövlətlərinin maraqları böyükdür: "Məhz buna görə Rusiyaya qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edilir. Əsas məsələ isə həmişə olduğu kimi dinc əhalinin hər iki tərəfdən tələfatı, iqtisadiyyatın zəifləməsi, siyasi proseslərin məcradan çıxmasıdır. Bundan da hegemonluq arzusunda olan dövlətlər öz maraqları üçün istifadə edir. Məlumdur ki, Qərb Rus imperiyasının məhvinə nail olmaq məqsədilə bu taktikadan istifadə edir”.
Ayyət Əhməd