Sumqayıt məktəblərinin 20 faizi direktorsuz qalıb

"Köhnə qaydalara öyrənən köhnə kollektiv yenilik gətirmək istəyən yeni şəxsi qəbul etmək istəmir"
"Təhsil Nazirliyi müasir tələblərə cavab verən, fəaliyyətini məktəbin, təhsilin inkişafına yönəldə biləcək kadrların tapılmasında əziyyət çəkir"


Sumqayıt məktəblərinin 20 faizi direktorsuz qalıb. Sumqayıtda fəaliyyət göstərən 50 ümumtəhsil müəssisəsindən 30-nun direktorunun olmaması barədə yayılan xəbərlərə Təhsil Nazirliyi aydınlıq gətirib. Nazirlikdən Oxu.az-a verilən xəbərdə deyilib ki, Sumqayıtda 50 ümumtəhsil məktəbi var: "Onlardan 10 məktəbdə hazırda direktor vəzifəsi vakantdır və bu vəzifə müvəqqəti olaraq direktor müavinləri və ya Təhsil Şöbəsinin metodistləri tərəfindən icra edilir. Təhsil Nazirliyinin 18.10.2018-ci il tarixli əmri ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları”na uyğun olaraq, vakant direktor vəzifələri ötən ilin noyabr ayında müsabiqəyə çıxarılıb”.

Təhsil eksperti Kamran Əsədov isə deyib ki, Azərbaycan təhsilində 2014-cü ildən təşkilati məsələlərlə bağlı ciddi şəkildə müsbətə doğru irəliləyişlər baş verib: 

"Konkret olaraq təhsildə rüşvətə son qoyulması kimi məsələ meydana çıxarıldı. Sözsüz ki, söhbət orta ümumtəhsil məktəblərindən gedir. Təəssüf ki, ali məktəblərdə bununla bağlı hər hansı bir addım, irəliləyiş yoxdur. Söhbət ondan gedir ki, orta məktəblərdə müəllimlərin, məktəb direktorlarının əsassız tələbləri müəyyən qədər azalıb. Təbii ki, bu halın tam başa çatması mümkün deyil. 2014-2015-ci tədris ilindən etibarən Təhsil Nazirliyi orta ümumtəhsil məktəblərində işləmək üçün direktorları ilk dəfə olaraq bir neçə mərhələli müsabiqə ilə seçməyə başladı. Əlbəttə, ümumilikdə bu müsabiqənin özünü müsbət adlandırmaq olar. Ancaq seçim üçün 3 aylıq təlim kifayət deyil”.

Bakı üzrə 310 məktəbdən 40-a yaxınının direktorunun müsabiqə yolu ilə seçildiyini qeyd edən K.Əsədovun sözlərinə görə, Azərbaycan üzrə isə 4500 məktəbdən cəmi 240-a yaxınının direktoru bu müsabiqə ilə təyin olunub: 

"4500 rəqəminin yanında bu, aşağı rəqəmdir. Təəssüflər olsun ki, hətta 10, 20, 25, 30 il direktor vəzifəsində çalışan şəxslər var ki, onlar bu müddət ərzində təhsilə yox, yalnız özlərinə xidmət edib, məktəblərdə qeyri-şəffaf mühit yaradıblar. Onların yerinə gələn təzə direktorlar isə bu mühitdə çalışa bilmirlər. Çünki məhz köhnə qaydalara öyrənən köhnə kollektiv yenilik gətirmək istəyən yeni şəxsi qəbul etmək istəmir. Ona görə ki, onlar da direktorla bərabər əməkhaqqından əlavə digər gəlirlər əldə edirdilər.

Təhsil Nazirliyi çalışır ki, təhsil sisteminə yeni direktorlar daxil olsunlar və onlar müsabiqə və müsahibə yolu ilə vəzifə tutsunlar. Müsabiqə yaxşıdır, obyektivdir, şəffaf keçirilir, amma seçilənlərin obyektiv və şəffaf olmaması nəticəsində onlar təhsilə, direktorluğa qazanc məqsədi ilə gəlirlər. Təhsil naziri də birmənalı olaraq, seçim zamanı deyir ki, sizin fəaliyyətinizdə hər hansı bir neqativlik görsəm, işdən azad ediləcəksiniz. Siz 1-2 il işlədiklərini deyirsiniz, ancaq məndə faktlar var ki, yeni təyin edilən bir neçə direktor 6 ay işlədikdən sonra onlarla bağlanan müqaviləyə xitam verilib. Çünki onlar da özlərindən əvvəlkilər kimi pul yığmağa başlayıblar. Yuxarı sinif şagirdlərindən pul alıb onların dərsdən yayınmasına şərait yaradırlar və qiymət yazırlar. Biz heç də deyə bilmərik ki, yeni qayda ilə seçilmiş direktorların hamısı Təhsil Nazirliyinin istədiyi kompetensiyalara cavab verir”. 

Yenə də mənfi halların davam etdiyini vurğulayan təhsil eksperti hesab edir ki, bu ona görədir ki, yalnız Türkiyədə, Azərbaycanda, keçmiş postsovet ölkələrində məktəb direktorları təyinat yolu ilə bu vəzifəni tuturlar: "Avropa ölkələrində isə məktəb direktorları təyinat yolu ilə direktor olmurlar. Məktəblərdə menecerlik, direktorluq institutu olur. Yəni kiminsə direktor olması üçün o yalnız 5-10 illik təcrübəyə malik olmamalıdır, onda idarəçilik bacarığı olmalıdır. Bir çox direktorlar vəzifə adı üçün bu vəzifəyə gedirlər, onlar təhsili idarə edə bilmirlər. İdarəçilik bilik və bacarıqları aşağı səviyyədədir, Əmək Məcəlləsinin tələblərini bilmirlər. Əmək Məcəlləsinin tələblərindən minimum anlayışlarının olmaması onların idarəçiliklə bağlı ciddi nöqsanlara yol verməsinə səbəb olur.

Son illərdə həm paytaxt Bakıda, həm də regionlarda 500-dən çox məktəbin hələ də direktorsuz qalması ona görədir ki, Təhsil Nazirliyi müasir tələblərə cavab verən, fəaliyyətini məktəbin, təhsilin inkişafına yönəldə biləcək kadrların tapılmasında əziyyət çəkməsi ilə bağlıdır”.

Şəymən